Həyat insanlara hər zaman sevinc bəxş etməz. Yaşadığımız bu zamanda insanlarla, xəstəliklərlə və saysam bitməyəcək müxtəlif nüanslarla mübarizə aparmalıyıq. Amma hər insan eyni ola bilməz və fərqlidir. Bəziləri bu mübarizəylə əzmlə vuruşmağına baxmayaraq, bəziləri isə özlərində o gücün olduğuna inanmırlar, geri çəkilirlər.
İndi bütün dünya koronavirus adlı pandemiyayla mübarizədədir. Rəsmi xəbər mənbələrindən əldə etdiyimiz məlumatlara görə xeyli sayda insan bu xəstəlikdən ölüb və ya yoluxub. Bir çoxumuz hər şeyin yaxşı olacağına inanarkən, bəzilərimiz həyatdan küsüb sadəcə yaşamaq xətrinə vaxtımızı dəyərsizləşdiririk.
Bəs bu müddətdə motivasiyamızı necə yüksək tutmalıyıq?
Əvvəlcə yaşadığınız həyatı mənimsəyin. Onun hər anının qiymətini bilin. Əslində bir çox insanın fərqində olmadığı bir şey var: Zaman bizə verilmiş ən dəyərli hədiyyədir. Xoşbəxt olmaq, bədbinliyə qapılmamaq hər kəsin öz əlindədir. İnsanlar bədbinliyə qapılanda “mən nə etsəm olmur, başıma gələn heç bir hadisə mənə sevinc gətirmir” düşüncəsində olurlar. Bu düşüncədəki insanlar təəssüf ki, necə yaşamağı bilmirlər. Belə olan vəziyyətdə maraqlı sual meydana çıxır: -Necə yaşayaq ki, xoşbəxt olaq?
Sizin sevincinizə mane olan nəsnəni tapın.
Yəni bütün gün düşündüyünüz, dərdini çəkdiyiniz nədirsə onu zehininizdən uzaqlaşdırmağa çalışın. Bəli, heç asan deyil. Bu, hamıya məlumdur. Amma çalışmasan, nəticəsini də görə bilməzsən. Xoşbəxt olmayan insanlar həyatda nə məqsəd güddüklərini bilməyən və sabaha gözlərini açmaq üçün hədəfi olmayan insanlardır.
Xoşbəxt olmaq üçün yaşam məqsədi tapın.
Səhər yataqdan duranda beyninizdəki hədəf onu etmək istəyi sizi həyata bağlayacaq. Ən sıravi hədəflərdən başlaya bilərsiniz. Zaman keçdikcə o məqsədlərin böyüdüyünün siz belə fərqində olmayacaqsız.
Üçüncü addım isə əlinizdə olan hər şeyin qədrini bilin. Gileylənmək, özündə olanı bəyənməyib başqasında olanı gözündə böyütmək insanları həmişə bədbin edir. Unutmayın artıq tamah baş yarar. Əvvəlcə, hər kəs əlində olanı yüksək qiymətləndirməyi bacarmalıdır.
Ən böyük bədbəxtlik özünü xoşbəxt etməyi bacarmayanlardır. Bu insanlar hər zaman kiminsə sevgisinə, qayğısına ehtiyac duyurlar və tək qaldıqlarları zaman depressiv olurlar. Halbuki insanlara ən böyük sevinci məhz özləri yaşadır. Hər kəsin sevgisi gerçək olmur. Yalan sevgi sözlərinə inanıb xoşbəxt olmaqdansa, yalnız qalıb özünü müəyyən müddətlik bədbin hiss etmək yaxşıdır. Həmin insanlar təkbaşına film izləməkdən, kitab oxumaqdan, gəzməkdən zövq almağı sınamalıdır.
Əsas faktorlardan biri qorxularınızla üzləşin.
Onlardan qaçmaq yerinə mübarizə aparmağa çalışın və siz həmin qorxuya qalib gəldikdə “mən bacardım” deyib fəxr və sevinc hiss edəcəksiniz.
Öz şəxsi fikriniz olsun və sonuna qədər heç kim sizi dəstəkləməsə belə siz fikrinizin arxasında durun
Ətrafımızda paxıl, yalançı, qeybətcil və s. hər xüsusiyyətə malik insanlar var və biz bizə deyilən hər sözə əhəmiyyət verməməyi, önəmsəməyi bacarmalıyq. Əlbəətə, bəziləri bizim xeyrimizə deyilir. Onları dinləmək və əməl etmək vacibdir.
Sonda yaşadığınız həyatı sevin və dəyərləndirin. Bir dəfə yaşamaq şansımız olduğunu unutmayaq. Nə olsa belə həyata küsməyin. Hər zaman yenidən başlamağı bacarın.
Mənbə: azedu.az