Balaca qız evlərinin qarşısındakı çiçək dolu bağçaya girdi. Ürəyi sevincdən az qala yerindən çıxacaqdı. Bir anlıqöz-özünə: «Bir dəstə çiçək yığıb anama aparsam, kim bilir nə qədər sevinəcək? Hələ üstəlik, „Qızım məni nə qədər çox sevir“ deyib yanaqlarımdan öpəcək», — deyə düşündü. Elə bunları düşünə-düşünə çiçəkləri yığmağa başladı. Sonra da bu çiçəklərdən gözəl bir dəstə bağladı. Anası daha çox sevinsin deyə, mətbəxdən bir güldan götürdü. Sonra da çiçək dəstəsini bu güldana qoydu. Ancaq mətbəxdən yeni çıxmışdı ki, birdən ayağı sürüşdü və güldan əlindən yerə düşdü. İndi həm güldan sınmış, həm də çiçəklər dağılmışdı. Bu vaxt səsə yan otaqdan anası gəldi. Və yerdəki şüşə qırıqlarını görüb özündən çıxdı. Sonra da «niyəsini» soruşmamış qızını döyməyə başladı. Balaca qız qorxudan nə edəcəyini bilmir və ancaq: «Anacan, nə olar, məni vurma!» — deyə yalvarırdı. Ancaq anası o yalvardıqca qışqırır, qışqırdıqca da vururdu. O gündən o qızın bir daha anasına çiçək hədiyyə etdiyini görən olmadı.
Ailəm jurnalı