«Hakimiyyətin 48 qanunu» Robert Qrinin əsas işi sayılır. Bu kitabla idarəetməni, dolaşıq yollar seçməyi, insanları tanımağı öyrənə bilərsiniz. Tarixi misal gətirərək yazılan bu 48 qanunda ehtiyatlı, lazımlı olmağı, axtarılan insan olmağı öyrənəcəksiniz. Robert Qrinin «Hakimiyyətin 48 qanunu»ndan birincisi belədir:
Kölgən heç vaxt hökmdarın üstünə düşməsin
Qanun belə ifadə olunur:
Həmişə buna nail olun ki, rəhbər olanlar yuxarıda özlərini rahat hiss etsinlər. Öz istedadlarınızı nümayiş etdirməklə onlara yarınmaq və ya onlarda özünüz haqqında təəssürat yaratmaq səylərinizdə həddən artıq uzağa getməyin — əks təqdirdə özünüzlə bağlı onlara qorxu və tərəddüd aşılamaqla, bunun əksinə nail olmaqla risk etmiş olarsınız. Öz rəislərinizi, onlar əslində olduqlarından da parlaq görünməyə məcbur edin və hakimiyyətin zirvələrinə çatacaqsınız.
Hakimiyyətin açarı
Hər kəsin öz kompleksləri var. Dünyaya çıxanda və öz istedadlarınızı təqdim edəndə, siz paxıllıq, qəbul edilməmək və özünəinamsızlığın digər təzahürləri ilə üzləşirsiniz. Buna hazır olmaq lazımdır. Siz başqalarının hisslərinə aman verməyə çalışa-çalışa yaşaya bilməyəcəksiniz. Lakin özünüzdən yüksəkdə olanlara münasibətdə isə başqa yanaşma istifadə edilməlidir: söhbət hakimiyyətdən gedəndə, mövqeyinə görə sizdən yüksəkdə duranın üstünə öz kölgənizi salmaq — bu, qalan bütün səhvlərin arasında ola bilsin ki, ən kobududur.
XIV Lüdovikin və ya Mediçinin dövründən həyatın guya bərk dəyişdiyini fikirləşib özünüzü aldatmayın. Yuxarı pillələrdə dayananlar — əvvəlki tək krallar və kraliçalardır: onlar öz yerlərində özlərini rahat hiss eləmək və ağılları və məlahətləri ilə başqalarından üstün olmaq istəyirlər. Çox kobud, lakin adi yalnışlıq — öz istedadlarınız və bacarıqlarınızı nümayiş etdirmək və üzə vurmaqla rəislərinizin xoş münasibətini qazanacağınızı hesab etməkdir. O təşəkkür edə bilər, ancaq ilk əlverişli imkan əlinə düşən kimi, sizi, sizin qədər ağıllı, sizin qədər parlaq, sizin qədər cəlbedici olmayan bir başqası ilə əvəz edəcək.
Bu qanuna iki qayda daxildir ki, onları yadda saxlamaq lazımdır.
Birinci: sizdən yüksəkdə duranın üzərinə qeyri-şüuri surətdə, sadəcə, öz özünüz qalmaqla kölgə salmaq olar. Başqaları ilə müqayisədə, yüksək mövqe tutanlar arasında özünə əmin olmayanlar, dəhşətli dərəcədə əmin olmayanlar çoxdur. Siz öz məlahətiniz və cəlbediciliyiniz, təbiətinizin səciyyəvi cəhətləri ilə onların üzərinə kölgə sala bilərsiniz.
İkinci: heç vaxt ağlınıza gəlməsin ki, əgər rəis sizi sevirsə, deməli, istədiyiniz hər şeyi etməkdə sərbəstsiniz. Özlərinin sığallı mövqelərini hökmdarı kölgədə qoymağa icazə kimi qəbul etdikləri üçün hökmdarın lütfündən məhrum edilən favoritlər haqqında çox sayda kitab yazmaq olar.
Hökmdarın üzərinə kölgəni salmağın nə qədər təhlükəli olduğunu bilərək, siz bu qanunu öz xeyrinizə çevirə bilərsiniz. Hər şeydən əvvəl rəisinizin qılığına girmək və onun özünəvurğunluğunu üfürüb şişirtmək lazımdır. Açıq qılığa girmək effektiv ola bilər, lakin onun hədləri var; bu, həddən artıq birbaşa və aşkar yoldur və tabeçilikdə olan digər adamların gözündə pis görünür. Əgər, məsələn, siz özünüzdən yüksəkdə olandan ağıllısınızsa, bunun əksinin görüntüsünü yaratmağa çalışın. Ona imkan verin ki, özünü sizdən ağıllı göstərə bilsin. Sadəlövhlük təsvir edin. Büruzə verin ki, onun təcrübəsinə ehtiyacınız var. Ağır nəticələrə gətirməyəcək və sonradan sizə ziyan vurmayacaq, lakin kömək üçün ona müraciət etməyinizə imkan yaradacaq səhvlərə yol verin. Hökmdarların bu cür xahişlər üçün ürəkləri gedir. Öz təcrübəsinin ləl-cəvahirini sizin üzərinizə yağdırmaq imkanından məhrum olan rəis, bunun əvəzində kinini və incikliklərini yönəldə bilər.
Əgər siz rəhbərlərinizdən daha yaradıcı düşünürsünüzsə, öz ideyalarınızı onların adına çıxarın, özü də bunu bacardıqca ictimailəşdirin. Aydın göstərin ki, sizin məsləhətləriniz — vur-tut onun məsləhətlərinin əks sədasıdır. Əgər siz təbiətən onunla müqayisədə, daha ünsiyyətcil və genişqəlblisinizsə, çox ciddi göz qoyun ki, rəisinizin parıltısını başqalarının gözündə örtən buluda çevrilməyəsiniz. Sizin bilavasitə rəhbəriniz, sanki, günəş kimi çıxmalı, qüvvə və əzəmət şüalandırmalı, diqqət mərkəzində olmalıdır.
Bütün bu hallarda öz gücünüzü gizlətmək heç də zəiflik göstərmək deyil, axı nəticədə bu, hakimiyyətə aparır. Başqalarına sizi kölgədə qoymaq imkanı verməklə, onların özünəinamsızlıqlarının qurbanı olmaq əvəzinə situasiyanı əlinizdə saxlamağa davam edirsiniz. Daha yüksək pilləyə qalxmaq vaxtınız çatan gün bunların hamısı işə yarayacaq. Əgər siz hökmdara başqalarının gözündə parlamağa kömək edərsinizsə, siz onun üçün — həqiqətən də tanrı baxşişisiniz və sizi dərhal yüksəltmək lazım gələcək.
Obraz: Göydə ulduzlar. Göydə yalnız bir Günəş ola bilər. Günəşin işığının qabağını heç vaxt tutma və işıq mənbəyinin parıltısı ilə rəqabət aparma; solğunlaşmaq, göy qübbəsini tərk etmək və özündən yüksəkdə duranın şüalarını daha gur etməyin üsullarını tapmaq daha yaxşıdır.
Nüfuzlu rəy: "Çalış ki, cənabının qarşısını öz kölgənlə tutmayasan. İstənilən şəkildə üstünlük nifrətəlayiqdir, lakin vassalın öz knyazı üzərində üstünlüyü sadəcə olacaq axmaqlıq deyil, bu — ölümcüldür. Bu göydəki ulduzların bizə verdiyi dərsdir — onlar, ola bilsin, Günəş kimidirlər və elə onun kimi də parlayırlar, lakin heç vaxt onunla birlikdə ortaya çıxmırlar" / Baltazar Qrasian (1601-1658)
etatist.com