Asiya, Afrika və Latın Amerikasının əhalisi

Asiya, Afrika və Latın Amerikasının əhalisi

Asiya, Afrika və Latın Amerikası dünyada əhalinin çox olması ilə fərqlənən regionlardır. Bu regionlarda doğumun yüksək olmasına bir çox amillər təsir edir:
– milli adәt-әnәnәlәr: erkən nikahlar, çoxuşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlük verilməsi;
– dinin tәsiri: ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan edilməsi;
– gender problemi: qadınların əksəriyyətinin evdar qadın olması, cəmiyyətin həyatında fəal iştirak etməməsi, təhsil hüquqlarının pozulması və s.
– ailәnin iqtisadi tәlәbatı: aqrar iqtisadiyyat şəraitində uşaqların əlavə işçi qüvvəsi olması, yaşlı valideynlərin övladlarının himayəsində yaşaması. dünya әhalisinin sayında Avropanın payı
Asiya, Afrika və Latın Amerikasında əhalinin sayının çox olması təkcə doğumun yüksək olması ilə deyil, eləcə də ölümün nisbətən aşağı göstəricisi ilə əlaqədardır. Səhiyyənin inkişafı, əhali arasında kütləvi peyvəndlərin aparılması, ana və körpələrə keyfiyyətli tibbi xidmətin göstərilməsi əhali arasında ölümün sayını azaldır. Lakin bu regionlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır.
Müasir Afrika dünyada doğumun ən yüksək olduğu region olub “demoqrafik partlayış”la səciyyələnir. Afrika ölkələrinin əksəriyyətində təbii artım 25–35 nəfərdir. Təbii artıma görə Uqanda (35 nəfər) və Burundi (32 nəfər) dünyada ilk yerləri tutur. Şimali Afrika regionuna daxil olan ölkələrdə son zamanlar doğum göstəricilərinin azalması müşahidə edilir.
Demoqrafik partlayış bir çox iqtisadi, sosial və ekoloji problemlərin yaranmasına səbəb olur. Bunlardan ən başlıcası ərzaq problemidir. Əhalinin 2/3 hissəsi kənd təsərrüfatında çalışsa da, illik təbii artım istehsal olunan ərzaq məhsullarının illik həcmindən yüksəkdir.
Əhalinin sürətlə artması təhsil və səhiyyədə müxtəlif problemlərin yaranmasına səbəb olur: müəllim və tibb işçilərinin, məktəb və tibb ocaqlarının, müvafiq texniki təchizatın çatışmazlığı və s.
Afrika ekoloji böhrana – quraqlıq, səhralaşma, torpaqların məhsuldarlığının azalması və şirin su çatışmazlığına məruz qalmış bir regiondur. Əhalinin sürətlə artması bu problemlərin daha da kəskinləşməsi ilə nəticələnir.
Asiyanın da əhalisi sürətlə artmaqdadır. Lakin Asiyanın müxtəlif regionlarında demoqrafik vəziyyət fərqlidir.
Çin, Yaponiya və Cənubi Koreya əhali təzələnməsinin birinci tipinə keçməyə nail olmuşlar. Bu proses həmin ölkələrdə aparılan demoqrafik siyasətin nəticəsidir, xüsusilə Yaponiyada ciddi demoqrafik islahatlar aparılmışdır. Bu ölkə dünyada uşaq ölümünün ən aşağı səviyyəsinə çatmışdır.
Cənubi və Mərkəzi Asiyanın əhalisi isə sürətlə artır. Bu regionlarda doğumun azalmasına doğru aparılan demoqrafik siyasət milli və dini adət-ənənələrə görə istənilən nəticəni vermədi. Cənub-Qərbi Asiyanın iqtisadi göstəriciləri yüksək olan ölkələrində – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyndə isə, ümumiyyətlə, doğumun məhdudlaşdırılması qadağandır. Bu ölkələrdə əhalinin artımı yüksək olsa da, hökumət təbii artımı yüksəltmək üçün müxtəlif istiqamətli tədbirlər (doğulan uşaqlara müavinət verilir, çoxuşaqlı ailələrə güzəştlər edilir və s.) görür.
Latın Amerikasında da әhali sürәtlә artır. ХХI əsrin başlanğıcında Latın Amerikasının əhalisi 520 mln. nəfər olmuşdur. Braziliya və Meksikanın əhalisi isə artıq 100 mln. nəfəri keçmişdir. Ən yüksək təbii artım regionun ən az inkişaf etmiş ölkələri olan Qvatemala, Beliz, Honduras, Salvador və Paraqvayda müşahidə edilir.
Asiya, Afrika və Latın Amerikası ölkələrində əmək emiqrasiyası müşahidə olunur. Bu regionlardan iqtisadi cəhətdən fəal əhali inkişaf etmiş ölkələrə – Qərbi Avropa və ABŞ-a miqrasiya edirlər. İstisna olaraq Asiyada varlı ərəb ölkələri əmək immiqrasiya mərkəzlərinə çevrilmişdir. BƏƏ və Küveytdə işləyən əhalinin 80–90%-i mühacirlərdir.


Müəllif: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova
Mənbə: Coğrafiya 9 Ümumtəhsil məktəblərinin Coğrafiya fənni üzrə Dərslik
Top