Dünyanın kənd təsərrüfatı

Dünyanın kənd təsərrüfatı

Kənd təsərrüfatı maddi istehsalın ən qədim və geniş yayılmış sahəsidir. Dünyanın bütün ölkələrində kənd təsərrüfatı az və ya çox dərəcədə inkişaf etmişdir. Kənd təsərrüfatının 2 əsas tipi — əmtəəlik və istehlak tipləri ayrılır. Əmtəəlik kənd təsərrüfatına intensiv, yəni yüksək məhsuldarlığa malik əkinçilik, yem bazasına əsaslanan intensiv heyvandarlıq aiddir. İstehlak tipli təsərrüfata isə aşağı məhsuldarlığa malik ekstensiv əkinçilik və otlaq heyvandarlığı daxildir. İnkişaf etmiş ölkələr üçün kənd təsərrüfatının yüksək əmtəəlik tipi səciyyəvidir. kənd təsərrüfatıBurada kənd təsərrüfatında xüsusi aqrobiznes forması inkişaf etmişdir. Aqrobiznes kənd təsərrüfatı məhsulunun istehsalı ilə yanaşı, onun emalı, anbarlarda saxlanması, daşınması və satışı, həmçinin bu sahə üçün maşın və gübrələrin istehsalını həyata keçirən sənaye xarakterli iri özəl təsərrüfatdır. İnkişaf etməkdə olan ölkələrdə həm əmtəə, həm də istehlak tipli kənd təsərrüfatı mövcuddur. Bu ölkələrdəki əmtəə təsərrüfatlarına məhsuldar torpaqlarda yerləşən və maşınların tətbiq edildiyi yaxşı təşkil olunmuş plantasiya təsərrüfatı aiddir. Bu təsərrüfatların məhsulu ixrac olunur. Amma inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında əsas yeri istehlak tipli — xışlı və kotanlı əkinçilik tutur.Elmi-texniki inqilab digər sahələr kimi kənd təsərrüfatına da güclü təsir etmiş və bu sahədə “yaşıl inqilab”ın baş verməsinə səbəb olmuşdur. “Yaşıl inqilab” ETİ-nin təzahürlərindən biri olub kənd təsərrüfatının müasir aqrotexnika vasitəsilə yenilənməsi, yüksək məhsuldarlığa malik yeni bitki sortlarının, gübrələrin və s. kimyəvi maddələrin tətbiqidir. Əslində, ETİ-yə qədər bu yeniliklər artıq inkişaf etmiş ölkələrdə baş vermişdi. ETİ-dən sonra “yaşıl inqilab” Latın Amerikasının bir çox ölkələrində, Cənubi, Şərqi və Cənub-Şərqi Asiyada həyata keçirildi. Lakin bu yeniliklər yalnız plantasiya təsərrüfatlarında aparıldı, istehlak təsərrüfatları isə yenə də sadə alətlərin tətbiq edildiyi geridə qalmış təsərrüfatlar olaraq qalır.Kənd təsərrüfatının əsas sahələri bitkiçilik və heyvandarlıqdır. Bitkiçiliyin yarıdan çoxu taxılçılığın payına düşür. Taxıl əkinlərinin (buğda, çəltik, qarğıdalı) yerləşməsi insanların sıx məskunlaşdığı ərazilərlə üst-üstə düşür. Buğdanın əsas ixracatçıları ABŞ, Kanada, Avstraliya, Argentina, Fransa və Rusiyadır.
Çəltik dünya əhalisinin yarısı üçün əsas qida sayılır. Çəltik istilik və rütubət sevən, həm də əməktutumlu bitkidir, əsasən, Asiyanın musson zonalarında becərilir. İldə iki dəfə məhsul verir və bu səbəbdən istehsal həcmi buğdanın istehsal həcminə yaxındır. Becərildiyi ölkələrdə daha çox istehlak edildiyi üçün dünya bazarına çəltiyin az hissəsi çıxarılır. Əsas ixracatçıları Çənub-Şərqi Asiya ölkələridir.
Qarğıdalı, əsasən, onun vətəni olan Amerika qitəsində becərilir. Dünya bazarına ən çox buğda və qarğıdalı çıxarılır. Ərzaq taxılı kasıb ölkələr, yem üçün taxıl isə inkişaf etmiş ölkələr tərəfindən idxal olunur.
Dənli bitkilərdən başqa, şəkərli, lifli, yağlı və digər bitkilərin əkinləri də xeyli sahə tutur. Şəkər qamışı istehsal olunan şəkərin 60%-ni verir və subekvatorial, rütubətli tropik və musson zonalarında becərilir. Şəkər çuğunduru isə mülayim qurşağın ölkələrində istehsal edilir. Üzüm və zeytun istehsalına görə Aralıq dənizi ölkələri fərqlənir. Heyvandarlıq da taxılçılıq kimi hər yerdə inkişaf etmişdir. Bunun səbəbi otlaq və çəmənliklərin sahəsinin əkin sahələrindən çox olmasıdır. Heyvandarlığın əsas sahələri maldarlıq, qoyunçuluq və donuzçuluqdur.

Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
Top