Elmi-texniki tərəqqi bəşəriyyət qarşısında həlli çətin olan problemlər yaratmışdır. Onların içərisində əsas yeri insan və ətraf mühit arasında münasibətlər tutur. XX əsrdə əhalinin 4 dəfə, istehsalın həcminin isə 18 dəfə artması Yerin təbiətində ciddi problemlər yaratmışdır. Ətraf mühitə antropogen təsir dünyanın bütün ölkələrini əhatə etdiyi üçün bu, qlobal ekoloji problem adlandırılmağa başlanmışdır.
Qlobal ekoloji problemlərin, yəni ətraf mühitin çirklənməsinin səbəbi istehsal və istehlak zamanı yaranan tullantıların təbiətə qaytarılmasıdır. Hazırda bu tullantıların miqdarı ildə 300 mlrd. tonu keçmişdir.
Su hövzələri sənaye, kənd təsərrüfatı və məişət sularının daxil olması nəticəsində çirklənir. Hər il su hövzələrinə planetimizin su həcminin 20%-i qədər çirkli sular axıdılır. Bu sularda olan çirkləndiricilərin təsirini azaltmaq üçün onlara öz həcmindən 10 dəfə artıq təmiz su qarışdırılmalıdır. Bu mümkün olmadığı üçün Yerdə içməli su problemi getdikcə kəskinləşir. Nəticədə bəzi çay və göllərin çirklənməsi fəlakət həddinə çatmışdır. Sitarum (İndoneziya), Yamuna (Hindistan), Qanq, Yansızı, Nil çayları dünyanın ən çirkli çaylarına çevrilmişdir.
Dünya okeanı da sürətlə çirklənməkdədir. Aralıq, Şimal, Azov, Qara və s. dənizlər, Meksika, İran, Biskay körfəzləri Dünya okeanının ən çirkli su hövzələri sırasına daxildir. Okeanın mərkəzi hissələrində, dərin çökəkliklərində radioaktiv maddələrin (AES-lərin tullantıları, nüvə silahlarının sınaqları nəticəsində yaranan tullantılar) miqdarı getdikcə artır. Okeanın çirklənməsində neft və neft məhsullarının payı daha çoxdur. İldə 3 milyondan 10 milyon tona qədər neft okeana axıdılır. Tankerlərin qəzası zamanı okeana qısa vaxt ərzində min tonlarla neft axır.
Hazırda dünyanın bütün regionlarında ekoloji problemlər kəskin xarakter almışdır. Alimlər ekoloji vəziyyətin ən ağır olduğu 3 mərkəz müəyyən etmişlər:
1.Avropanın mərkəzi rayonları.
2.Asiyanın şərq, cənub və cənub-şərq hissələri.
3.Şimali Amerikanın mərkəzi.
Bu ərazilərdə təbii ekoloji sistemlərin yalnız 5-10%-i qalmışdır.
Təbii mühitin insan sağlamlığına təsirini və xəstəliklərin Yer kürəsində yayılmasını coğrafiyanın və səhiyyənin qolu olan tibbi coğrafiya elmi öyrənir. Tibbi coğrafiyanın əsas məqsədi təbii şəraitin yaxşılaşdırılmasına və bununla da insanların sağlamlıq səviyyəsinin yüksəlməsinə nail olmaqdır. Hazırda dünyada ekoloji problemlərin təsirindən ürək-damar, bədxassəli şişlər, QİÇS, quş qripi, donuz qripi və bir sıra xəstəliklər yayılmışdır.
Ekoloji problemlərin həllinin 3 əsas yolu müəyyən olunmuşdur.
- Birinci yol müxtəlif təmizləyici qurğuların istehsalı, alternativ enerji mənbələrinə keçid, zibilin emalı və ləğv edilməsi, torpaqların rekultivasiyası və s. tədbirlərdən ibarətdir.
- İkinci yol az tullantılı və tullantısız texnologiyalara keçidi nəzərdə tutur. Bu həll yolu böyük miqdarda vəsait tələb etsə də, ən səmərəli hesab olunur.
- Üçüncü yol çirkli təsərrüfat sahələrinin daha optimal yerləşdirilməsini nəzərdə tutur. Belə sahələrə kimya və neft-kimya, metallurgiya, sellüloz-kağız sənayesi, istilik energetikası, tikinti materialları istehsalı aiddir.
Dünya ölkələrində ekoloji problemləri həll etmək məqsədilə ekoloji siyasət həyata keçirilir. Təbiətin qorunması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılmışdır; onlara YUNEP (BMT-nin tərkibində), “Qrinpis” (müstəqil təşkilat) və s. daxildir.
Ərazilərin ekoloji vəziyyətini müəyyənləşdirmək üçün ekoloji monitorinq və ekspertizalar aparılır. Dövlətlər təbiətin qorunması üçün uyğun normalar müəyyən edir, mühitin vəziyyətinin dəyişmə dərəcəsini yoxlayır. Bu yoxlamaların nəticələrinin mövcud normalara uyğunluğunun kompleks şəkildə öyrənilməsi ekoloji audit adlanır. Ekoloji sistemlərin müəyyən ərazi daxilində tarazlıq vəziyyətində olmasına ekoloji norma deyilir.
Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK