Dünyada emaledici sənayenin coğrafiyası

Dünyada emaledici sənayenin coğrafiyası

ETİ dövründə emaledici sənayenin sahəvi və ərazi quruluşunda əsaslı dəyişikliklər baş vermişdir. Xüsusilə maşınqayırma, elektroenergetika və kimya sənayesi sahələri daha sürətlə inkişaf etməyə başlamışdır. Bu sahələrin artım sürəti digər sahələrdən yüksək olduğu üçün onları “avanqard üçlük” adlandırırlar. Elmi-texnki tərəqqinin sürəti bu sahələrin inkişafı ilə sıx bağlıdır.
ETİ müxtəlif sənaye sahələrinin coğrafiyasına da təsir göstərmişdir. Elektroenergetika sənayesində istehsalın yarıdan çoxu inkişaf etmiş ölkələrin payına düşür. Elektrik enerjisinin 63%-ni İES-lər (ABŞ, Çin, Yaponiya, Rusiya, Hindistan, AFR), 20%-ə qədərini SES-lər (Kanada, ABŞ, Braziliya, Rusiya, Çin), 17%-ə qədərini AES- lər (ABŞ, Fransa, Yaponiya, Rusiya, AFR) istehsal edir. 1986-cı ildə Çernobil və 2011-ci ildə Fukusima AES-lərində baş verən qəzadan sonra Yaponiya, Almaniya və s. ölkələr atom-elektrik stansiyalarını mərhələlər üzrə bağlamağı qərara almışdır. Enerjinin qalan hissəsi tükənməyən qeyri-ənənəvi (alternativ) mənbələrdən alınır. Bu mənbələrə külək, günəş, geotermal, qabarma, okean cərəyanlarının enerjisi daxildir və onlardan istifadə getdikcə artır.
Qara metallurgiya 1970-ci illərə qədər sürətlə inkişaf etmiş, sonra ETİ-nin təsiri nəticəsində sənayedə metala tələbatın azalması ilə əlaqədar artım sürəti aşağı düşmüşdür. Hazırda polad əridilməsinin mərkəzi inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə, xüsusilə Çinə keçmişdir. Bu, onların sənayeləşməsi və həm də ekoloji təcavüz siyasəti ilə bağlıdır. Ekoloji təcavüz siyasəti inkişaf etmiş ölkələrin çirkli sənaye sahələrinə aid olan müəssisələrini inkişaf etməkdə olan ölkələrin ərazisinə köçürməsi siyasətidir.
Əgər əvvəllər metallurgiya müəssisələri xammal rayonlarında yerləşirdisə, hazırda bu müəssisələr kömürün və filizin daşındığı rayonlarda — dəniz limanlarında yerləşdirilir. Son zamanlar belə müəssisələr çox vaxt metal qırıntısı işlədən mini-zavodlar şəklində istehlakçılara yaxın ərazilərdə də tikilir.
Əlvan metallurgiya, əsasən, hasilat rayonlarında yerləşir. Alüminium əridilməsi istisna olmaqla digər əlvan metallar Latın Amerikası, Asiya və Afrika ölkələrində emal edilir.
Maşınqayırma sənayesi orada çalışanların sayı (100 mln. nəfərdən çox) və məhsulun dəyərinə görə sənaye sahələri arasında birincidir. Bu sahənin mərkəzləri həmişə Şimali Amerika (ABŞ), Qərbi Avropa (AFR) və Şərqi Asiya (Yaponiya) olmuşdur.
Lakin son vaxtlar Çin, Hindistan, Braziliya, Meksika, Argentina kimi yeni sənayeləşmiş ölkələrin də bu sahədə rolu artmışdır.
XX əsrin 70-ci illərində baş verən enerji böhranı (dünya bazarında neftin qiymətinin kəskin artması) kimya sənayesinin sürətli inkişafına səbəb olmuşdur. Bu sənaye sahəsinin inkişafına onun məhsullarının ucuz başa gəlməsi, xammal bazasının geniş olması və süni xammala tələbatın artması da ciddi təsir göstərmişdir. Kimya sənayesinin mərkəzi neft və qazla zəngin olan region və ölkələrə keçdi. Xüsusilə polimer və üzvi sintez məhsulları (neft-kimya) İran körfəzi ölkələrində, Şimali Afrika, Meksika və Venesuela, həmçinin Çin və Hindistanda, elmtutumlu kimya məhsulları istehsalı isə ABŞ, Qərbi Avropa və Yaponiyada inkişaf etmişdir.
Meşə sənayesinin yerləşməsi meşə ehtiyatlarının yerləşməsi ilə üst-üstə düşür. Şimal meşə qurşağında iynəyarpaqlı ağaclardan, əsasən, kağız istehsal edilir, cənub meşə qurşağında isə enliyarpaqlı ağaclar tədarük olunur və mebel istehsalı üçün şimal ölkələrinə ixrac edilir.
Yüngül sənayenin coğrafiyası, əsasən, toxuculuq sənayesinin yerləşməsi ilə müəyyən edilir. Pambıq və ipək parça istehsalı təbii şəraitlə bağlı olaraq, əsasən, Çin, Hindistan, Mərkəzi Asiya, Yaponiya və Türkiyədə, yun və kətan parça istehsalı isə inkişaf etmiş ölkələrdə cəmlənmişdir. Ucuz xammal və işçi qüvvəsinin çoxluğu ilə əlaqədar toxuculuq sənayesi də inkişaf etməkdə olan ölkələrə meyil edir.


Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
Top