Coğrafi mövqe ölkənin digər ölkə və coğrafi obyektlərə nəzərən mövqeyidir. Hər bir ölkə bir neçə ölkə ilə quru və ya su sərhədlərinə malik olur və bu sərhədlər müxtəlif təbii obyektlərdən keçir. Həmsərhəd ölkələrin çox olması ölkənin iqtisadi inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Bu, geniş sosial- iqtisadi əlaqələrin qurulmasına imkan verir.
Ölkənin mövqeyi fiziki, iqtisadi və siyasi baxımdan qiymətləndirilir.
Fiziki-coğrafi mövqe - ölkənin materik və okeanlara, dağ və düzənliklərə, digər təbii obyektlərə nəzərən mövqeyidir.
İqtisadi-coğrafi mövqe (İCM) — ölkənin coğrafi mövqeyi ilə bağlı olan, onun iqtisadi inkişafına təsir edən təbii və iqtisadi amillərin məcmusudur. Əgər ölkənin dənizə çıxışı varsa, böyük nəqliyyat magistrallarına və mühüm faydalı qazıntı yataqlarına yaxındırsa, onunla qonşu olan ölkələrin inkişaf səviyyəsi yüksəkdirsə, bu həmin ölkənin iqtisadi inkişafına təkan verir.
Siyasi-coğrafi mövqe — ölkənin dövlətlərarası siyasi münasibətlər sistemindəki mövqeyidir. Bu, ilk növbədə, ölkənin regiondakı mövqeyidir, hərbi və siyasi təşkilatlara, siyasi münaqişə ocaqlarına nəzərən dəyərləndirilir. Qlobal miqyasda siyasi-coğrafi mövqe geosiyasi mövqe adlanır.
Əsas amillər-iqtisadi gücü (ÜDM-in həcmi),hərbi gücü (hərbi büdcə, nüvə potensialı, hərbi qüvvənin sayı),təbii resursların həcmi
Digər amillər-siyasi təsir dairəsi,ölkədaxili sabitlik (münaqişələr, problemlərin mövcudluğu),vətəndaşların sağlamlığı
Ölkənin fiziki-coğrafi, iqtisadi-coğrafi və geosiyasi mövqeləri bir-biri ilə sıx bağlıdır və biri digərinə təsir edir.
Hər bir dövlətin quru və su əraziləri, hava məkanı dövlət ərazisi adlanır. Dövlətin su sərhədləri onun sahillərindən 12 dəniz mili (1 dəniz mili = 1850 m) məsafəsi qəbul olunur. Bu hissəyə məhəlli sular deyilir. Sahildən 200 milədək məsafədə yerləşən su akvatoriyası iqtisadi zona adlanır. İqtisadi zona bütün dövlətlər tərəfindən nəqliyyat — kommunikasiya məqsədləri üçün istifadə oluna bilər. Burada yerləşən təbii ehtiyatlar isə yalnız sahilyanı dövlətin ixtiyarında olur. 200 mildən kənarda yerləşən okean və dəniz suları neytral sular sayılır və bütün dövlətlərə açıqdır.
Ölkənin mövqeyi 3 səviyyədə və ya miqyasda qiymətləndirilə bilər: mikro, mezo və makro mövqe. Mikro mövqe — ölkənin qonşu ölkələrə nəzərən, mezo mövqe — regionda, makro mövqe isə bütün dünyadakı iqtisadi və siyasi mərkəzlərə nəzərən mövqeyidir.
Ölkələrin geosiyasi mövqeyini, qlobal miqyasda dövlətlərarası əlaqələri siyasi coğrafiyanın qolu olan geosiyasət elmi öyrənir. Geosiyasətin əsas istiqamətlərindən biri coğrafi determinizm nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, ictimai inkişaf cəmiyyət qanunlarının nəticəsində deyil, təbii-coğrafi amillərin təsiri ilə baş verir. Determinizm nəzəriyyəsinə görə, dövlətin idarəetmə forması, ölkənin iqtisadi inkişaf səviyyəsi, hətta insanların fiziki və psixoloji xüsusiyyətləri də birbaşa təbii amillərdən asılıdır.
Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK