Dünyada hasilat sənayesinin coğrafiyası

Dünyada hasilat sənayesinin coğrafiyası

Elmi-texniki inqilab təsərrüfatın hər bir sahəsinin yerləşməsinə və sahəvi quruluşunun dəyişməsinə təsir etmişdir. ETİ təsərrüfat sahələrinə 3 istiqamətdə təsir göstərmişdir:
1. İqtisadiyyatın birinci və ikinci sektorları (hasilat və emaledici sənaye) ilə üçüncü və dördüncü sektorları (xidmət və informasiya) arasında nisbət dəyişmiş, avtomatlaşdırma ilə (xüsusilə sənayedə) əlaqədar olaraq sonuncularda məşğulluq artmışdır.
2. Emal sektoru, xüsusilə sənaye sürətlə inkişaf etməyə başlamışdır. Buna səbəb digər təsərrüfat sahələrinin inkişafının emaledici sənayedən asılı olmasıdır.
3. Hər bir təsərrüfat sahəsi daxilində dəyişikliklər baş vermiş, yeni sahələr yaranmış, bəziləri isə artıq öz əhəmiyyətini itirmişdir; məsələn, ETİ-dən əvvəl maşınqayırmada elektronika, elektrotexnika, robotlar istehsalı və s. sahələr yox idi. Bu sahələr sonradan yaranmış və maşınqayırma sahələrinin sayının artmasına səbəb olmuşdur.
ETİ dövründə hasilat sənayesinin rolu azalmış və hazırda bu sahə dünya sənaye məhsulunun cəmi 10%-ni verir. Bu, istehsalm enerji və materialtutumluluğunun (xammala tələbat) azalması, təbii xammalın tədricən süni sintetik xammalla əvəz edilməsi ilə əlaqədardır. Buna baxmayaraq hasilat sənayesi istehsalın yerləşməsinə müəyyən dərəcədə təsir edir.
İqtisadiyyatın inkişafında neft-qaz sənayesi böyük əhəmiyyətə malikdir. Neft və qazın hasilatı və istehlak olunduğu regionlar arasında kəskin fərqlər mövcuddur. Bu sahənin inkişafında bir sıra inkişaf etməkdə olan ölkələrin (xüsusilə İran körfəzi ölkələri) daxil olduğu OPEK təşkilatı (Organization of the Petroleum Exporting Countries) xüsusi rola malikdir.
Vaxtilə yanacaq növləri arasında kömür əsas yeri tutsa da, hazırda neft və qaza nisbətən onun payı xeyli azalmışdır. Kömür, əsasən, hasilat rayonlarında istehlak edilir və onun yalnız 10%-i ixrac olunur.
Dağ-mədən sənayesinin təsərrüfatın yerləşməsinə təsiri qalmaqdadır. Bu sahəyə dəmir filizi, boksit, mis, qalay, nikel və s. filizlərin hasilatı və saflaşdınlması daxildir. Qeyri-filiz faydalı qazıntıların hasilatı da (fosforit, kükürd, tikinti materialları və s.) dağ-mədən sənayesinə aiddir.
Son zamanlar mineral resurs ehtiyatlarının miqdarı azalmış və onların yaxın gələcəkdə tükənməsi problemi yaranmışdır. Buna görə mineral xammalın əsas idxalçıları olan inkişaf etmiş ölkələrin bəziləri resurslara qənaət etməklə öz tələbatlarını daxili ehtiyatlar hesabına ödəməyə çalışır. Bu ölkələrdən dağ-mədən sənayesində əsas yeri Kanada, Avstraliya və CAR tutur.
Əlvan metalların arasında alüminium əsas yer tutur. Alüminium boksit, alunit və nefelin xammalından alınır. Boksit hasilatı ilə emalı müxtəlif regionlarda yerləşir. Emal rayonları, əsasən, inkişaf etmiş ölkələrdədir. Bu isə çıxarılan boksitin tərkibində metalın çox olması və istehsalın enerjitutumluluğu olması ilə əlaqədardır.
Dünyada ən böyük boksit hasilatı rayonu Avstraliyanın şimalında — York yarımadasında yerləşir.
Çıxarılan filizin tərkibində ağır metalların, xüsusilə misin payı çox az olduğundan (1-5%) onun emalı hasilat rayonlarında həyata keçirilir. Çünki filizin daşınması baha başa gəlir. Misin yalnız konsentrat şəklində daşınması daha əlverişlidir. Ən böyük mis hasilatı və emalı rayonları əsas mis qurşaqları olan And ölkələri (Çili, Peru), Mərkəzi Afrika (KDR, Zambiya), həmçinin ABŞ, Rusiya və Çində yerləşir.
Qalay və volfram filizləri Cənub-Şərqi Asiyada (İndoneziya, Malayziya, Tailand) daha çox çıxarılır. Qeyri-filizlər arasında fosforitlər seçilir. Dünyada ən böyük fosforit qurşağı Şimali Afrikadadır (Mərakeş).


Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK
Top