Yer kürəsinin mənimsənilməsi

Yer kürəsinin mənimsənilməsi

Əhalinin sayının artması, insanların əlverişli təbii şəraitə malik olan sürətlə mənimsənilmiş, yəni əhalisinin sıxlığı yüksək olan ərazilərdən kənarlara köçməsinə səbəb olur. Belə ərazilərdə mövcud olan yeraltı sərvətlər tükənmək üzrə olur. Torpaqlardan fasiləsiz istifadə onun məhsuldarlığının azalmasına gətirib çıxarır. Antropogen təsir nəticəsində ərazinin tәbii vәziyyәti pozulur. Belə olan halda insanlar yaşayış üçün daha az əlverişli olan yeni mәnimsәnilәn ərazilərə köçmək məcburiyyətində qalırlar.

Bu əraziləri mənimsəmək üçün elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi tələb olunur. Nəticədə faydalı qazıntıların çıxarılması, yeni müəssisələrin tikilməsi, yol və magistralların çəkilməsi daha çox xərc tələb edir və son məhsulun maya dəyəri yüksək olur.

Yüksәk daglıq әrazilәr – And, Kordilyer, Himalay, Alp, Pamir, Tyan-Şan, Qafqaz dağları zəngin mineral ehtiyatlara, müalicəvi sulara, dağ meşələrinə, rekreasiya ehtiyatlarına malikdir. Lakin ağır texnikanın yüksək dağlıqlara daşınması, çıxarılan faydalı qazıntı süxurlarının saflaşdırılması və emal müəssisələrinə çatdırmaq üçün nəqliyyat yolları, xüsusilə dəmir yolu xətti tələb olunur. Meyilliyi 12–15°-dən çox olan ərazilərdə isə vaqonların hərəkəti mümkün deyil.

Yamacların meyilliliyinin 20–25° olduğu ərazilərdə əkinçilik fəaliyyəti üçün yamaclarda terraslaşdırma işləri aparılır. Belə ərazilər həm də heyvandarlıq üçün yay otlaqları kimi istifadə oluna bilər.

Sәhra vә yarımsәhralar – vegetasiya müddətində daha çox günəş istiliyi tələb edən qiymətli bitkilərin – pambıq, qəhvə, kakao, çəltik, şəkər qamışı və s.-nin becərilməsi üçün imkan vardır. Lakin su çatışmazlığı bu ərazilərin mənimsənilməsinə mane olur. Məsələn, pambığın becərilməsi üçün tələb olunan temperatur şəraiti +25...+30°C olsa da, vegetasiya müddətində hər hektara 6000–8000 m3 su tələb olunması bu bitkinin yetişdirilməsində problemlər yaradır. Hazırda səhralarda vahəşəhərlər yaradılır, qumlu səhralar əkinçilik üçün yararlı hala gətirilir, avtomobil yolları çəkilir. Səhrada daim mövcud olan küləklər də güclü enerji mənbəyidir.

Rütubәtli hәmişәyaşıl ekvatorial meşә vә cәngәlliklәr – Cənubi Amerika, Mərkəzi Afrika və Cənub-Şərqi Asiyada yağıntıların həddən çox olması ərazinin bataqlaşmasına səbəb olmuşdur. Bu ərazilərdə keçilməz meşə landşaftı mövcuddur. Zəngin bioloji ehtiyatları və yeraltı sərvətləri mənimsəmək üçün ərazilərdə qurutma işləri aparılır.

Çoxillik әbәdi buzlaq vә donuşluq zonası – ABŞ, Kanada, Rusiya və Norveçin Şimal qütbünə yaxın əraziləri mis, qızıl, almaz, neft, torf ehtiyatları ilə zəngindir. Lakin donmuş bərk süxur qatı qazıntı işlərini aparmağa mane olur. Qısa yay müddətində donuşluğun üst qatı buzdan azad olur, bu yerlər göl bataqlıqlarına çevrilir. Vəziyyət nəqliyyat yollarının çəkilməsinə mane olur ki, bu da ərazinin mənimsənilməsində çətinlik törədir

Dünya okeanının sahilyanı dayazlıqları – sualtı müəssisələrin layihəsi reallaşmaqdadır. Çünki okean dayazlıqları mineral sərvətlərlə zəngindir. İndoneziya, Malayziya və Tailand sahilyanı dayazlıqlarında qalay, Namibiya sahillərində – almaz, Baltikyanı sahillərdə – kəhrəba, Avstraliya sahillərində qızıl ehtiyatları aşkar edilmişdir. Dünyanın inkişaf etmiş ölkələri elm və texnikanın son nailiyyətlərindən istifadə edərək zәif mәnimsәnilmiş, sərt təbiətli, yəni ekstremal əraziləri mənimsəyir və yeni mәskunlaşan ərazilərə çevirir.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

Top