Yanacaq – energetika sənayesi

Yanacaq – energetika sənayesi

Yanacaq – energetika sənayesi (YES) tərkibinə yanacaq (neft, qaz, kömür) və elektroenergetika sahələri daxildir.
Məlumdur ki, bütün yanacaq növlərinin istilikvermə qabiliyyəti eyni deyil. Müxtəlif yanacaq növlərini müqayisə etmək üçün şərti yanacaq vahidindən istifadə olunur. Şərti yanacaq vahidi kimi istilikvermə qabiliyyəti 7-min kkal olan 1 kq Daş kömür qəbul olunmuşdur. Istilikvermə qabiliyyətinə görə yanacaq növləri aşağıdakı ardıcıllıqla gəlir:
1. Neft
2. Təbii qaz
3. Daş kömür
4. Qonur kömür
5. Yanar şist
6. Torf
7. Quru ağac odunu.

Az kalorili yanacan növləri olan – torf, yanar şisti, qonur kömürü daşımaq sərfəli olmadığından ancaq çıxarıldığı yerlərdə istifadə olunur. Ən sərfəli yanacaq növü neft və təbii qazdır. Çünki, onların hasilatı və boru kəmərləri ilə nəql edilməsi daha ucuz başa gəlir.
Müxtəlif yanacaq növlərinin hasilatı və istehsal olunan enerji (mədaxilə) ilə təsərrüfatda onlardan istifadə edilməsi (məxaric) arasında olan nisbətə yanacaq – energetika balansı deyilir. XX əsrin ortalarında yanacaq energetika balansında Daş kömürün əhəmiyyəti azalmış, ərazisində daha ucuz neft və qazın payı artmışdır. Son vaxtlar həm də atom enerjisinin payı artmaqdadır. Gələcəkdə yanacaq-energetika balansında tükənməyən yanacaq növlərindən istifadənin payı artacaq.
dünya neft ehtiyatı (milyard barrel 2009-cu il)

Neft sənayesi. Xam neft istifadə olunmur, onu emal edərək müxtəlif yanacaq növləri (benzin, mazut və s) və kimya məhsulları alınır. Neft hasilatının ən ucuz üsulu-fontan üsuludur. Fontan üsulunda neft yataqdakı qazların köməyi ilə özü quyudan qalxır. Hasilatın nasos üsulu da geniş yayılıb. Neft hasilatına görə ilk 3 yeri- Səudiyyə Ərəbistanı, ABŞ və Rusiya tutur. Sonrakı yerləri Iran, Meksika, Çin, Venesuela, BƏƏ, Norveç, Kanada, Böyük Britaniya, Nigeriya tutur. Ümumiyyətlə əsas neft ehtiyatları IOÖ-lərdədir. Xəzər, Şimal və Karib dənizləri, Meksika və Iran körfəzləri ən iri neft-qaz yataqlarına malik su körfəzləridir. Bu su hövzələrindən nefti Meksika. Venesuela, Norveç, Böyük Britaniya, Azərbaycan və Ərəb ölkələri çıxarırlar. ABŞ, Çin və bəzi Qərbi Avropa ölkələri zəngin neft ehtiyatlarına malik olsalar da bu onların təlabatını ödəmədiyindən əsasən Iran körfəzi ölkələrindən neft alırlar. Bundan başqa ABŞ-Meksika və Kanadadan; Yaponiya - Cənub-Şərqi Asiya ölkələrindən; Avropa isə Qərbi və Şimali Afrika ölkələrində də çoxlu neft alırlar. Neft hasil edilən rayonlarla onu emal edən rayonlar arasında çox böyük məsafə fərqi var. Neft əsasən tanker və boru kəmərləri vasitəsi ilə daşınır. Neftin əsas daşınma istiqaməti Cənub-Qərbi Asiyadan - Qərbi Avropa və Yaponiyayadır.
Nefti əsasən IOÖ-lər (xüsusilə ərəb ölkələri) ixrac edir. IEÖ-lər isə (Qərbi Avropa, Yaponiya və ABŞ) idxal edir Gətirmə xammala əsaslandığı üçün əksər IEÖ-lərdə - məs. Fransa, Italiya, AFR, Yaponiyada - neft və qaz emal edən müəssisələr liman şəhərlərində yerləşdirilir. IOÖ-lərdə zəngin neft yataqları və ucuz işçi qüvvəsi olduğundan dünyanın iri neft şirkətləri bu ölkələrdə neft hasilatını artırmağa çalışır.
Dünya bazarında neftin qiymətinin sabit saxlanılması üçün OPEK təşkilatı yaradılıb.

Qaz sənayesi. Qaz ən ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan – Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, B.Britaniya, Kanada, Meksika, Əlcəzair, Indoneziya – ən iri qaz ixracatçılarıdır. (ABŞ-dan başqa) Qaz boru kəməri və ya mayeləşdirilərək tankerlər vasitəsi ilə ABŞ, Qərbi Avropa və Yaponiyaya daşınır.
Kömür sənayesi. Kömürü açıq və yeraltı (şaxta) üsulu ilə çıxarırlar. Açıq üsul daha ucuzdur. Ən iri kömür hövzələri Çin, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan, AFR, Hindistan, Avstraliya, CAR və Polşadadır. ABŞ, Avstraliya və CAR-da kömür acıq üsulla çıxarılır. Daş kömür hasilatına görə Çin, qonur kömür hasilatına görə AFR 1-ci yer tutur. Neft və qaz hasilatından fərqli olaraq kömür hasilatı IEÖ-lərdə cəmləşib. Metallurgiyada istifadə olunan kokslaşan kömürün əsas idxalçıları Yaponiya və Qərbi Avropadır. Idxal olunan kömürün ucuz başa gəlməsi Qərbi Avropada daş kömür istehsalının azalmasına səbəb olmuşdur.
Daş kömürün başlıca ixracatçıları – ABŞ, Avstraliya, SAR, Rusiya, Kanada və Polşadır.

Elektroenergetika təsərrüfatı elektrik enerjisi və buxarla təmin edir. Elektrik enerjisinin ən iri istehsalçıları ABŞ (1-ci yer) Rusiya, Yaponiya, Çin, AFR, Kanada, Fransa, Italiya, Braziliya; adambaşına istehsalına görə isə Norveç (1-ci yer), Kanada (2-ci yer), İsveç (3-cü yer) və ABŞ (4-cü yer) fərqlənir.
Elektrik enerjisinin istehsalına görə IES-lər 1-ci yer tutur (63%). Bu stansiyalar nisbətən tez və daha ucuz, lakin qiymətli yanacaqdan istifadə edir və ekoloji vəziyyəti korlayır. Təbii şəraitdən asılı olmadığı üçün IES-lər- həm xammal və həm də istehlak rayonlarında yerləşdirmək olar. IES-lər 2 qrupa – ancaq elektrik enerjisi istehsal edən DRES-lərə və enerji ilə yanaşı istilik enerjisi (yəni buxar) istehsal edən IEM-lərə ayrılır. IEM-lər əsasən istehlak rayonlarında , yəni iri sənaye şəhərlərində tikilir. Ən iri IES-lər ABŞ, Rusiya, Çin, CAR, Meksika, Avstraliya və Avropa ölkələrindədir.
Enerji istehsalına görə 2-ci yerdə SES-lər gəlir. Burada enerji tükənən, lakin bərpa olunan su axını əsasında istehsal olunur. SES-ləri əsasən dağ rayonlarında, su məsrəfi çox, axma meyilliyi və düşməsi böyük olan çayların üzərində tikmək məsləhətdir. Tikilməsi baha başa gəlsə də istehsal etdiyi elektrik enerjisinin maya dəyəri aşağıdır və ekoloji cəhətdən təmizdir. IES-lər üzərində yaradılan su anbarlarından həm də suvarmada, gəmiçilikdə və balıqçılıqda istifadə olunur. Lakin SES-lər üzərində su anbarlarının həm də münbit torpaqların su altında qalmasına, qrunt sularının səviyyəsinin qalxmasına, torpaqların bataqlıqlaşmasına gətirib çıxarır. SES-lər Latın Amerikası, Kanada, Norveç, İsveç, Albaniya, Avstriya və Yeni Zelandiyada üstünlük təşkil edir.
Enerji istehsalında 3-cü yerdə AES-lər gəlir. Ilk AES Rusiyanın Obninsk vilayətində tikilib. AES-ləri yanacaq-energetika ehtiyatları olmayan, lakin çox enerji tələb edən istehlak rayonlarında tikilir. AES-lərin müsbət cəhəti onların istifadə etdiyi xammalın - torium və uran yataqlarının zəngin olması, istehsal olunan enerjinin ucuz başa gəlməsidir. Mənfi cəhəti isə tikilməsinin baha başa gəlməsi, su hövzələrinin istilik tullantıları ilə çirkləndirilməsi və tam təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar çətinliklərdir. Ən iri AES-lər ABŞ, Fransa, Yaponiya, Rusiya, Belçika, AFR, İsveçrə kimi IEÖ-lərdədir. Hindistan, Pakistan, Braziliya, Argentina kimi IOÖ-lərdə də AES-lər tikilmişdir. 1986-cı ildə Çernobıl AES-ində baş verən qəzadan sonra AES-lərin sayı xeyli azalıb.
XXI əsrdə ənənəvi olmayan günəş, külək, geotermal, qabarma enerji mənbələri, həm də kömür, yanar şist və torfdan elektrik enerjisinin alınmasında geniş istifadə olunması gözlənilir. Hazırda geotermal elektrik stansiyaları – ABŞ, Meksika, Italiya, Yaponiya, Yeni Zelandiya və Rusiyada, qabarma elektrik stansiyaları Fransa, ABŞ, Kanada, Rusiya və Cində fəaliyyət göstərir.
Təbii şəraitdən asılı olmayan elektrik stansiyaları AES və IES-lər, daha çox asılı olanlar isə SES, geotermal və qabarma elektrik stansiyalarıdır.
Yanacaq energetika stansiyasının gələcək inkişafı tükənməyən yanacaq növlərinin istifadəsinə əsaslanır.
Yükəskvoltlu elektrik əlverişli xətləri ilə birləşən və bir mərkəzdən idarə olunan müxtəlif tipli elektrik stansiyaları qrupu vahid energetika sistemini yaradır. Bu sistem geniş əraziləri enerji ilə təmin edir, istehlakçıya fasiləsiz enerji verir və təlabatdan asılı olaraq enerjini tənzimləyir.

Top