Mən ilk dəfə ateizmə qərar verəndə gənc idim. Bəlkə də, qədərindən daha çox gənc.
Yarıdindar bir ailədə böyümüşdüm, ailəm ifrata varmırdı. Buna baxmayaraq, həmin dövrdə dinin mənə diqtə etdiyi ən kiçicik qaydaları belə gözüm götürmürdü.
Balaca yaşlarımdan valideynlərimin heç də həmişə haqlı olmadıqlarını öyrəndim və üstündən çox keçməmiş, onların mənə söylədikləri demək olar hər şeyi sorğu-sual etməyə başladım. Məni bir uşaq kimi başa salmaq asan deyildi və çox güman, məni bir uşaq kimi böyütmək də asan olmayıb.
Valideynlərimin mənə yeritməyə çalışdığı bir çox dəyərlər gözümə mənasız görünürdü, ona görə də ağla gələn hər cür məntiqlə onlara qarşı çıxmağa çalışırdım.
Onlar nəyə sitayiş edirlər? Tanrı hər şeyə qadirdirsə, mənim nəsə etməyimin onunçün nə təvafütü var? Nəyəsə inanmaq dəqiq nə mənaya gəlir?
Qarşıdakı illərdə suallarım daha tutarlı olmağa və suallarıma cavab axtardığım yerlər də təkcə internetlə məhdudlaşmamağa başladı. Kitablar oxumağa və fəlsəfəni bəyənməyə başladım. Bu dövrdə suallarım əksərən cavabını tapmış, ağlım isə formalaşmışdı.
Uşaqların beyninə hələ qavraya və əks arqument qoya bilməyəcəkləri inancları yeritmək fikri ağzımda pis dad buraxmışdı, amma xoşbəxtlikdən din həmişə pisdir və rədd edilməlidir düşüncəsi məni başqa bir doqmatizmə — bütün cavablar mübariz atezimdədir fikrinə yuvarlatmadı. Nəsə mənə bunun məsələni hədsiz dərəcədə primitivləşdirdiyini demişdi.
***
Orta məktəbin son illərində və universitet dövründə diqqətimi başqa məsələlərə yönəltdim. Oxumağa davam etdim, çoxlu suallarım vardı, amma fikrim əvvəllər məni məşğul edən fəlsəfi suallardansa, yavaş-yavaş ətrafımdakı dünyanın mürəkkəbliklərinə yönəlirdi. Mən əsasən sosial petri dish-də (laboratoriyada maddələri analiz etmək üçün şəffaf, dayaz qab) yaşayırdım, bu, araşdırmalar və eksperimentlər dövrü idi.
Sonrakı illərdə mən əksər insanların gənclik barədə düşünəndə romantikləşdirdiyi bir çox şeyləri gördüm və yaşadım. İnsanların romantikləşdirmədiyi bir çox şeyləri də elədim. Hamısından nələrsə öyrəndim.
Həyatımın bu dövründəki maraqlı cəhət isə budur ki, mən təhsilim və gəcələyimlə ümumiyyətlə maraqlanmırdım. Problem mənim dar dünyagörüşümdə və başqa nəyisə daha yaxşı bilməyimdə deyildi – doğrudan da, bunun nəticələrini hamıdan çox düşündüyüm barədə mübahisə də edə bilərəm – amma özümü tamamilə inandırmışdım ki, təhsil və gələcəklə bağlı düşüncələrin heç bir əhəmiyyəti yoxdur.
Mən xoşbəxt idim (ən azından belə düşünürdüm) və belə bir əminlik hiss edirdim ki, işlərimi gündəlik olaraq görsəm, hər şeyin öhdəsindən gələrəm. Bilərəkdən ətrafımdakı sosial konstruksiyalara baş qoşmamağa çalışırdım, məsələn, karyera fikri, yaxud sərvət toplamağın cəlbediciliyindənsə, özümü həyatın yumşaq və rahat qollarına buraxmaq fikrinə bel bağlayırdım, ta ki, müəyyən şeylərlə üzləşənə qədər.
Bunlardan heç biri məndən və ya dünyadan fundamental inanc tələb etmirdi. İstədiyim yeganə şey həyatımda ürək sıxıntısına yuvarlanmayacağım qədər müxtəlifliyin olması idi. Faktiki olaraq isə, məni bu dünyagörüşə gətirib çıxaran şey darıxmaq qorxusu idi ilk növbədə.
Uzun müddət istədiyim hər şeyə sahib idim. Təkcə bir şeydən başqa — oriyentasiyadan.
***
"
Tanrı öldü. Tanrıdan geriyə qalan ancaq bir ölüdür. Və onu biz öldürdük. Kölgəsi hələ də sezilir uzaqlarda. Bütün qatillərin qatili olan biz özümüzü necə ovudacağıq? Dünyanın indiyədək sahib olduğu ən müqəddəsi və vüqarlısı bıçağımızın altında can verdi: bu qanı kim siləcək bıçağımızdan?”
Bu sözləri Fridrix Nitsşe 1880-larda “Şən elm” əsərində yazırdı.
Onun əsərləri və ideyaları çox vaxt səhv interpretasiya edilib. Yayğın inancın əksinə, Nitsşe nihilizmi təşviq etməyə çalışmırdı. O, yetərincə aqressivcəsinə bunun əleyhinə idi və onun əsas narahatlığı yetərincə alicənabdı. Bu, bəlkə də, bizim dövrümüzün suallarıyla ən çox uzlaşan fəlsəfi sual idi.
Aydınlanma Dövründə baş verən proqressdən üzü bəri biz dində getdikcə artan tənəzzülə şahid olduq. Bu tənəzzül hələ bir çox məqamlarda dominant olsa da, məntiq və skeptizm bizi başqa istiqamətə apardı.
Nitsşenin qoyduğu sual insanların bu tənəzzüldən necəsə sağ çıxıb-çıxmayacaqları barədə idi. Biz həqiqət və yalan barədəki arqumentləri bir anlıq unutsaq belə, dinin məqsədinə — onun bizim həyatımıza labüd nizam, istiqamət və məna qatdığını görməzdən gəlmək olduqca çətindir.
Bu cür inancların zamanın sınağından çıxmasının səbəbi var. Onlar hədsiz işləkdirlər və sənin onlara hansı yarlıq biçməndən asılı olmayaraq, biz bu qədər uzun müddət ərzində əksəriyyətin uğurlu saydığı inancı əvəzləyəcək başqa bir ideya ortaya qoymamışıq.
Nihilizm intellektual baxımdan cəlbedici görünə bilər, amma əslində, o, heç bir yerə aparmır. Sən bəlkə də hər şeyin mənasız olduğu, bununla belə, həyatın yaşamağa dəyər olduğu fikriylə müvəqqəti olaraq əylənə də bilərsən, lakin zaman keçdikcə məlum olacaq ki, bu, həyatını üzərində qurmağın üçün elə də möhkəm özül deyil.
Onu həyatın boyunca məqsədyönlü və dəyərə əsaslanan məntiqlə irəli aparmağın üçün o, onu üstələyəcək hansısa inanca ehtiyac duyur.
***
Mən hələ də bir vaxtlar həyatı rahat yaşamaq barədəki inancımın tamamilə yanlış olduğunu düşünmürəm. Bu elə bir həyatdır ki, nizam və nizamsızlıq arasında, rutin və sərbəstlik arasında, təhlükəsizlik və təhlükə arasındadır. Bununla belə, o vaxtlar mən hansısa ümumi məqsəd ehtiyacını — gələcəyin ümumi çərçivələrini müəyyənləşdirən birbaşa dəyər sistemini görməzdən gəlmişdim.
Mən sabahı düşünmədən, sıxıntını dəf etmək üçün gündəlik müxtəlifliyə və həyəcana bel bağlamaqla, sadəlövhlük etmişdim, çünki bu, həyatındakı sıxıntı və məmnuniyyətsizliyi azaltmır, əksinə, daha da artırır. Dörd gözlə gözlədiyin şeylərin heç birisi davamlı olmur.
Hər şeydən vacibi isə budur ki, mən cəlbedici görünən və səthi şeylərin heç də ən yaxşı şeylər olmadığını başa düşməmişdim. Yaxşı şeylər diqqət cəlb etmək üçün qışqırmır, onlar nadir hallarda adrenalinə çağırır. Yaxşı şeylər sakit bir məsuliyyəti, hörmətli bir məşğuliyyəti və sənin özündən nəsə böyük bir şeyi sevməyini ehtiva edir.
Mən bu şeyləri heyran olduğum sənətkarların işlərində görürəm. Bunları bir-birinin həqiqətən qayğısına qalan və bir-birinə inanan insanların gözlərində görürəm. Onlarda inandıqları şeylər uğrunda çətinlik riskini gözə alan nikbin insanların enerjisini görürəm.
Bu şeylər harda olmalarından asılı olmayaraq, demək olar, universal baxımdan hamımız üçün bir məna daşıyırlar, ancaq həyatımızda bunlara nail olmaq üçün çoxlu səy göstərməli və zaman sərf etməliyik. Bunlar elə bir özünühəsr və öhdəlik tələb edirlər ki, oturuşmuş inanc sistemi olmadan tamamilə həyata keçirilmələri mümkün deyil.
Bir qayda olaraq, din bizə dəyərlər verir və kimlər ki, bu dəyərlərə hələ də ürəkdən riayət edir, üzərlərinə düşən missiyanı böyük ölçüdə yerinə yetirmiş olurlar. Yerdə qalan bizlərə, öz dərslərinə axıradək tam yiyələnməmişlərə qaldıqda isə, biz öz üzərimizdə daha çox işləməliyik. Qızğınlıqla yox, niyyət edərək.
Biz nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğunu müəyyənləşdirməliyik və bunu hər şeydən əvvəl etməliyik, çünki bu, yaxşını, pisi və eybəcərin sınağından çıxan güclü mənəviyyat üçün ən vacib mənbədir.
İnsanlar çox vaxtı inancı irrasional bir şey hesab edirlər. Amma mən həyatda qalmaq nöqteyi nəzərindən uğrunda yaşayacaq bir şeyi tapmaqdan daha ağıllı bir ideya görməmişəm.
Ya dinin buyruqlarına əməl etməli, ya da təzə birini yaratmalısan. Yerdə qalanlar sonrakı məsələlərdir.
Zat Rana
medium.com