Çağdaş cəmiyyətin marağına səbəb olan mövzulardan biri də sehr, cadunun mümkünlüyü və onun təsirinin qarşısının alınması məsələsidir. Sehr və ya cadunun törətdiyi fəsadlar və onların müalicəsi, tibbi sahəsi də daxil olmaqla, dünyəvi elmlər vasitəsilə tarixən və indi də tam öyrənilmədiyi üçün bəşər alternativ tövsiyələrdən də istifadə edib. Metafizikaya söykənən bu tövsiyyənin qaynağı isə Rəbb və Peyğəmbər(ə) kəlamlarıdır.
Sehr, cadu
Sehr, təbiət qüvvələri və dünyavi elmlər xaricində gizli səbəblərlə qeyri-adi işlər görməkdir. Xeyir və şəri yaradan Allah olduğu üçün sehr və ya cadunun təsiri hökmən deyil. Allah istəsə olar, istəməsə olmaz. Peyğəmbər(ə) buyurub: «Kahinlik edən, kahinə müraciət edən və sehr, cadu edən və etdirən bizdən deyil»; «Müsəlman cadu etməz. Allah saxlasın, imanı getdikdən sonra cadusu təsir edər». Sehr, cadu bədən (cisim) və ruha təsir etdiyi üçün insanları xəstələndirə, sevgi və ya nifrətə səbəb ola bilər. Onun qadın və uşaqlara təsir ehtimalı daha böyükdür. Əksər İslam alimləri hesab ediblər ki, sehr və cadu edilərkən küfürlü söz işlədilərsə, bu, küfürdür.
Küfürlü söz yoxdursa, böyük günahdır. Müfəssirlərə görə, göz (nəzər) dəyməsi də haqdır. Göz dəyməsi bəzi adamların gözlərindən çıxan neqativ şüaların canlı və ya cansız şeylərə baxıb bəyəndikləri zaman onların pozulmasına səbəb olmasıdır. Həmin səbəbdən nəzəri (gözü) olan kəs, hətta hər kəs bəyəndiyi bir şeyi və ya adamı gördükdə əvvəl «məşəəlləh» (Allahu-Tələnin dilədiyi kimi olsun) deməli, sonra həmin obyekt haqqında danışmalıdır.
Peyğəməbr(ə)-yə istinad edilən hədislərdə sehr və caduya qarşı mənəvi dərman kimi Fələq və Nəs surələrinin birlikdə oxunması tövsiyə edilib. Bunu bilavasitə Həz.Peyğəmbərin həyatı ilə bağlı bir çox olaylar təsdiq edir. Həmin səbəbdən məzhəb və təriqətindən asılı olmayaraq Mötəzilə (Qurani-Kərimi məxluq-yardılmış hesab edən və bununla da Quranın Allahın əzəli kəlam sifəti olduğunu inkar edən teoloji sistem. Sistem Bəsrədə, Vasil bin Əta tərəfindən yaradılıb,v.e. 748)istisna olmaqla bütün İslam alimləri bu barədə yekdil fikirdə olublar.
Muavvizətəyn
İslam alimləri Fələq və Nəs surəsini «Muavvizətəyn» («De:sığınıram»ayəsilə başlanan iki surə), həmin surələrin İxləs surəsilə birgə oxunmasını isə «Müavvizat» («De»: ayəsilə başlanan üç surə) adlandırıblar. Hər üç surə pənah aparılan, sığınılan surələr kimi məşhurlaşıb. Onlara bu ad Fələq və Nəs surəsində insi-cinnin (insan və cinlərin) və bütün məxluqatın pisliklərindən Allaha sığınmaq əmri olunduğu üçün verilib.
Buxari (v.e.870), Müslim (v.e.875), İbni Mace (v.e.903) və Əhməd İbn Hənbəlin (v.e.856) topladığı hədislərə görə, Rəsululləh(ə) həm bir rahatsızlıq hiss edəndə, həm də yatağına girdiyi zaman bu üç surəni oxuyub əllərinə üfləyərək mübarək başını və üzündən başlayaraq aşağıya doğru bütün vücudunu məsh edərdi. O bunu üç dəfə təkrarlayardı.
Fələq və Nəs surəsinin eyni vaxtda nazil olmasında fikir ayrılığı yoxdur. Lakin «bu surələrin Məkkə və ya Mədinədə nazil olmasında müxtəlif fikirlər var» (Fəxrəddin Razi, v.e.1210; Zəməxşəri, v.e.1144 və başqaları). İbni Abbasdan (v.e.687) gələn rəvayətə görə, hər iki surə Mədinə surələridir. Digər hədisdə deyilir: «Doğrusu budur ki, Muavvizətəynin nazil olma səbəbi yəhudi Ləbir bin Əsamın sehrilə əlaqəlidir» (Buxari). Alusi (v.e.1853) yazıb: «Ləbid bu sehri Mədinədə etdiyi üçün hər iki ayə Mədinədə nazil olub». Lakin bəzi müfəssirlərə görə «bir surə və ya ayənin filən yerdə, filən olayla bağlı nazil olması söylənmişsə, bu, heç də o demək deyil ki, həmin surə və ya ayə ilk dəfə nazil olub. Bəzən daha öncə göndərilən bir surə və ya ayənin müəyyən bir hadisə səbəbindən Rəsululləhə təkrar oxunması bildirildiyi üçün, həmin kəlamlar yenicə nazil olunub kimi zənn edilə bilər. Belə yanaşma Muavvizətəyn üçün də keçərlidir. Lakin hər iki surənin üslubu açıq-aydın Məkkə dövrünün başlanğıcına işarə edir. Çünki o zamanlarda Rəsululləhə qarşı güclü müxalifət var idi. Mədinə dönəmində yəhudilərin, münafiq və müşriklərin Peyğəmbər(ə)-yə qarşı pis niyyətləri çoxaldıqda, ona bu surələri təkrar oxumaq təlqin edilib. Belə ki, Mədinədə Rəsululləhə sehr edildiyi üçün o, xəstələnmişdi. Bu zaman Cəbrail(ə) Allah əmrilə gələrək, Peyğəmbər(ə)-yə Fələq və Nəs surəsini təkrarlamağı tövsiyə etdi. Həmin səbəbdən „surələr Məkkədə nazil olub“ deyənlərin sözü daha doğrudur. Lakin Fələq surəsində sadəcə bir ayənin sehirlə əlaqədar, digər ayələrin isə sehirlə əlaqəsi olmadığı üçün, surənin məhz sehrə görə nazil olmasını demək də doğru olmazdı. Bütövlükdə Nəs surəsinin də bilavasitə sehirlə əlaqəsi yoxdur» (Əbul Alə Məvdudi)
Nazil olma səbəbi və yeri
Klassik təfsirçilər Muavvizətəynin nazil olma səbəbini muxtəlif hadisələrlə əlaqələndiriblər. Bunların ən geniş yayılanı aşağıdakı rəvayətlərdir:
1) «Həz.Cəbrail Rəsululləh(ə)-nin yanına gəlib dedi»: Cinlərdən pis bir ifrit sənə pislik etmək istəyir. Yatağına girdikdən sonra Muavvizətəyn surələrini oxu". Bu varianta görə, surələr Məkkədə də, Mədinədə də nazil ola bilər.
2) Gözdən nəzərdən qorunmaq üçün nazil olub. Rəvayətə görə Qureyş: «Elə edək ki, Muhammədə göz dəysin» dedi. Sonra da: «Nə sağlam vücudun, gözəl üzün var» deyib, nəzər toxundurmaq istədilər. Bunun müqabilində Allahu-Təalə Muavvizətəyni nazil etdi. Bu hədisə görə surələr Məkkədə nazil olub".
3) Yəhudi Ləbid bin Əsamın sehri barədə hekayə. Razi bu səbəbə «Təfsirçilərin çoxluğunun fikri» deyib. Bu hekayə haqqında ən məşhur rəvayət belədir: "İbn Abbas (v.e.687) ilə Aişədən (v.e.687, Həz.Peyğəmbərdən 2210 hədis rəvayət edib) belə xəbər nəql edilib: «Bir Yəhudi yeniyetməsi Həz.Məhəmmədə xidmət edirdi. Yəhudilər bu cavandan Məhəmməd(ə)-nin bir az saçının tükündən, bir neçə ədəd də darağının dişindən gətirməyi tələb etdilər. Gənc tələbi yerinə yetirdi. Yəhudilər həmin əşyalarla Peyğəmbər(ə)-yə sehr etdilər. Bu işin təşkilatçısı yəhudi Ləbid bin Əsam idi. Ləbid saç və daraq dişlərilə sehr etdikdən sonra onları bir quyuda gizlətdi.
Hadisədən sonra Allah Rəsulu(ə) xəstələndi və xəstəlik 6 ay davam etdi. Bəzən ona elə gəlirdi ki, görmədiyi, etmədiyi bir işi görüb. Bir gün yuxuda ikən iki mələk onun yanına gəlir. Biri baş tərəfində, digəri ayaqlarının yanında oturur. Ayaq tərəfdə oturan digərindən soruşur: „Bu adam niyə narahatdır“. Cavab: „Ona sehr edilib“. „Sehri kim edib“-sualına, baş tərəfdə oturan mələk dedi: „Ona bu sehri Ləbid bin Əsam adlı yəhudi edib“. „Sehri nə ilə edib?“ Digəri cavab verdi: „Darağı və yerə düşən saçları ilə“. „Bəs indi onlar hardadır“-sualına, ikinci mələk dedi: Filən quyudakı daşın altında». Allah Rəsulu(ə) yuxudan oyanıb Aişəyə dedi: «Allah mənə xəstəliyimin səbəbini bildirdi». Sonra Peyğəmbər(ə) Həz.Əli, Zubeyr və Ammar bin Yasiri ora göndərdi. Onlar həmin quyunu tapıb daşın altından saçların və daraq dişinin içinə iynə sancılan və 11 düyünlə bağlanan parçanı götürüb Həz.Peyğəmbərə verdilər. Bu zaman Allah düyünlərin sayı qədər olan 11 ayəni nazil etdi. Bu ayələr iki surənin-Fələq və Nəsin ayələri (Muavvizətəyn) idi. Peyğəmbər(ə) hər ayəni oxuduqca bir düyünü açırdı. O, son ayəni oxuyub son düyünü açdıqda yerində ox kimi fırlanırdı. Bu zaman Cəbrail(ə) ona dedi: «Sənə əziyyət verən hər şeyə, həsəd edənə, nəzərə qarşı bu ayələri oxuyub sənə üfləyəcəyəm. Allah da şəfa edəcək» (Suyuti, v.e.1505)
Qeyd edək ki, Buxari, Müslim və İbni Macenin hədislərində Aişəyə istinadən bir rəvayətdə Mötəzilə bunları qəbul etmək istəməsə də, fəqət bütün hədis alimləri hadisənin həqiqət olduğunu qəbul ediblər. Peyğəmbər(ə)-yə sehr edilməsini qəbul etmək istəməyənlər fikirlərini belə əsaslandırıblar ki, sehr, cadu Məhəmməd(ə)-nin ismətinə zidd, peyğəmbərliyinə xələl gətirər.* Yeri gəlmişkən, bu surələrdə sehr edənlərin şərindən Allaha sığınma ifadəsi olsa da, fəqət surələrin nazil olma səbəbinin yalnız sehrlə əlaqəsi olmasını da qəbul etmək doğru olmazdı. Çünki onların öncə Məkkədə nazil olma ehtimalı daha qüvvətlidir. Yəni Ləbidin Peyğəmbər(ə)-yə sehr etməsi Mədinədə olub. Bu zaman Rəbbimiz Öz Peyğəmbərinə Məkkədə nazil etdiyi surələri Mədinədə şəfa kimi oxumağı tövsiyə edib. Həmin səbəbdən bəziləri elə zənn ediblər ki, surələr Mədinədə nazil olub.
Hədislərə görə Muavvizətəynin fəzilətləri
1) «Peyğəmbər(ə) buyurub»: Mənə elə ayələr göndərildi ki, onların tayı-bərabəri yoxdur"(Müslim). Səhabə Uqbə bin Əbi Əmirdən gələn rəvayətdə deyilir: «Rəsululləhlə səfərdə idik. Mənə dedi: „Ey Uqbə, sənə iki xeyirli surə öyrədimmi?“ Və mənə Fələq və Nəs surələrinin öyrətdi» (Əbu Davud v.e.889)
2) Digər mənbəyə görə: «Sevgili Peyğəmbərimiz(ə) Muavvizətəyn nazil olunana qədər insanların nəzərindən və cinlərdən müxtəlif dualarla Allaha sığınardı. Fələq və Nəs surələri nazil olunandan sonra bu iki surəni oxuyardı» (Tirmizi,v.e.893; İbni Mace və b.)
3) «Uqbə İbn Əmir deyir»: Biz Rəsululləh (ə) ilə Cuhfə və Əbvə arasında yol gedirdik. Birdən fırtına qopdu və qaranlıq oldu. Rəsululləh Fələq və Nəs surələrilə Allaha sığınmağa başladı və mənə dedi: «Sən də bu iki surə ilə Allaha sığın. Zira Allaha sığınan heç bir kimsə bunlar qədər sığınmayıb» (Əbu Davud, Beydavi v.e.1286).
4) Həz.Aişə deyib: «Allah Rəsulu(ə) hər dəfə yatağına girərkən Fələq və Nəs surələrini oxuyub, əllərinə üfləyərdi. Sonra bütün bədənini əllərilə məsh edərdi» (Buxari və b. ).
5) «Rəvayətə görə, Peyğəmbər(ə) Uqbə ibn Əmirə hər namazın əvvəlində Fələq və Nəs surələrini oxumağı əmr edib» (Əbu Davud).
6) Quran katiblərindən olan səhabə Ubeyy ibn Kəb deyib: «Kim İxləs, Fələq və Nəs surələrini oxusa, sanki o, Məhəmməd(ə)-yə göndərilənin hamısını oxumuş kimi olur» (İbn Hacər əl-Askalani v.e.1448).
7) Aişədən gələn rəvayətə görə: «Allah Rəsulu rahatsız olanda İxləs, Fələq, və Nəs surələrini oxuyar və əllərinə üfləyib bədənini məsh edərdi» (Buxari).
8) Səhabədən Cabir bin Abdullah belə deyib: «Allah Rəsulu mənə dedi: „Ey Cavid oxu!“ Mən: „Anam, atam sənə qurban olsun nə oxuyum?“ soruşdum. O: „Qul əuzi bi rabbilfələq və qul əuzu bi Rabbinnəs (De: “Pənah aparıram sübhün Rəbbinə! „De“: Pənah aparıram insanların Rəbbinə!») surəsini oxu"-dedi. Mən də hər iki surəni oxudum. Peyğəmbər(ə) buyurdu: «Sən bu iki surənin bənzərini heç vaxt oxumamısan» (Nəsai v.e.916).
Muavvizətəynin Quran surələri olub-olmamasına dair fikirlər
İbn Kəsir (v.e.1377) və Suyutiyə görə, Quran nüsxəsini yazan səhabə Abdullah ibn Məsud, Fələq və Nəs surəsini öz mushafına (kitabına, Quranına) daxil etməyib. Qeyd edək ki, həz.Əli, Ubeyy ibn Kəb və ibn Məsud hələ Rəsululləhin sağlığında mushaflar tərtib etmişdi. Həmin kitablar tərtib baxımından fərqli olmasına rəğmən, bəzi qüsurlardan da xali deyildi. «Həz.Əli özü üçün özəl bir nüsxə yazmış və burada surələri nazil olma sırasına görə yerləşdirmişdi» (Suyuti). Təfsirçilərə görə, İbn Məsudun nüsxəsində Muavvazətəyn və Fətiha surələri yoxdur.
Bəziləri ibn Məsudun nüsxəsini qəbul etmiş, digər müfəssirlər isə onu səhv adlandırıblar. Pis niyyətlilər isə nüsxəni Quranın təhrifi kimi qəbul edib (Nəsəfi v.e.1302). Çağdaş təfsirçilərdən A.Aydüz hesab edir ki, «ibn Məsudun nüsxəsində Fətiha və Muavvizətəynin olmaması Quranın təhrifə uğradığını göstərməz. Həz.Məhəmmədin davamlı olaraq beş namazda fətihanı oxuması, minlərlə səhabənin bunu əzbərləməsi, ibn Məsudun da beş namazda surəni iqrar etməsi və nəhayət həz.Osman vaxtı vahid kitab halına salınan Quranda Fətihanın da olmasına rəğmən, ibn Məsudun Fətihanı öz nüsxəsinə salmamasını Quranın təhrifi kimi qiymətləndirmək olmaz!».
«Müslimin „Səhih“inə şərh verən imam Nəvəvi (v.e.1277) yazıb: „Bütün müsəlmanlar Fələq, Nəs və Fətihanın Qurandan olduğuna ittifaq və icma ediblər. Bunu inkar edən kafir olar. İbn Məsuddan rəvayət olunan bu hadisə batildir, doğru deyil“ (Suyuti). Bu fikri Fəxrəddin Razi də müdafiə edib. Məlum məsələyə münasibət bildirən digər təfsirçilər hesab ediblər ki, ibn Məsud sözügedən surələrin Qurandan olduğunu inkar etməyib. Böyük ehtimalla o, Allah Rəsulundan həmin surələrin yazılması əmrini eşitməyib.
Ümumiyyətlə ibn Məsudun Mushafında Muavvizətəyn surələrinin olmaması barədə aşağıdakıları demək olar:
1)»Əshabdan heç kim bu kitabdan istifadə etməyib.
2) Həz.Osmanın rəhbərliyilə hazırlanan Quran, bu gün dünyaya təqdim edilən Qurandır.
3) Rəsululləhdən nəql edilən çoxlu rəvayət də onun surələri namazda oxuduğu və başqalarına da tövsiyə etdiyi bildirilir.
4) Hər iki surənin əvvəli «Qul» (de!) əmrilə olması, həmin surələrin vəhy olduğunu və Rəsululləhə göndərildiyini sübut edir.
Bu, sadəcə Peyğəmbər(ə)-yə verilmiş əmr deyil. «Qul» sözü, kəlamın vəhy olduğunu və bu kəlamı olduğu kimi ümmətə çatdırmağı ehtiva edir. Yeri gəlmişkən, Qurani-Kərimdə 300 ayə «Qul» sözü ilə başlayır.
Beləliklə, Rəbb və Peyğəmbər(ə) kəlamları sübut edir ki, İslamda bəyənilməyən cadu və sehr kimi neqativ vasitələr kiminsə əlində bir alətə çevrilə bilər. Bu bəladan qurtarmağın alternativ yollarından biri də, Fələq və Nəs surələrini oxuyub əllərə üflədikdən sonra bədənin bütün əzalarının məsh edilməsidir. Bunu həmişəcavan, həmişəaktual Fələq və Nəs surələri, bütün hədis alimlərinin Peyğəmbər(ə)-yə istinadən topladıqları hədislər də təsdiq edir.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 19 aprel.- S. 12.