Bir müddətdir ki, dünya COVİD-19 adlı virusla mübarizə şəraitində yaşayır. Alimlər virusu daha dərindən öyrənmək və vaksinini tapmaq üçün elmi araşdırmalar aparırlar. Bu yaxınlarda yayılan məlumata görə, Çin tədqiqatçıları koronavirusun mutasiyaya uğradığını açıqlayıblar. Pekin Universitetinin həyat elmləri fakültəsi və Çin Elmlər Akademiyasının nəzdindəki Şanxay İnstitutunun tədqiqatçıları bildiriblər ki, virusun insanlara keçdikdən sonra «L” və „S” tipləri olmaqla, 2 alt-tipə mutasiya edərək yayılır. Tədqiqatçılara görə, iki alt-tipdən daha təhlükəli və yoluxucu olanı “L” tipidir. Bununla belə, 3-cü alt-tipin də istisna olmadığı və virusun təkamülünün öyrənilməsi üçün daha çox tədqiqata ehtiyac olduğu vurğulanıb.
Maraqlıdır ki, virusun mutasiyaya uğraması nələrə səbəb ola bilər, onun əvvəlki halından fərqi olacaqmı?
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev qeyd edir ki, yeni növ koronavirus, yəni COVID-19 çox təhlükəli virusdur.
Hazırda onun mutasiyası çox müzakirə olunur və öyrənilir: „İnsanların immunitetindən asılı olaraq, virusun mutasiyası da fərqlidir. Yəni virus istənilən qədər mutasiya ola, mutasiyalar isə istənilən qədər təhlükə törədə bilər. Araşdırmalara görə, COVID-19-un son mutasiyası əvvəlkilərdən 8 dəfə tez yayılma gücünə malikdir. Digər mülahizəyə görə isə virus mutasiyaya uğradıqca, zəifləyə də bilər. Hazırda mikrobioloqlar, virusoloqlar bununla ciddi məşğuldurlar”.
Professorun sözlərinə görə, bəzən elə xəstələr olur ki, onlarda xəstəlik çox sürətlə inkişaf edir və həmin şəxslərin həyatı uğrunda mübarizə nəticə vermir: “Nəticədə xəstə qısa müddət ərzində itirilir. Onların çoxu həkimə müraciət etmədən, ev şəraitində özbaşına müalicə alanlar və ya virusun mövcudluğuna inanmayanlardır”.
O bildirib ki, xəstəliyin müalicəsi ilə bağlı yeni təlimatlar hazırlanıb: „Belə ki, əvvəllər xəstələr dərhal təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət edir və müalicə üçün xəstəxanaya gətirilirdilər. Hazırda xəstəxanaların işi çox gərginləşib. Qərar qəbul olunub ki, xəstəxanaya, ciddi oksigen təminatına, süni tənəffüs aparatına qoşulmağa ehtiyacı olanlar gətirilsin. Digərləri isə poliklinikaya zəng edirlər. Sahə həkimləri gəlib onların vəziyyətini dəyərləndirir, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə zəng edir, ondan yaxma götürülür. Xəstənin vəziyyətinə uyğun olaraq onun ev şəraitində və ya xəstəxanada müalicəsinə qərar verilir. Pandemiya klinikaları isə ən ağır xəstələr üçündür”.
S.Musayev deyib ki, hazırda COVID-19-a yoluxanlar arasında azyaşlılar da var: “Hətta 7 aylıq körpənin də COVID-19-a yoluxması müşahidə olunub. Ölkəmizdə virusa gündəlik yoluxma hallarının azalması üçün vətəndaşların sosial məsuliyyəti artmalıdır. Vətəndaşlar marketlərə maskasız gedir, sosial məsafəni qorumurlar. Yumşalma tədbirləri tətbiq edilən zaman kütləvi toplanma məkanları açılan kimi vətəndaşlar ora axın etdi və nəticə göz qarşısındadır. Yoluxma zəncirini qıra bilsək, görülən tədbirlər nəticəsini verəcək.
Hazırda ölkəmizdə xəstələrin müalicəsi, xəstəxanaların dərman təchizatı ilə bağlı problem yoxdur. Dərman təchizatı yüksək səviyyədədir. Ləvazimat baxımından hər hansı çatışmazlıq yoxdur. On minlərlə kombinezon, xeyli sayda süni tənəffüs cihazı gətirilib və pandemiya xəstəxanalarına paylanılıb. Xəstələrin müalicəsi üçün hər cür şərait yaradılsa da, həyata keçirilən tədbirlərin istənilən effekti verməsi üçün vətəndaşların məsuliyyəti önəmlidir. Məsləhətim odur ki, özlərinin, ailələrinin sağlamlığı naminə maska taxsın, gigiyena qaydalarına əməl etsin, sosial məsafəni qorusunlar. Çünki biz uzun müddət bu virusla bir mühitdə yaşamaq məcburiyyətindəyik».
T
ibb üzrə ekspert Adil Qeybulla bildirir ki,, bəzən öldürücü təsirli mutatlar əmələ gəlir: «Viruslar, əsasən iki genomlu olur: RNT və DNT. DNT genomlu viruslar mutasiyaya elə də çox məruz qala bilmirlər. Çünki onların çoxalması nəzarət altındadır. Amma RNT tərkibli viruslar mutasiyaya meyilli olurlar. Həmin viruslarda mutasiya sürətli şəkildə gedir. Hər dəfə mutasiya etdikdə, virusda müəyyən dəyişikliklər əmələ gəlir və bu dəyişikliklər virusu ya gücləndirir, ya da zəiflədir. Hətta bəzən öldürücü təsirli mutatlar əmələ gəlir. Buna virusun kvazi formaları deyilir. Bu formaların təsiri insandan asılı olaraq dəyişir. Məsələn, bəzən görürsən ki, cavan adamda yoluxma çox ağır keçir, yaşlıda yüngül olur. Bax, bu da buna bağlıdır”.
Ekspert qeyd edir ki, RNT tərkibli virusların bir neçə dalğası ola bilir: „Koronavirusun əvvəlki iki, yəni sars və mers formalarının mutasiyaya uğrayaraq yoxa çıxması təcrübəsi var. Yəni həmin formalar 6-7 ay ərzində yoxa çıxdılar. Lakin hazırda dünyanı cənginə alan, yəni COVİD-19 forması ya başlandığı gündən sonra 8-9 ay müddətində mutasiyaya uğrayaraq yoxa çıxmalıdır, ya da ikinci dəfə daha ağır forması olmalıdır ki, ondan sonra bitsin. Bu virus ya yoxa çıxır, ya da bədəndə lövbər salır. Yəni sakit formaya keçərək vücudumuzda olan digər viruslar kimi adiləşir. İndiki vəziyyətdə hansının real olduğunu demək isə çətindir. Sadəcə, əvvəlki təcrübəyə dayanaraq deyə bilər ki, ola bilsin, 8-9 aya yoxa çıxsın”.
Müəllif: Günel Azadə
Mənbə: sputnik.az