Epidemioloji xarakteristikasına görə virus xəstəlikləri 2 yerə bölünür: antroponoz — yalnız insanın tutula biləcəyi xəstəlik (poliomielit), zooantroponoz — heyvanlardan insana keçə biləcək xəstəlik (quduzluq).
Yayılma xarakterinə görə virus xəstəlikləri hava-damcı yolu ilə, təmas zamanı, o cümlədən cinsi əlaqələr, əşyalardan ümumi istifadə, qida və su vasitəsilə yoluxa bilər.
Viruslar müxtəlif orqanların hüceyrələrini zədələdiyinə görə onları: dəri, cinsi (zöhrəvi xəstəliklər), tənəffüs yolları, tənəffüs orqanları (respirator xəstəlikləri), qaraciyər, göz, bağırsaq viruslarına ayırırlar.
Dəri virus xəstəliklərinə dərinin qabıq verməsi, dəmrovlar, ekzema, saç və dımaqlann zədələnməsi aiddir.
Qaraciyərin hepatit virusuna yoluxması qaraciyər hüceyrələrinin nekrozuna (qurumaya) gətirib çıxarır. Bu A, B, C hepatit viruslarına yoluxma zamanı baş verir. Sonuncu virus cinsi yolla da ötürülə bilir.
Xəstəlikdən sonra insanda bəzi virus infeksiyalarına qarşı immunitet yaranır ki, bu ya ömürlük qala, ya da zamanla keçə bilər. Belə ki uşaqlıqda məxmərək və ya qızılca xəstəliyi keçirən insan bir daha bu xəstəliyə tutulmur. Qeyd etmək lazımdır ki, virus xəstəlikləri uşaq yaşlarında daha asan keçirilir və mənfi nəticələri az olur.
İİV tərəfindən törədilən
QİÇS kimi bəzi virus xəstəliklərinin bu günə kimi tam müalicəsi mümkün deyil. Müasir təbabət virusun inkişafını yalnız nəzərəçarpacaq dərəcədə ləngidə bilir.
Yerli simptomlarla (tənəffüs yollarının selikli qişasının zədələnməsi) və ümumi xarakterli — bədənin temperaturunun yüksəlməsi, zəiflik, damarlarda və əzələlərdə ağrı, qanın tərkibinin dəyişməsi və s. kimi simptomlarla müşahidə olunan kəskin virus xəstəliklərinə daha tez-tez rast gəlinir. Belə xəstəliklər KRX və ya KRVX — kəskin respirator virus xəstəlikləri (qrip, zökəm və s.) adlanır. Bu xəstəliklər insanların yoluxma kütləviliyinə görə dünyada birinci yeri tutur. Onlar çox tez yoluxur və asqırma, burun-udlaq iltihabı, öskürək və zökəmlə müşayiət olunur.
Epidemiyaların qarşısını almaq üçün virus xəstəliklərinin profilaktik tədbirlərindən biri olan peyvəndlər tətbiq edilir.
Virus xəstəliklərinin müalicəsi immunitetin möhkəmləndirilməsi ilə bağlıdır. Çünki bu xəstəliklər immuniteti zəiflədir. Antibiotiklər viruslara birbaşa təsir etməsə də, onların tətbiqi virus infeksiyalarının ağırlaşmalarının qarşısının alınması məqsədilə aparılır.
Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK