Birhüceyrəli heyvanlar müxtəlif üzvlərdə parazitlik edir. Buna müvafiq olaraq onları bəzən aşağıdakı kimi qruplaşdırırlar.
1.Müxtəlif toxumalarda və qanda parazitlik edənlər
2.Bağırsaqda parazitlik edənlər
3.Ağız boşluğunda parazitlik edənlər
4.Sidik-cinsiyyət orqanlarında parazitlik edənlər
Birhüceyrəlilərin törətdiyi xəstəliklər protozooz adlanır.
İnsan üçün səciyyəvi olan protozoozlar: amöbiaz, lyamblioz, malyariya, toksoplazmoz, tripanosomoz, leyşmanioz.
Siz artıq bilirsiniz ki, dizenteriya amöbü sarkodinlərə aid edilir və insanın yoğun bağırsaqlarında yara əmələ gətirir. Sista mərhələsində 4 nüvəyə malik olur. Milçəklər sistaları xəstənin nəcisindən müxtəlif əşyaların və ya qidanın üzərinə ötürür. İnsanın mədə-bağırsaq sisteminə düşərkən sistanın örtüyü dağılır və hər nüvə ikiyə bölünür. Beləliklə, səkkiznüvəli amöb əmələ gəlir ki, bunlardan da səkkiz yeni amöb yaranır.
Tripanosom, leyşmaniya və lyambliyalar qamçılılar sinfinə aiddir. Tripanosomun keçiriciləri se-se milçəkləridir. Xəstəlik Afrikanın tropik zonalarında geniş yayılmışdır. Bu parazit qan vasitəsilə insanın baş beyin və onurğa beyninə daxil olaraq yuxu xəstəliyini yaradır ki, bu da güclü baş ağrıları, qızdırma, hərəkət pozuntularına gətirib çıxarır. Bəzən ölümlə də nəticələnə bilir.
Leyşmanioza subtropik və tropik ölkələrdə, o cümlədən Azərbaycanda da rast gəlinir. Daşıyıcıları dişi mığmığalardır. Dəri leyşmaniozunda dişlək yerlərində əvvəlcə düyünlər əmələ gəlir, daha sonra bu düyünlər çətin sağalan yaralara çevrilir. Leyşmaniozun visseral* formasında isə xəstələrdə yüksək temperatur müşahidə olunur, dalaq, qaraciyər və s. daxili orqanlar zədələnir. Xəstəlik müalicə olunmadıqda, adətən, ölümlə nəticələnir.
Lyamblioza daha çox uşaqlar yoluxurlar. Hərəkətli lyambliya 4 cüt qamçı və sorucu diskə malikdir ki, bunun vasitəsilə nazik bağırsağın selikli qişasına yapışır. Lyambliyalar nazik bağırsaqdan yoğun bağırsağa keçən hərəkətliliyini itirərək sistaya çevrilir və nəcislə xaric olunur.
Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK