Parazit qurdlara yoluxma

Parazit qurdlara yoluxma

İnsanlar ev heyvanlarını sevir və onları özlərinin dostu hesab edirlər. Ancaq onlarla davranış qaydalarını unutmamaq lazımdır.
Nə üçün iti, pişiyi sığallamaq, durğun su hövzələrində çimmək, yaxşı bişməmiş ət yemək arzuolunmazdır?
Parazit qurdlar, əsasən, yastı və sap qurdlar tiplərinə aiddir.
Parazit qurdların törətdiyi xəstəliklər helmintoz adlanır. Helmint terminini elmə gətirən (yunanca “helmins” — qurd), parazit qurdların yaratdığı xəstəlikləri ətraflı təsvir edən Hippokrat olmuşdur.

Bağırsaq helmintozlarına yoluxmuş xəstələr sayına görə dünyada yoluxucu xəstəliklərlə yoluxanların içində üçüncü yeri tutur. İnsan orqanizmində parazitlik edən 250-dən çox helmint növü qeydə alınıb. Helmintlərin insan orqanizminə patogen (zərərli) təsirlərinin mexanizmi olduqca müxtəlifdir. Ümumiyyətlə, parazit qurdların törətdiyi xəstəliklər uşaqların əqli və fiziki inkişafının geri qalmasına, yaşlı adamların iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Onlar allergiyaya səbəb olaraq orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimət qabiliyyətini aşağı salır.
parazit qurdlara yoluxma
Parazit qurdlar orqanizmə yoluxduqda bir sıra əlamətlərlə özlərini büruzə verirlər.


İnkişaf dövrü və yayılma yollarından asılı olaraq helmintlər 3 qrupa bölünür:
1. Əlaqə (təmas) helmintləri. İnsan üçün bilavasitə yoluxucu olan yetişmiş və ya yetişməkdə olan yumurtaların ayrılması bu helmintlər üçün səciyyəvidir. İnsan məişət əşyaları və ya çirkli əllər vasitəsilə yoluxa bilər. Enterobioz xəstəliyinin törədicisi — bizquyruq bu qrupa aiddir.
2. Geohelmintlər. Aralıq sahibi olmadan, birbaşa inkişaf dövrü ilə səciyyələnir. Bu qrup parazitlər yetişməmiş yumurtalar qoyur ki, bunlar da inkişafının müəyyən mərhələsini torpaqda keçirməlidir. İnvazion (yoluxucu) mərhələyə çatan parazitlər müxtəlif yollarla insan orqanizminə daxil olur. Askarid bu qrupa aiddir.
3.Biohelmintlər. Sahiblərini dəyişməklə daha mürəkkəb inkişaf mərhələsi keçir. İnkişafın müəyyən mərhələsində insan üçün yoluxucu ola bilər. İnsanda teniarinxoz xəstəliyinin törədicisi — öküz soliteri bu qrupa aiddir.

Nəzərə almaq lazımdır ki, xəstəliyin ağırlıq dərəcəsi orqanizmə düşən parazitlərin sayından və insanın fərdi həssaslığından asılıdır.

Helmintlər praktiki olaraq insanın bütün orqanlarında yaşaya bilər. Bir çox hallarda helmintlər müəyyən orqana daxil olmaq üçün qan damarları vasitəsilə və ya bilavasitə toxumalardan keçərək digər orqanlara miqrasiya edə bilir. Bir çox parazit qurdlar parazitizmlə əlaqədar olaraq sərbəst hərəkət qabiliyyətini itirib, onların sinir sistemi xeyli sadələşib.

Mənbə: Biologiya 10 Ümumtəhsil məktəbləri üçün dərslik.
Top