Uşaqlarda zökəm

Uşaqlarda zökəm

Zökəm — burunun selikli qişasının iltihabıdır. Zökəm istənilən soyuqdəymə xəstəliklərini, əksər uşaq infeksion xəstəliklərini müşayiət edir. Bu xəstəliklər əksər hallarda elə zökəmlə də başlayırlar.

Deməli, müalicəni vaxtında başlasaq, xəstəlik çox da ağırlaşmaz.
Çox vaxt zökəm ayaqların-pəncələrin soyuması zamanı başlayır. Buna görə də əgər uşağın ayaqları islanıbsa və ya donubsa, evə gələn kimi, onun ayaqlarını isti vanna və ya xardal vannasına qoyun.

Gecə uşağa içinə xardal tozu səpilmiş corablar geyindirin, bal əlavə edilmiş isti süd içizdirin, S vitamini verin. Vaxtında yerinə yetirilən bütün bu tədbirlər uşaqda başlana bilən zökəm və onunla bərabər kəskin respirator xəstəliklər (KRX) və digər narahatlıqların qarşısını ala bilər.

Əgər bütün bunlara baxmayaraq uşaq zökəmə tutulubsa, başlanğıcda onu təbii vasitələrlə müalicə etməyə çalışın. Burnunu çobanyastığı dəmləməsi, aloe və ya kalanxoye şirəsi, soğan suyu ilə yuyun, burnunu dəsmala bükülmüş isti qabıqlı yumurta ilə qızdırın və s. Əgər bunlar kömək etməzsə, həkim məsləhətindən sonra ənənəvi burun damcılarına (damardaraldıcı və iltihab əleyhinə təsirə malik olan) keçin. Damcıların üzərindəki yazılara fikir verin. Onlar uşağınızın yaşına uyğun olmalıdır. Heç bir halda “böyuklər” üçün olan burun damcılarından istifadə etməyin! Bu damcıları həkim təyin etdiyi saydan və müddətdən artıq istifadə etmək olmaz. Əks halda bu, uşağın  burnunun selikli qişasının zədələnməsinə səbəb ola bilər. Burun damcıların arasında təbii tərkibli preparatlar var ki, onların istifadəsi çox yaxşı nəticə verir. Ümumiyyətlə uşaqları müalicə edərkən təbii tərkibli preparatlara üstünlük vermək daha yaxşıdır.

Burun selikli qişalarının təmizliyinə diqqət yetirmək lazımdır. Uşağın sağlamlığı üçün çox vacib olan burun tənəffüsünün pozulmaması, onun rahat nəfəs alması xəstəliyin sağalmasına və ağırlaşmamasına kömək etmiş olar.

Uşağa burnunu fınxıraraq təmizləməkdə yardımçı olun. Bunun üçün əvvəl burunun bir pərəsi bağlanır, digəri təmizlənir, sonra da əksinə edilir. Eyni zamanda hər iki burun pərəsini təmizləmək üçün uşaq fınxırarsa, infeksiya orta qulağa və ya gözə düşərək otit və ya konyuktivit yarada bilər.

Adətən, müalicə fonunda zökəm bir neçə gündən bir həftəyə kimi davam edə bilər. Zökəm bundan artıq davam edərsə, bunun digər səbəbini axtarıb tapmaq lazımdır. Belə səbəblər adenoidlərin iltihabı, qida, dərman, məişət kimyası, toz və s. qarşı allergiya ola bilər. Bu halda LOR həkiminə müraciət etmək məsləhətdir. O, zökəmin uzun müddət davam etməsinin səbəbini aşkar edərək müvafiq müalicə təyin edər və ya lazım gələrsə uşağı başqa mütəxəssisə (allerqoloq) göstərməyi tövsiyə edə bilər.

Əgər zökəm uzun müddət ərzində keçmirsə, uşağın burnundan irinli, bəzən qanlı, pis iyli ifrazat gələrsə, hərarət yüksələrsə, baş ağrısı, xeyli yorğunluq, oyanıqlıq başlayarsa, deməli uşaqda çox yəqin ki, haymorit başlanmışdır. Haymoritin təhlükəsi ondadır ki, bu xəstəlik zamanı burunun haymor boşluqlarında yığılan irin qana sorularaq, orqanizmin zəhərlənməsinə (intoksikasiyaya) gətirib çıxarır. Müalicə vaxtında başlayarsa, antibiotiklərdən istifadə edilməsi kifayət edə bilər. Vaxtında müalicə olunmayan hallarda xəstəlik daha da ağırlaşır, güclü baş ağrıları, burun ciblərində irin durğunluğu, yüksək hərarət qeyd olunur. Belə hallarda həkimlər burun ciblərini deşməklə irini təmizləməyə çalışırlar.

Top