Suçiçəyi

Suçiçəyi

Su çiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. 
Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.

Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpgi əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər.

Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.

Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşagın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət olunur. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşıca qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır.

Dəridəki səpgilərə brilliant yaşılı (“zelyonka”) və ya kalium-permanqanat məhlulu (“marqantsovka”) sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.

Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla (“marqantsovka”) su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yagı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.

Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir.

Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır.

Halhazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.

Top