Zoonozlar

Zoonozlar

Zoonozlar heyvanlardan insanlara keçən xəstəliklərdir. Zoonozlar — (yunanca zōon — heyvan, canlı varlıq və nósos — xəstəlik) təkamül prosesində heyvanların müəyyən növündə parazitlik etməyə uyğunlaşan törədicilərin əmələ gətirdiyi yoluxucu xəstəliklərdir.

Brusellyoz

Brusellyoz — xronik gedişə meylli infeksion-allergik xəstəlikdir. Sürəkli qızdırma ilə, orqanizmin hərəkət-istinad, sinir, ürək-damar və başqa sistemlərinin zədələnməsi ilə xarakterizə olunur.
Klinik mənzərə. Brusellyozda inkubasion dövr 7 gündən 30 günə qədər və daha çox davam edir. Xəstəliyin klinik təsviri olduqca polimorfdur və istər gedişinin müddətinə, istərsə də simptomlarının müxtəlifliyinə görə dəyişilə bilər.
Xəstəliyin başlanmasından əvvəl kefsizlik, zəiflik, əhval-ruhiyyənin düşkünlüyü, kəskin zehni və fiziki yorğunluq, başağrısı, iştahanın azalması müşahidə olunan prodromal dövr 3-5 gün davam edir. Sonra xəstəlik gərginləşir, temperatur yüksəlir, şiddətli tərləmə üstünlük təşkil edir. Qızdırma uzun çəkir, xəstəliyin qızğın dövründə temperatur qalxır.
Limfatik düyünlər, xüsusən boyun və qoltuqaltı düyünlər paxla boyda olur, ağrımır və ətraf toxuma ilə bitişmir.
Müalicə. Brusellyozun müalicəsində əsas məsələ xəstəlik prosesinin aradan qaldırılmasından, onun nəticələrinin ləğv edilməsindən və xəstənin əmək qabiliyyətinin bərpa edilməsindən ibarətdir.
Brusellyozun kəskin və yarımkəskin formalarının müalicəsinə antibiotiklərin tətbiq edilməsi ilə başlayırlar, bunlar antibakterial təsir göstərir, bədənin temperaturunun enməsinə, intoksikasiyanın və tər ifrazatının azalmasına səbəb olur. Brusellyozda levomisetin, tetrasiklin, streptomisin daha çox effektlidir.

Taun

Taunda inkubasion dövr 3-6 gündən peyvənd olunmuşlarda 10 günə qədər davam edir.
Xəstəlik prodromal əlamətlər olmadan, nəzərə çarpan titrətmə və bədən temperaturunun 39-40°C-dək yüksəlməsilə qəflətən başlanır. Xəstələr tez-tez ürəkbulanması və qusma ilə müşayiət olunan şiddətli başağrısı, əzələ ağrıları, əzginlik, çox vaxt dəhşət, qorxu hiss edirlər. Üz və konyunktivalar hiperemiyalaşır, burun dəlikləri genişlənir, dodaqlar quruyur. Ağız boşluğunun selikli qişasında çox vaxt hemorragiyalar və xoralar aşkar edilir. Dil şişmiş, quru, titrəyir, qalın ərplə örtülür. Dilin ölçülərinin xeyli böyüməsi və onun son dərəcədə quruluğu xəstənin nitqini anlaşılmaz edir. Xəstəliyin ağır gedişi zamanı üz göyərir, cizgiləri kəskinləşir, dözülməz iztirab və dəhşət ifadəsi meydana çıxır.
Nəbzin pozulması: taxikardiya (dəqiqədə 120 — 160 vurğuya qədər), aritmiya, ürək tonlarının karlaşması, arterial, xüsusən maksimal təzyiqin kəskin enməsi (sianoz və təngnəfəslik) ürək-damar sisteminin zədələnməsi erkən müəyyən edilir.
Müalicə. Taun tutmuş xəstələr ciddi təcrid edilməli və məcburi hospitallaşdırılmalıdırlar.
Taunun etiotrop müalicəsində antibiotiklər: yüksək dozalarda təyin olunan tetrasiklin, streptomisin və levomisetin əsas əhəmiyyət kəsb edir.
Streptomisin taunun bütün formalarında effektlidir.

Quduzluq

Quduzluq ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyasıdır.
Quduzluqda infeksiyanın giriş qapısı dəri üzərində, az hallarda selikli qişalarda zədələnmələr (yara, sıyrıntı) sayılır. Törədici mikrob mərkəzəqaçan sinir lifləri ilə irəliləyir və mərkəzi sinir sisteminə çatır.
İnkubasiya dövrü 12 gündən 90 günə qədər, nadir hallarda isə bir ilə qədər və daha çox davam edir.
Xəstəliyin gedişini üç dövrə bölürlər: 1) xəbərdarlıq dövrü, 2) oyanma dövrü, 3) iflic dövrü.
Xəbərdarlıq dövründə ümumi kefsizlik və başağrısı ilə yanaşı, dispeptik əlamətlər müşahidə edilir, temperatur subfebril olur. Dişlənmə yerində iltihab təzahürləri kəskinləşir, çapıq toxuma yenidən qızarır, şişir, yara nahiyəsində sızıldayan ağrılar meydana çıxır. Eyni vaxtda psixikanın pozulmasının ilk simptomları (qorxu, dəhşət, kədər, həyəcan, qəmli fikirlər) aşkar olunur. Xəstə məyus, qaradinməz, laqeyd olur, qidadan imtina edir, yuxusu pisləşir. O, vahiməli yuxular görür. Xəbərdarlıq dövrü 2-3 gün davam edir. Sonradan laqeydlik və depressiya, nəbzin və tənəffüsün tezləşməsi ilə müşayiət olunan narahatlıqla əvəz olunur. Udma çətinləşir, tənəffüsün daha da pozulmasının ilk əlaməti kimi «döşdə sıxıntı» hissi baş qaldırır.
Oyanma dövrü reflektor oyanmanın yüksəlməsi və xəstəlik tutmalarının inkişafı ilə xarakterizə olunur.
Tutma zamanı xəstənin görünüşü son dərəcə xarakterikdir: o, qışqırıqla başını və bədənini geriyə əyir, titrəyən əllərini irəli atır, su olan qabı itələyir. Xəstənin boynu dartılır, əziyyətli qıcolmalar üzünü eybəcərləşdirir, sifəti göyərir və dəhşət ifadə edir, göz bəbəkləri genişlənir, nəzərləri bir nöqtəyə zillənir. Xəstə fışıltı ilə nəfəs alır, yardım istəyir, bəzən qusma müşahidə edilir. Tutmanın qızğın çağında ürəyin və tənəffüsün dayanması mümkündür. Tutma bir neçə saniyə davam edir, bundan sonra əzələ spazması keçib gedir. Xəstəliyin bu qızğın inkişaf dövründə xəstələrdə şiddətli psixomotor oyanma baş verir ki, bu da xəstəliyin adlandırılması üçün əsas olmuşdur. Xəstələr aqressiv olurlar, özlərini və ətrafdakıları cırmaqlayır və dişləyir, tüpürür, qışqırır və ümidsiz qəzəblə vurnuxur, geyimlərini cırır, insan qüvvəsindən xaric «quduz» qüvvə əldə edərək mebeli, pəncərəni, qapını sındırırlar.
Müalicə. Quduzluğun spesifik müalicəsi işlənib hazırlanmamışdır. Xəstənin iztirablarını azaltmağa yönəldilmiş simptomatik müalicə aparırlar.
Quduzluğa tutulmuş xəstənin sakitliyi və xarici qıcıqlardan (səs-küydən, parlaq işıqdan, havanın kəskin hərəkətindən) qorunması vacibdir. Onu sakit, qaranlıqlaşdırılmış, isti palatada yerləşdirirlər, fərdi post təyin edirlər. Mərkəzi sinir sisteminin ifrat qıcıqlanmasını azaltmaq üçün yuxugətirici, qıcolma əleyhinə və ağrıkəsən dərmanlardan (morfin, xloralhidrat, aminazin, lüminal və s.) istifadə edirlər.

Toksoplazmoz

Xəstəlik tədricən inkişaf edir. Xəstələr ümumi zəiflikdən, iştahanın azalmasından, yuxusuzluqdan, əsəbilikdən, başağrısından, yaddaşın zəifləməsindən, ürək nahiyəsində ağrıdan və ürəkdöyünmədən, əzələlərdə, oynaqlarda ağrıdan, bəzən görmə qabiliyyətinin pozulmasından şikayətlənirlər.
İştahanın azalması, ağızda quruluq, ürəkbulanması, qarınüstü nahiyədə küt ağrılar, meteorizm və defekasiyanın yubanması, çox vaxt arıqlama nəzərə çarpır. Mədə şirəsinin sekresiyası və turşuluğu azalır. Rentgenoloji olaraq yoğun bağırsağın motor funksiyasının pozulması müəyyən edilir.
Xloridini (daraprim) sulfadimizinlə kombinə edilmiş şəkildə, gündə 2-3 dəfə olmaqla, 5-7 gün təyin edirlər. 7-10 gün fasilə ilə 3 müalicə kursu aparmaq məsləhət görülür. Etiotrop təsirə malik olan başqa preparatlar, xüsusən aminoxinol, xinqamin, sulfanilamidlər (sulfadimezin, sulfadimetoksin), tetrasiklin sırasından olan antibiotiklər tətbiq edirlər.
Profilaktika. İnfeksiyanın profilaktikasına ev heyvanlarının toksoplazmozu ilə mübarizə, pişiklərlə təmasın məhdudlaşdırılması, şəxsi gigiyena qaydalarına riayət olunması, çiy ət qiyməsi və kifayət qədər bişməmiş yeməyin qadağan edilməsi daxildir. Bu qaydalara hamilə qadınlar xüsusi səylə riayət etməlidirlər.
Dermatozoonozlar. Qansoran parazitlərin (bit, birə, taxtabiti, ağcaqanad, gənə və s.) törətdiyi dəri xəstəliklərinə dermatozoonozlar deyilir. Bu parazitlərin bir qismi dəri səthində, digər qismi isə dəri içərisində fəaliyyət göstərərək dermatozoonozları törədirlər.

Bitlilik

Baş, paltar, qasıq bitlərinin sancması nəticəsində baş vermiş dəri zədələnmələrinə bitlilik deyilir.
Baş bitləri. Bitlərin sancması nəticəsində başın tüklü hissəsində qaşınma, sıyrıntı, irinlik və s. əlamətlər aşkar olur. Bu vaxt xəstəliyə ikincili infeksiya əlavə olunur. Məhz bu səbəbdən başın tüklü hissəsində follikulit, ənsə və gicgah nahiyəsində isə piodermit əlamətləri müşahidə olunur.
Xəstəliyə başın tüklü hissəsində bitlərin tapılmasına əsasən diaqnoz qoyulur.
Müalicəsi. Oğlanların, kişilərin tüklərini dibdən qırxması, isti su və sabunla yuması kifayətdir. Qadınların isə tüklərini ağ neftin bitki yağı ilə yarıbayarı qarışığı ilə isladıb, kompres kağızı ilə bağlayaraq, bir neçə saatdan sonra isti su və sabunla yuması məsləhətdir. Bundan sonra sürfələri tökmək məqsədilə isladıb sıx daraqla daramaq lazımdır.
Dermatit əlamətlərini müalicə etmək məqsədilə başın tüklü hissəsinə 2 %-li ağ civə məlhəmi sürtülür.
Paltar bitləri. Paltar bitləri paltar büküşlərində yaşayır. Onların sancması nəticəsində dəridə şiddətli qaşınma, sıyrıntı, irinlik və s. əlamətlər əmələ gəlir. Pinti adamlarda piodermit və dermatit əlamətləri baş verir.
Müalicəsi. Müntəzəm olaraq hamamda yuyunmaqdan və paltarları dəyişdirməkdən ibarətdir.
Dəyişdirilmiş əyin və yataq paltarları DDT və heksoxloranla dezinfeksiya edilir və ya qaynadılır.
Qasıq bitləri. Bu bitlər əsas etibarilə qasıq nahiyəsində yaşayır, ancaq bəzi hallarda onlar orqanizmin başqa hissələrinə (döş qəfəsi, qoltuqaltı çuxur və s.) yayıla bilər. Bitlər qabaq pəncələri vasitəsilə tüklərin dibinə bərkinir, öz xortumunu isə tük kisəciyinə yeridir. Qasıq bitləri şiddətli qaşınma verir. Bu vaxt piodermit, dermatit əlamətləri çox az müşahidə olunur.
Müalicə məqsədilə hamamda aralıq qarışıq qasıq nahiyəsinə vacibat sürtməklə tükləri təmizləmək və bundan sonra isti su və sabunla yuyunmaq ən yaxşı nəticə verir. Ancaq adi qayda üzrə qasıq nahiyəsindən tükləri təmizlədikdən sonra həmin yerə boz civə məlhəmi sürtməklə də müalicə etmək olar.

Həşəratların sancması

Bir sıra həşəratlar insanları və heyvanları sancıb qan sormaqla qidalanırlar. Onlardan ən çox yayılmışı və insan patologiyasında böyük rol oynayanı birə, taxtabiti, ağcaqanad və sairədir.
Yuxarıda adları çəkilən həşəratlar insanı sancarkən özündən ekzotoksin buraxır. Nəticədə həmin yerdə dəri qızarır, şişir və qaşınır. Orada ləkə, düyüncük və səpgi əmələ gəlir. Qaşınma nəticəsində zədələnmə nahiyəsində sıyrıntı və ikincili infeksiya baş verir.
Müalicə məqsədilə həşəratların sancdığı yeri arabir spirtləmək və üzərinə dezinfeksiyaedici məlhəm sürtmək kifayətdir.
Həşəratları məhv etmək məqsədilə mənzilləri, pəyələri, zirzəmiləri, geyimi, yatağı və s. insektisidlərlə (DUST, DDT, heksaxloran, ağ neft, piretrum və s.) dezinfeksiya etmək lazımdır.

Qoturluq

Qoturluq gənələri dəriyə düşdükdə qısa müddətdə buynuz təbəqəsinin altına soxulur. Orada hərəkət edərək özünə yol açır və yol uzunu yumurta tökür. Hər bir dişi gənə 45-50 gün yaşayır və bu müddətdə özündən 50-dək yumurta buraxır. Buraxılmış yumurtalardan 15-20 gündən sonra yeni gənələr çıxır.
Qoturluq əl barmaqları arasında, biləklərin və qolların daxili səthlərində, qarın nahiyəsində, kişilərin cinsiyyət orqanlarında, budların daxili səthlərində və s. yerlərdə olur. O, adətən qaşınma ilə başlanır. Qaşınma gecələr artır.
Müalicəsi. Qoturluq xəstəliyinin müalicəsində 33 %-li kükürd və Vilkinson məlhəmi daha əhəmiyyətlidir. Bu məlhəm yun parça vasitəsilə 5 gün müddətində səhər və axşam dəriyə yeridilir. Müalicədən 2 gün sonra xəstə yuyunub paltarını dəyişir. Dəyişdirilmiş geyim və yataq ağı dezinfeksiya olunur.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

Top