Dezinfeksiya — xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsidir. Dezinfeksiyanı həm infeksiya ocağında, həm də profilaktika məqsədilə aparırlar.
Nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksiya ocağında aparılan dezinfeksiya cari və son dezinfeksiyaya bölünür.
Cari dezinfeksiyanı infeksiyalı xəstənin, yaxud infeksiya gəzdirənin olduğu bütün müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında aparırlar. Cari dezinfeksiyada məqsəd infeksiyanı yayılmağa qoymamaqdır. Yoluxucu bağırsaq xəstəliklərində cari dezinfeksiyanın daha böyük əhəmiyyəti vardır. Xəstənin işlətdiyi əşyaları, onun dəyişəyini zərərsizləşdirirlər.
Otağı müntəzəm surətdə dezinfeksiya məhlulları ilə, sabunla yuyub təmizləyir, oyuncaqları, qab-qacağı qaynadırlar. Bəzən xəstənin yatdığı otağa ultrabənövşəyi şüalar verirlər.
Son dezinfeksiyanı infeksion xəstəlik ocağında xəstəni xəstəxanaya qoyduqdan, xəstə sağaldıqdan, yaxud öldükdən sonra aparırlar.
Profilaktika məqsədilə dezinfeksiya infeksion xəstəliyin olub-olmamasından asılı olmayaraq, onun qarşısını almaq üçün aparılır. Profilaktik dezinfeksiyaya otaqların havasını hər gün dəyişmək, müalicə-profilaktika və uşaq müəssisələrinin otaqlarını 0,5 %-li xlorlu əhəng məhlulu ilə yuyub təmizləmək, əlləri tez-tez sabunla yumaq, suyu xlorlaşdırmaq, xəstəlik törədiciləri ilə daimi mübarizə aparmaq aiddir.
Dezinfeksiya üsulları mexaniki, fiziki və kimyəvi olur.
Mexaniki üsullara yumaq, silmək, dəyişmək, süpürmək və s. aiddir. Çirklə birlikdə xəstəlik törədicilərinin bir qismi də kənar edilir.
Mexaniki üsullardan ən çox qaynatma, həmçinin, kimyəvi məhlullarla (2%-li natrium-bikarbonat və ya sabun, sabunlu-sodalı məhlul, 1%-li kalsiumlaşdırılmış soda məhlulu və s.) qaynatma və s. tətbiq edilir. Dezinfeksiya üçün su buxarından da istifadə olunur. Su buxarından xüsusi dezinfeksiya kameralarında və avtoklavlarda istifadə edirlər.
Kimyəvi dezinfeksiya üsulları daha çox yayılmışdır. Bunun üçün müxtəlif kimyəvi maddələrdən: xlorlu məhlullardan (xlorlu əhəng, xloramin və s.), fenol, kreol, lizol, spirt, qələvi və turşulardan istifadə edilir.
Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur. Zibil qutuları və quyuları bununla dezinfeksiya edilir. Xlorlu əhəngin məhlulunu ifrazatı, həmçinin otaqları dezinfeksiya etmək üçün işlədirlər. Təsir müddəti 5-6 gün çəkir.
Xloraminin tərkibində 24-28 % fəal xlor vardır. 0,2 %-dən 5 %-dək xloramin məhlullarından profilaktika məqsədilə və infeksiya ocağının dezinfeksiyası üçün geniş istifadə edirlər. Bu məhlullar öz fəallığını 15 gün saxlayır.
Qab-qacağı hər dəfə yeyəndən sonra 1-2 %-li natrium-bikarbonat və ya 1 %-li sabunlu suda 15 dəqiqə qaynadıb dezinfeksiya edirlər. Çiçəyi və hepatiti olan xəstələrin qab-qacağını 45 dəqiqə, qarayarada 60 dəqiqə qaynadırlar. Qab-qacağı qaynatmaq mümkün deyilsə, 0,5 %-li duruldulmuş xlorlu əhəng məhlulu və ya 0,5 %-li xloramin töküb, 5-10 dəqiqə saxlayır və sonra qaynar su ilə yaxalayırlar.
Dezinseksiya — infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Dezinseksiya həm məişətdə, həm də epidemiyaların qarşısını almaq üçün aparılır.
Məişət dezinseksiyasına otağın dərmanlanması, milçəklərin, taxtabiti və tarakanların, həmçinin digər həşəratların artıb çoxaldığı yerlərin planlı surətdə dərmanlanıb, onların tələf edilməsi və s. aiddir.
Epidemik məqsədlə aparılan dezinseksiya yataq ləvazimatlarının, eləcə də infeksiya ocağındakı bütün adamların eyni vaxtda hamamda yuyundurulmasıdır. Dezinseksiya fiziki, kimyəvi və bioloji metodlarla aparılır.
Fiziki metodlara əşyaların şotka, tozsoranla təmizlənməsi, çırpılması, yandırılması, qaynar suya salınması, tələ və yapışqanlardan istifadə edilməsi aiddir.
Kimyəvi dezinseksiyada insektisidlərdən (heksaxloran, xlorofos və s.) duru və bərk tələ yemlərindən istifadə edilir. Belə maddələr həşəratları məhv edir. Bəzi maddələrdən istifadə etməklə qansoran həşəratlardan qorunurlar.
Bioloji metodlar parazitləri məhv edən həşəratlardan, quşlardan, mikroorqanizmlərdən istifadə olunmasına əsaslanır.
Deratizasiya — infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir. Epidemioloji cəhətdən ən qorxulu gəmiricilər ev və çöl siçanları, boz və qara siçovullar, sünbülqıranlar, su siçanı və s.-dir. Bu zaman həm profilaktika işləri aparılır, həm də bunları tələf edirlər. Profilaktika məqsədilə ərzaq məhsullarını gigiyenik cəhətdən elə yerlərdə yerləşdirirlər ki, həmin gəmiricilər ora girə bilməsinlər. Gəmiriciləri bioloji, kimyəvi və mexaniki yolla qırırlar.
Bioloji metod onların düşmənlərindən pişiklərdən, itlərdən və s. istifadə edilməsidir. Mexaniki üsul isə tələlərdən istifadə olunmasıdır.
Kimyəvi metodda müxtəlif zəhərlərdən, kükürd anhidridindən və s. istifadə edilir.
Bundan başqa, aldadıcı yemlərdən (krısid, zookumarin, difenasin, ratindan, barium-karbonat, sink-fosfid, tiosemikarbazid, arsen preparatları) istifadə edilir. Bunları hazırlayarkən çörək, sıyıq, xəmir, tərəvəz, taxıl və s. qatırlar. Gəmiriciləri cəlb etmək üçün ona günəbaxan yağı və ət qiyməsi də qatılır. Zəhərli aldadıcı yemləri sanepidemioloji stansiyanın xüsusi təlim keçmiş işçiləri hazırlamalı və işlətməlidirlər.
Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları