Helmintozlar

Helmintozlar

Helmintozlar parazit qurdların - helmintlərin törətdiyi xəstəliklər qrupudur. İnsan bədənində 250 növdən artıq helmint parazitlik edir. Helmintlər həyat prosesində bir neçə ardıcıl inkişaf dövrü keçir. İnsan helmintlər üçün həm son, həm də ara sahib ola bilər.
Helmintozlarla mübarizə üçün sanitariya-baytarlıq, sanitariya maarifi tədbirləri həyata keçirirlər.

Fassioloz. Törədiciləri qaraciyər sorucusudur. Ölçüləri müvafiq surətdə 20-30 x 8-12 mm-dir. Yumurtaları çox iri, qapaqcıqlıdır.
İnsanlar və heyvanlar açıq sututarlardan su içəndə, adoleskarilərlə çirklənmiş su bitkiləri ilə qidalananda yoluxurlar. Adoleskarilər bağırsağın selikli qişasına daxil olub, qaraciyərə və öd axarlarına miqrasiya edir. Orada marit hala qədər yetişir və 3 - 4 aydan sonra yumurta ifraz etməyə başlayır.
İnkubasion dövr 1 həftədən 8 həftəyə qədərdir. Xəstəliyin ilk mərhələsində klinik təsvirdə allergiya simptomları üstünlük təşkil edir, qaraciyər böyüyə və ağrı verə bilər. Sonrakı dövrlərdə qaraciyərin funksiyası, həzm prosesi pozulur, xəstə taqətdən düşür.
Müalicə üçün 30-60 mq/kq sutkalıq dozada bir kursa 0,3 q/kq xloksil tətbiq edilir.

Proqanimoz. Törədicisi ağciyər sorucusudur. Yumurta-şəkillidir, ölçüsü 7,5-13 x 4-8 mm-dir. Bədəninin səthi tikancıqlarla örtülüdür. Yumurtaları ovalşəkilli, qapaqcıqlıdır.
Parazitin son sahibləri və invaziya ocağı bəlğəmlə (nadir hallarda nəcislə) helmint yumurtalarını xaricə ifraz edən insan, pişiklər, itlər, donuzlar və ətyeyən vəhşi heyvanlardır. Ara sahibləri şirin su molyusklarıdır. Əlavə sahibləri şirin su krabları və xərçənglərdir.
İnkubasiya dövrü bir neçə gündür. İnvaziyanın erkən mərhələsi üçün enterit, hepatit və təhlükəsiz gedişli aseptik peritonit simptomları xarakterikdir. Bu mərhələdən sonra cavan qurdların parazitliyi nəticəsində plevra-ağciyər sindromu inkişaf edir. Həmin sindrom bronxit, ocaqlı pnevmoniya, çox vaxt ekssudativ plevrit simptomları ilə müşayiət olunur. Bu mərhələdə bəlğəmdə helmint yumurtaları tapılmır.
Müalicə zamanı sutkada 2-3 dəfə yeməkdən sonra 40 mq/kq bitinol təyin edilir; yaşlılara bir müalicə kursunda 300 - 400 mq/kq bitinol verilir. Simptomatik və patogenetik terapiya aparılır.

Teniarinxoz. Törədicisi öküz soliteri və qarmaqsız soliterdir. Lentvarı bədəni çoxlu sayda buğumlardan ibarətdir, uzunluğu 7-18 m-ə çatır. Qurdun başcığının diametri 1,5-2 mm-dir, dörd sormacı (sorucu orqanı) var. Bədəninin distal hissəsində yetkin buğumların ölçüsü 20-30 x 12 mm-dir, uzunluğu enindən artıqdır. Bir yetkin buğumda 170000-dək yumurta, yumurtaların da içində rüşeym (onkosfer) olur.
Teniarinxoz helmintoz-antroponozdur son sahib və invaziya ocağı insandır. Yoluxandan 2 - 3 ay sonra insanın nazik bağırsağında parazitlik edən strobiladan vaxtaşırı yetkin uc buğumları qopur. Onlar ya nəcislə xarici mühitə ifraz olunur ya da defekasiya aktından asılı olmayaraq bağırsaqdan aktiv surətdə çıxır. Hər buğumda 150000-dək yumurta olur, bunlar buğumdan ya insanın bağırsağına, ya da onun orqanizmindən kənara çıxır və xarici mühitə yayılır. Ara sahib qaramaldır. Onun əzələarası birləşdirici toxumasında sürfə mərhələsi sistiserk formalaşır. Sistiserk 4 ay keçdikdən sonra insan üçün invazion olur.
İnsan kifayət qədər emal edilməmiş invaziyalı qaramal əti yeyən zaman yoluxur. 2 aydan sonra helmint yetkinləşir və bir neçə on il parazitlik edir.
Xəstələrdə ürəkbulanması, qarında qurultu, meteorizm, vaxtaşırı və ya tez-tez olur. Zəif xəstələrdə invaziya ağır nevroloji simptomlarla - başağrısı, başgicəllənmə, ürəkkeçmə, yuxunun pozulması, hətta qıcolmalarla müşayiət olunur. Qanda yüngül leykopeniya və eozinofiliya olur, invaziyanın gedişində aradan qalxır. Xəstələrdə yüngül anemiya inkişaf edir.
Dehelmintizasiyası üçün fenosaldan geniş istifadə olunur.
Erkək ayıdöşəyinin efirli ekstraktı geniş işlədilir. Bu preparat böyüklərə 4,5 - 5,5 q təyin olunur. 2 yaşlı uşaqlar üçün doza 1 q, 3 yaşlılar üçün - 1,5 q, 4 yaşlılar üçün 2 q, 5 - 6 yaşlılar üçün 2 - 2,5 q, 7 - 10 yaşlılar üçün 3 q, 11 - 16 yaşlılar üçün 3,5 - 4,0 q təşkil edir.

Difillobotrioz. Difillobotrioz - peroral biohelmintoz, zoonozdur. Son sahibi və invaziya ocağı nazik bağırsağında parazitlik edən yetkin helmint olan insan və nadir hallarda balıq yeyən heyvanlardır. Birinci ara sahibləri ibtidai avarayaqlı xərçənglər, ikinci sahibləri balıqlardır. Onların orqanizmində pleroserkoidlər formalaşır. İnsan yoluxmuş, yaxşı bişməmiş, duzlanmamış balığı və ya onun kürüsünü yeyəndə invaziyalanır. Böyümüş qurd insanın bağırsağında 10 ilə qədər yaşayır. İnvaziyaya həssaslıq ümumidir.
Bəzi adamlarda zəiflik, başağrısı, başgicəllənmə, iş qabiliyyətinin azalması, mədə-bağırsaq yolu fəaliyyətinin pozulması əlamətləri, ürəkbulanma, bəzən qusma, yemək və defekasiya proseslərilə əlaqədar qarında ağrılar, qurultu, meteorizm olur, bağırsaq fəaliyyəti pozulur.
Difillobotriozun profilaktikasında əsas şərt invaziya olunmuş adamların dehelmintləşdirilməsi, sututarların nəcislə çirklənmədən qorunmasıdır.

Askaridoz. Askaridoz - peroral geohelmintoz, antroponozdur. Son sahibi və vahid invaziya ocağı insandır. Onun nazik bağırsağında cinsi yetkin askaridlər parazitlik edir Onların qoyduqları yumurtalar nəcislə ifraz olunur. Yumurtalar invazion mərhələyə oksigenlə zəngin, optimal temperaturu 24°C, nəmliyi 8 %-dək olan torpaqda çatır.
Qida maddələri və su invazion yumurtalarla çirklənəndə insan yoluxur.
Askaridlərin ömrü bir ilə qədərdir. Askaridoza tutulma qabiliyyəti ümumidir, ancaq uşaqlar daha tez tutulurlar. Askaridoza təkrar tutulma nəticəsində nisbi immunitet yaranır. Askaridoza tutulma ilin isti vaxtlarında daha çox olur.
Xəstələr iştahadan qalır və arıqlayırlar, onlar qarında tutmalarla keçən bərk ağrılardan, ürəkbulanmasından, qusmadan şikayətlənirlər. Bəzən ishala və ya qəbizliyə, yaxud onların hər ikisinə birlikdə meyl olur. Uşaqlar şıltaqlıq edir, pis yatır, pis oxuyurlar. Nevroloji əlamətlər daha aydın nəzərə çarpa bilər; psixomotor inkişaf ləngiyir, uşaqların intellekti azalır.
Askaridozun ilkin miqrasion mərhələsinin müalicəsi üçün 5-7 gün ərzində sutkada 2-3 dəfəyə 50 mq/kq dozada mintezol təyin edilir. 3-4 gün dalbadal gündə iki dəfə 100 q dozada vermoks da perspektivlidir.
Yüksək effektli dekaris tətbiq edilir. Onun birdəfəlik və bir kursluq dozası böyüklər üçün 150 mq, uşaqlar üçün 25 mq/kq-dır. Preparat axşam yeməyindən sonra, yatmazdan qabaq qəbul olunur.
Askaridoza qarşı geniş yayılmış və kifayət qədər effektli vasitə piperazin və onun duzlarıdır. Preparat cinsi cəhətdən yetkin və qeyri-yetkin helmintlərə təsir edir. Preparat gündə, hər dəfə 1 q olmaqla 3-4 dəfə (2 gün) təyin olunur.
Askaridozun profilaktikası sanitariya və müalicə tədbirləri kompleksindən ibarətdir.

Trixinellyoz. Trixinellyoz - peroral biohelmintoz, zoonozdur. İnsan natamam bişmiş invaziyalı heyvanın ətini yeyəndə yoluxur.
Ət yeyərkən udulmuş trixinella sürfələri sahibin mədəsində və nazik bağırsağında tez kapsuldan çıxır və 1-1,5 saatdan sonra bağırsağın selikli qişasına, daha sonra selikaltı qişasına daxil olur, bir sutka keçəndən sonra cinsi yetkinliyə çatır: kopulyasiya başlanır. 4-cü həftədə və 10 - 30 gün ərzində bəzən 50 günə qədər dişilər sürfələr doğur. Sürfələr limfatik damarla qan dövranı sisteminə, qanla eninəzolaqlı əzələlərə çatır və orada qalır, təkamül dövrünü davam etdirir: böyüyür, spiral kimi qıvrılır və kapsullaşır. İnkişafın 17-18-ci günü sürfələr yeni sahib üçün invazion olur.
Trixinellyozun əsas əlamətləri göz qapaqlarının və sifətin ödemi, mialgiyalar, qızdırma, qanda yüksək eozinofiliya sayılır. Konyunktivitlə bərabər, göz qapaqlarının və sifətin ödemi xəstəliyin ilk əlamətlərindəndir. Onlar 1-5 gün ərzində meydana çıxır və inkişaf edir, xəstəliyin yüngül, orta ağır formasında 1 - 2, nadir hallarda 3 həftə davam edir. Xəstəliyin ağır formalarında əlamətlər tədricən inkişaf edir, çox qalır və residiv verə bilir, ödemin boyuna, bədənə, ətraflara yayılması pis proqnostik əlamətlərdir.
Müalicə tiabendazol və mebendazol ilə aparılır. Bu preparatlar parazitin bütün mərhələlərinə təsir göstərir. Lakin onların kapsul formalarına təsiri azdır. Müalicəni mümkün qədər tez, invaziyanın ilk 2 - 3-cü həftəsində başlamaq lazımdır. Tiabendazolu gündə 2 dəfə 5 mq/kq hesabı ilə 10 gün ərzində, mebendazolu isə sutkada 300 400 mq (600-dək), 2 həftə təyin edirlər. Desensibilizasiyaedici və simptomatik terapiya çox geniş aparılır. Xəstəliyin ağır hallarında kortikosterioidlərdən orta və yüksək dozalarda istifadə olunur.

Ankilostomidozlar. Ankilostomidozlar antroponoz, geohelmintozlardır. İnvaziya mənbəyi nazik bağırsağın proksimal hissəsində yumurta qoyan yetkin helmintlərin
parazitlik etdiyi xəstə insandır. Yumurtalar nəcislə torpağa düşür, orada 14-16°C-dən yüksək temperaturda kifayət qədər nəmlikdə, yaxşı aerasiya şəraitində helmintlərdə
sürfələr yetişir və yumurtadan çıxıb 7-15 gün ərzində invaziya mərhələsinə çatır.     
Xəstəlik insana zədələnmiş dəridən və çirkli qida məhsullarından istifadə edən zaman peroral yoluxur.
Dəridən yoluxma zamanı sürfələr çox mürəkkəb miqrasiya edir. Qan-damar sistemi ilə ağciyərlərə, sonra udlağa, ağıza keçir, orada udularaq mədəyə və sonra bağırsağa düşür. Yetişmiş ankilostomalar insan orqanizmində 5 - 6 il, nekatorlar 10-15 il yaşayır. Ankilostomidlər yapışıb, sonra yerdəyişməklə qanla qidalanır.
Xəstələri ürəkbulanma narahat edir, qusmaya, diareyaya meyllilik artır. Epiqastral nahiyədə, çox vaxt şiddətli ağrılar olur. Bu ağrılar onikibarmaq bağırsağın xora xəstəliyi zamanı olan ağrıları xatırladır.
Xəstələrin müalicəsində dehelmintləşdirmə əsas yer tutur. Aşağıdakı antihelmint preparatlardan daha çox və müvəffəqiyyətlə istifadə olunur: 1) kombantrin - bir kursluq dozası yemək zamanı 10-20 mq/kq; 2) mebendazol 3 gün ərzində hər dəfə 100 mq olmaqla gündə 2 dəfə; 3) levamizol, dekaris yatmazdan əvvəl 2,5 mq/kq effekt olmayanda bir həftədən sonra təkrar kurs lazımdır; 4) tiabendazol 2 gün ərzində, sutkada 2 dəfə, hər dəfə 25 mq/kq yeməkdən sonra; 5) naftamon acqarına 5 q kursluq doza.
Ankilostomidozların profilaktikasına - invaziyaları aşkara çıxarmaq və müalicə etmək üzrə kompleks tədbirlər, habelə torpağı, şaxta və yeraltı qurğuları dezinfeksiya etmək və onları nəcislə çirklənmədən qorumaq üzrə sanitariya-epidemioloji tədbirlər daxildir.

Enterebioz. Enterobioz peroral kontaktlı helmintoz, antroponozdur. İnsan invaziyanın vahid ocağıdır. Cinsi yetkin qurdlar nazik bağırsağın distal hissəsində, kor bağırsaqda, qalça və çənbərbağırsaqda parazitlik edir. Mayalanmış dişi qurdlar düz bağırsağa enir, anus dəliyindən aktiv surətdə çıxıb (adətən, gecələr) peranal nahiyənin və aralığın dərisi üzərinə yumurta qoyur. Yumurtalarda yetkin mərhələyə çatmış sürfələr olur, onlar insanın dərisi üzərində 4-6 saat ərzində tam inkişaf edir. Bizquyruqla yoluxma autoinvaziya yolu ilə - yataq ləvazimatı, alt paltarları və i. a. vasitəsilə olur.
Enterebiozun sonrakı fazasında xəstələr əsasən perianal nahiyədə gicişmədən şikayətlənirlər ki, bu da onları ancaq gecələr narahat edir. Massiv invaziya zamanı gicişmə dözülməz olur, aralıq bud, qarın tənasül orqanları nahiyəsinə yayılıb, xəstəni həm gündüz, həm də gecə narahat edir.Qaşınma nəticəsində piodermiya olur. Xəstələrin yuxusu pozulur, onlar əsəbi olur, iş qabiliyyətini itirirlər.
Bəzi xəstələrdə enterebiozun spesifik terapiyasının effektli olmaması, ümumiyyətlə, sanitariya-gigiyena normalarına riayət edilməməsi nəticəsində təkrar autoinvaziya ilə əlaqədardır. Çox şiddətli qaşınma zamanı anestezin məlhəmi təyin edilir.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

Top