Qızdırma xəstəlik deyil, əksinə fərqli xəstəliklərin əlaməti kimi meydana çıxır. Bədən hərarətinin yüksəlməsi elə də qorxulu bir hal deyil. Əksinə temperaturun yüksəlməsi bədənin reaktivliyinin (yəni zərərli maddə və ya mikroorqanizmlərə qarşı reaksiya qabiliyyəti) güclü olmasını göstərir. ızdırma haqqında bədən temperaturunun 38°C-dən yüksək olması zamanı danışılır. Temperaturun ən düzgün təyin etmə üsulu onun düz bağırsaqda, qulaqda və ya ağız boşluğunda ölçülməsidir.
Normal bədən temperaturu səhərlər ağız boşluğunda 36.8±0.4°C hesab edilir. Temperaturun yüksəlməsindən aslı olaraq qızdırmanın aşağıdalı formaları müəyyən edilir:
- Temperaturun 38°C-yə qədər yüksəlməsinə subfebril qızdırma deyilir
- Bədən temperaturunun 38-38,5°C arasında olması mülayim qızdırma hesab edilir
- Bədən temperaturunun 39°C-dən çox olması yüksək qızdırma hesab edilir
Bədən temperaturu baş beyində hipotalamus tərəfindən requlyasiya edilir. Pirogen adlanan maddələr bədən hərarətinin requlyasiyası üçün cavabdehdirlər. Orqanizmin özündə sintez edilən endogen və ya bakteriya, virus, göbələk və parazitlər tərəfindən ifraz edilən ekzogen pirogenlər hipotalamus vasitəsilə bədən hərarətini yüksəldir. Pirogenlər bədəndə prostoqlandin E2-nin (PGE2) sintezini təmin edir ki, PGE2 öz növbəsində hipotalamusa təsir edərək bədənin sistemli reaksiyasını törədir.
Qızdırmanın tipləri
Qızdırmanın xarakteri onun səbəbləri haqqında ilkin fikir yarada bilər. Xarakterinə görə qızdırmanın aşağıdakı tipləri qeyd olunur:
- Subfebril hərarət: bədən temperaturu 38°C-yə qədər yüksələ bilir və gün ərzındə bu həddə qədər dəyişə bilir. Bu tip qızdırma adətən vərəm, revmatik xəstəliklər və xərçəng zamanı qeyd edilir.
- Daimi qızdırma (febris continua): gün ərzındə çox dəyişməyən (1°C-dən az) davamlı yüksək hərarət qeyd edilir. Bu tip hərarət bakterial və ağır virus infeksiyaları zamanı ola bilər.
- Zəiflədici qızdırma (febris remittens): gün ərzində çox dəyişən (2°C-yə qədər), amma normal səviyyəyə düşməyən yüksək hərarət qeyd edilir. Bu tip qızdırma lokal məhdudlaşmış bakterial infeksiyalar, orta qulaq iltihabı, burun ətrafı ciblərin iltihabı və sidik yollarının infeksiyaları zamanı rast gəlinir.
- Dəyişən qızdırma (febris intermittens): gün ərzində çox dəyişən (2°C-yə qədər) və normal səviyyəyə qayıda bilən yüksək hərarət qeyd edilir. Bu tip hərarət daha çox sepsis və absesslər zamanı rast gəlinir.
- Qayıdan qızdırma (febris recurrens): müntəzəm olaraq normal hərarətli günlərlə kəsilən qızdırma epizodları qeyd olunur. Bu tip gızdırma daha çox malariya zamanı qeyd edilir.
Qızdırmanın səbəbləri
Qızdırmanın çeşidli səbəbləri mövcuddur. Ən tez-tez rast gəlinən səbəb bakterial və ya virus infeksiyalarıdır. Bununla yanaşı, iltihabi və revmatik xəstəliklər, eləcə də xərçəng də qızdırma törədə bilir. Aşağıda ən çox rast gəlinən səbəblər və yanaşı geddən əlamətlər qeyd edilmişdir:
- Yuxarı tənəffüs yollarının infeksiyaları. Yanaşı olaraq zökəm, öskürək, boğazda ağrı qeyd edilir.
- Orta qulağın iltihabı (Otitis media). Yanaşı olaraq qulaqda ağrı, ağıreşitmə qeyd edilir.
- Bronxitlər. Yanaşı olaraq öskürək, təngnəfəslik qeyd edilir.
- Tonzillit (Angina tonsillaris). Yanaşı olaraq boqazda ağrı, badamcıqlarda irinləmə və ağızdan iyi qeyd edilir.
- Siunsitlər (Sinusitis). Başqa sözlə burunətrafı ciblərin iltihabı adlandırılan sinusitlər zamanı yanaşı olaraq burundan gəlinti, tıntıllıq və baş ağrıları qeyd edilir.
- Mədə-bağırsaq infeksiyalrı. Yanaşı olraq ishal və qusma qeyd edilir.
- Ağciyərlərin iltihabı (Pnevmoniya). Yanaşı olaraq öskürək, tıngnəfəslik, döş qəfəsində ağrılar qeyd edilir.
- Sidik yollarının infeksiyaları. Yanaşı olaraq sidiyə getmə ağrılı, tez-tez və yarımçıq olur. Qarının aşağı nayihəsində zəif ağrılar olur.
- Appendisit. Yanaşı olaraq sağ qalça çuxuru nayihəsində ağrılar və gərginlik, ürəkbulanma, qusma qeyd olunur.
- Meningit. Başqa sözlə beyin qişasının iltihabı adlanan meninqitlər zamanı yanaşı olaraq başda ağrılar, boyun əzələlərində gərginlik, işıqdan qorxu və digər nevroloji əlamətlər qeyd edilir.
- Osteomielit. Başqa sözlə sümük iltihabı adlanan osteomielitlər zamanı yanaşı olaraq sümükdə ağrı, iltihaba uğramış regionda qızartı və şişkinlik qeyd olunur.
- Abses. Başqa sözlə iməhdudlaşmış irinlik adlanan abses zamanı yerləşməsindən aslı olaraq şişkinlik, qızartı, ağrı və əl vurduqda istilik qeyd olunur.
- Bəzi spesifik infeksiyalar: HİV, Vərəm, Borrelyoz, Malariya və s. Yanaşı olaraq bu infeksiyalar zamanı fərqli xarakterik əlamətlər qeyd oluna bilər.
- İltihabi Bağırsaq Xəstəlikləri. Bunlara Kron xəstəliyi, xoralı kolit aid edilir. Yanaşı olaraq ishal, qarında ağrı, qanlı nəcəs ifrazı qeyd olunur.
- Revmatoloji xəstəliklər. Yanaşı olaraq dizlərdə ağrı, qızartı, şişkinlik qeyd edilir.
- Xərçəng xəstəlikləri. Qızdırma törədə biləcək xərçəng xəstəliklərinə leykoz, limfomaları aid etmək olar. Yanaşı olaraq limfa düyünlərinin böyüməsi, zəiflik, səbəbsiz arıqlama qeyd olunur.
- Bəzi dərman maddələri də qızdırma verə bilir.
Ev şəraitində nə etməli
Qızdırma zamanı bədən dəri vasitəilə çoxlu maye itirir. Bu itkinin yerini doldurmaq üçün çoxlu miqdarda su, çay, meyvə şirələri içmək tövsiyyə olunur. Çoxlu mayenin qəbulu eyni zamanda qızdırmanı törədən faktorların tər və ya sidik vasitəsilə xaric edilməsinə də kömək edir. Qızdırma zamanı elə geyim seçmək lazımdır ki, bədən istini xaricə ötürə bilsin. Bu nöqteyi-nəzərdən nazik pambıq alt köynəkləri daha məqsədəuyğundur. Qızdırma zamanı otaq temperaturunun yüksək olmasına elə də ehtiyac yoxdur. Tövsiyyə olunur ki, qızdırmalı çox fiziki işlə məşğul olmaq məqsədəuyğun deyil və qısa bir müddət istirahət götürmək daha düzgündür. Amma bütün günü yataqda keçirmək də tövsiyyə olunmur. Hərarətinin çox yüksək olması hallarında soyuq su ilə isladılmış dəsmalla bədən silinə bilər. Su çox soyuq olmamalı və bu prosedura 10-15 dəqiqədən çox olmamalıdır.
Qızdırmanın salınması üçün hər hansı bir dərman maddəsinin özbaşına istifadə edilməsi düzgün deyil və mütləq həkimin məsləhəti ilə qəbul edilməlidir.
Həkimə nə zaman müraciət edilməlidir?
Yuxarıda sadaladıqlarımızdan görünür ki, hərarət fərqli səbəblərdən yarana bilir və ağırlıq dərəcəsinə görə bir-birindən kəskin fərqlənə bilir. Elə qızdırma olur ki, öz-özünə keçib gedir. Amma eləsi də var ki, həkimin ciddi nəzarəti altında müalicə olunmalı və hətta bəzən cərrahi əməliyyat belə keçrilə bilər. Odur ki, hansı hallarda həkimə müraciət etmənin lazım gəliyi haqqında dəqiq tövsiyyə vermək çətindir. Hətta adi insanın diqqətini çəkməyən və xəstəni çox narahat etməyən qızdırma həkim tərəfindən ciddi bir patologiyanın səbəbi kimi qiymtləndirilə bilər. Bu nöqtey-nəzərdən qızdırma hallarında həmişə həkimə müraciət etmək tövsiyyə edilir. Aşağıdakı hallarda həkimə müraciəti qətiyyən gecikdirmək olmaz:
Çox yüksək qızdırma
Bir neçə gen davam edən qızdıma
Qızdırma ilə yanaşı digər şikayətlər olarsa: ürəkbulanma, qusma, sidiyi getmənin ağrılı olması, qarında ağrı, ümumi zəiflik və s.
Qızdırma ilə yanaşı nevroloji əlamətlərin, qıcolmaların olması
Müalicə
Qızdırmanın səbəbindən aslı olaraq müalicəsi həkim tərəfindən təyin edilir. Məsələn, bakterial infeksiyalar zamanı həssaslıq nəzərə alınaraq antibiotiklərin təyini ilə müalicə aparıla bilər. Əgər qızdırmanın səbəbi absesdirsə yerləşməsindən aslı olararaq fərqli üsullarla açılaraq irin xaric edilməlidir. Əməliyyatdan sonra isə həkiminiz infeksiyanın tam aradan qaldırılması üçün fərqli dərmanlar təyin edə bilər. Beləliklə, qızdırma zamanı əsas məqsəd qızdırmanı törədən səbəbin düzgün müəyyən olunması və onun zamanında aradan qaldırılmasıdır.