Bağırsaq infeksiyaları

Bağırsaq infeksiyaları

Dizenteriya. Dizenteriyanın inkubasiya dövrü 1 gündən 7 günə qədər çəkir. Əksər hallarda xəstəlik kəskin başlanır. Xəstələr titrətmədən və ya üşütmədən, qızdırma hissindən şikayətlənirlər. Bədən temperaturu tez maksimal rəqəmlərədək (38-40° C) yüksəlir. Bu səviyyədə bir neçə saatdan 2-5 günə qədər qalır.
Xəstələr qarında, daha çox sol qalça çuxuru nahiyəsində lokallaşan kəsici tutmaşəkilli ağrılardan şikayətlənirlər.
Dizenteriyanın qızğın dövrü 1 - 2 gündən 8-9 günə qədər davam edir. Xəstəlik simptomlarının sönməsi zamanı intoksikasiya sindromu əlamətləri zəifləyir. Kəskin dizenteriya. Xəstəliyin yüngül kolit forması, adətən, temperaturun 37-38°C-dək qısamüddətli yüksəlməsi ilə kəskin başlanır. Xəstəliyin birinci saatlarında zəiflik, iştahanın azalması müşahidə edilir, sonradan qarında orta dərəcədə ağrılar meydana çıxır. Defekasiya (qarın işləməsi) 3-5 dəfəyə qədər və daha çox tezləşir. Xəstələr əmək qabiliyyətlərini saxlayırlar və tez-tez özünümüalicə ilə məşğul olurlar.
Müayinə zamanı dil ərpli olur, bağırsaq ağrıyır, bərkiyir, quruldayır. Xəstəlik 5, daha az hallarda 7-8 gün davam edir və sağalma ilə qurtarır.
Xronik dizenteriya. Sinir sisteminin, mədənin, qaraciyərin, mədəaltı vəzinin xəstəlikləri, qurd və protozoa invaziyaları xronik dizenteriyanın inkişafına imkan yaradır.
Mərkəzi sinir sistemi çox və ya az dərəcədə zərər çəkir. Xəstələr əsəbi olurlar, tez həyəcanlanırlar, onların iş qabiliyyəti azalır, yuxusu pozulur, tez-tez başağrıları olur.
Dizenteriyalı xəstələri evdə, yaxud stasionarda müalicə etmək olar.    
5-7 gün ərzində sutkada yeməkdən sonra 4 dəfə (hər dəfə 0,1-0,15 q) furazolidon (furazolin, furodonin, furagin) təyin edilir.
Sutkada 4 dəfə 0,5 q (gündə 4 dəfə 2 həb) enteroseptol, gündə 4 dəfə (hər dəfə iki) intestopan, meksaform, meksaza həbi təyin olunur.
İzotonik duz məhlulları (natrium-xloridin izotonik məhlulu, Ringer-Lokk məhlulu, «Tristol», «Asesol», «Laktosol» məhlulları) tətbiq olunur. Onları 1-2 1 həcmində venaya vururlar.
Vitaminlər kompleksi (dekamevit, undevit) tətbiq edilməlidir.

Qarın yatalağı.
Qarın yatalağı zamanı inkubasion dövr 7 - 25 gün, çox vaxt isə 9 - 14 gün olur.
Xəstələr tez yorulduqlarından, getdikcə şiddətlənən zəiflikdən, üşütmə, güclənən başağrısından, iştahanın azalmasından və ya olmamasından şikayətlənirlər. Bədən temperaturu hər gün pilləvarı surətdə yüksələrək, xəstəliyin 5-6-cı günü 39-40°C-yə çatır. Bu vaxt bütün intoksikasiya təzahürləri artır. Xəstə çox zəifləyir.
Xəstəliyin 8-10-cu günü dəri üzərində xarakterik ekzentema (dəri səpgisi) görünür.
Xəstəliyin nəticəsində qarın yatalağının spesifik ağırlaşmalarından bağırsaq qanaxması, peritonit və infeksion-toksik şok daha çox təsir göstərir.
Qeyri-spesifik ağırlaşmalara pnevmoniya, meningitlər, pielitlər, parotitlər, stomatitlər və s. aiddir.
Müalicə. Qarın yatalağının gedişi və nəticəsi düzgün qulluqdan, pəhrizdən, antibakterial və patogenetik dərmanların vaxtında təyin edilməsindən asılıdır.
Xəstənin rahatlığını, münasib yataqda yatmasını, gigiyenik şəraitdə qalmasını təmin etmək lazımdır. Ağız boşluğuna və dəriyə qulluğun böyük əhəmiyyəti vardır.
Tifo-paratifoz xəstəliklər zamanı antibiotiklərdən ən effektlisi levomisetindir. Ampisillindən də müvəffəqiyyətlə istifadə oluna bilər.
Törədici mikroblar antibiotiklərə qarşı davamlı olduqda, gündə 2 dəfə 2-3 tablet baktrim (biseptol), yaxud gündə 4 dəfə 0,15-0,2 q nitrofuran preparatları (furazolidon) tətbiq edilir. Orqanizmin dezintoksikasiyası üçün venaya Ringer məhlulu, 5 %-li qlükoza məhlulu, natrium-xloridin izotonik məhlulu, 5 albumin məhlulu və s. təyin edilir. Eyni zamanda vitaminlərdən (askorbin turşusu, rutin, B1, B6, B12) geniş istifadə olunur.
Bağırsaq qanaxmasında 12 - 24 saat arxası üstə ciddi yataq rejimi lazımdır. Qarının üstünə buz qoymalı, xəstə 10 - 12 saat heç nə yeməməlidir. Xəstəyə 500 ml-dən artıq maye verilməməlidir. Sonralar kiçik porsiyalarla selikli həlim, şirələr, jele, kisel, ət və ya balıq bulyonu təyin edirlər.

Qida toksikoinfeksiyası.
Qida toksikoinfeksiyası kəskin, adətən, qısamüddətli xəstəlikdir. İnkubasiya dövrü çox qısadır, orta hesabla 30 dəqiqədən 12 saata qədər davam edir və 24 saatdan artıq olmur. Ürəkbulanmadan sonra qusma başlanır. Qusma çox nadir hallarda bir dəfə olur, əsasən tez-tez təkrar edilir, bəzən ardı-arası kəsilmir, əziyyətli, üzücü olur, epiqastral nahiyədə bərk ağrılar olur. Qusma ilə, demək olar ki, bir vaxtda ishal başlanır.
Qarında ağrı bu xəstəliyin daimi əlamətidir. Hələ birinci saatlar sinir sisteminin zədələnməsi əlamətləri (başağrısı, zəiflik, başgicəllənmə, ağır hallarda tormozlanma və özündəngetmə) aşkar olur.
Obyektiv olaraq xəstələrdə dərinin solğunluğunu, bəzən sianozunu, ətrafların soyumasını müəyyən edirlər. Ürək-damar sistemi müntəzəm olaraq pozulur: bradikardiya müəyyən edilir, bəzi xəstələrdə nəbz tezləşir, arterial təzyiq düşür.
Müalicə. Qida toksikoinfeksiyasının klinik-epidemioloji diaqnozu qoyulduqda, təmiz yuyuntu suyu alınana qədər mədəni dönə-dönə əsaslı surətdə yumaq lazımdır. Mədə kalium-permanqanatın zəif məhlulu, 4 natrium-hidrokarbonat məhlulu, tanin məhlulu və ya aktivləşdirilmiş kömürün suda suspenziyası ilə yuyulur.
İntoksikasiyanı aradan qaldırmaq, su-duz balansını bərpa etmək və hemodinamikanı yaxşılaşdırmaq üçün venaya kristalloid məhlulları: Ringer məhlulu, "Trisol", "Asesol", "Laktosol", "Kvartasol" və s. yeridilir. Qida toksikoinfeksiyası zamanı antibiotiklərin, sulfanilamidlərin və başqa kimyəvi preparatların təyin edilməsi məqsədəuyğun deyildir.

Vəba.
Vəba kəskin bağırsaq infeksiyasıdır. İnkubasion dövrü bir neçə saatdan 5 sutkaya qədər (orta hesabla 2-3 gün) davam edir.
Defekasiyaların sayı sutkada 3-dən 10-dək və daha çox olur. Xəstənin iştahası azalır, onda yanğı hissi və əzələ zəifliyi meydana çıxır. Bədən temperaturu, adətən, normal qalır. Müayinə zamanı nəbzin tezləşməsi, dilin quruması aşkar edilir. Qarın çəkilir, ağrısız olur. Dəri quruyur, turqoru azalır, davamsız sianoz qeydə alınır. Çox vaxt səsin xırıltılı olması, nəbzin tezləşməsi, arterial təzyiqin enməsi müşahidə edilir.
Qusma kəsəndən sonra daxilə 5 sutka ərzində gündə 4 dəfə 0,3 - 0,5 q dozada tetrasiklin təyin edirlər.

Viruslu hepatit.
Viruslu hepatit əsasən qaraciyərin zədələnməsi ilə cərəyan edən infeksion xəstəliklər qrupudur. Virus hepatitinin bir neçə forması ayırd edilir.
Xəstəlik dörd dövrün olması ilə xarakterizə edilir: inkubasion, prodromal, sarılıq və rekonvalessensiya. Virus A hepatitində inkubasion dövr 7 gündən 50 günə qədər, B hepatitində 40 - 180 günə qədər, C hepatitində 14 - 50 günə qədər uzanır.
Bu zaman xəstənin iştahası pisləşir, hətta kəsilir, onda yeməyə qarşı ikrah hissi yaranır. Ürəkbulanması, qusma, epiqastral nahiyədə və sağ qabırğa altında küt ağrılar, qəbizliyə meyllik olur. Lakin duru nəcis ifrazı da ola bilər. Bəzi xəstələrdə xolesistit tutmalarına, öd sancılarına oxşayan ağrı təzahür edir.
Sarılıqqabağı dövrün axırında xəstələrin çoxunun əhvalı bir qədər yaxşılaşır. Xəstəliyin yüngül formalarında yaxşılaşma bütün sarılıq dövrü ərzində davam edir. Virus hepatitinin ağır gedişi zamanı xəstələrin halı tədricən pisləşir, bəzən sarılığın ilk günlərində artıq kəskin qaraciyər çatışmazlığı inkişaf edir.


Sarılıq əvvəlcə skleralarda, dildə, damaqda meydana çıxır, sonradan üzün, bədənin, ətrafların dərisi saralır. Sarılığın intensivliyi çox vaxt xəstəliyin ağırlığına müvafiq gəlir. Xəstəlik dövrü 2-6 həftədən bir neçə aya qədər davam edir. Bu dövrdə intoksikasiya simptomları: zəiflik, əsəbilik, depressiya, yuxunun pisləşməsi, iştahanın azalması, ürək bulanması, qusma müşahidə olunur.
Kəskin qaraciyər çatışmazlığı viruslu hepatitin təhlükəli ağırlaşmasıdır və ölümlə nəticələnir. Xəstələrin ölməsinə massiv qanaxma, beyin ödemi, ağciyər ödemi, sepsis və s. səbəb olur.
Müalicə. Rejim və pəhriz əsas müalicə tədbiri sayılır. Hepatitin hər hansı bir formasına düçar olanlar xəstəliyin kəskin dövründə yataq rejimində olmalıdırlar.
Yüksək kalorili və keyfiyyətli qidalar qəbul edilməlidir. Xəstələrə tərkibində kifayət qədər zülal, karbohidratlar və yağlar (mal, qoyun, donuz piyi kimi çətin həzm olunan yağlar istisna edilir) olan yeməklər verilməlidir. Maye (su, çay, şirə, kisel) qəbulu 2-3 litrədək olmalıdır. Vitaminoterapiya təyin edilməsi məsləhətdir.
Xəstəliyin orta ağırlıqlı və ağır formalarında əlavə olaraq dezintoksikasiyaedici dərman maddələri: 5 %-li qlükoza, Ringer-Lokk məhlulu, 5-10 %-li albumin, zülal hidrolizatları, hemodez, reopoliqlükin, sorbitol və s. təyin edirlər. Bunlar venaya damcı-damcı yeridilir.

Top