Tibdə çoxdan məlumdur ki, irinli iltihab prosesləri xəstəni əhatə edən əşyalardan, havadan, yara ilə təmasda olan ləvazimatlardan və başqa mənbələrdən həmin nahiyəyə düşmüş bakteriyaların fəaliyyəti sayəsində törənir. Elmə məlumdur ki, irinləməni əmələ gətirən irintörədici mikroorqanizmlərdir. Belə bakteriyalara stafilokoklar, streptokoklar, pnevmokoklar, qonokokklar, bağırsaq çöpü, qarın yatalağı çöpü, göy irin çöpləri və s. aiddir.
Orqanizm mikroblarla ekzogen (xarici mühitdən) və ya endogen (daxildən) yolla yoluxa bilər.
Aseptika — orqanizmə və ya yaraya mikrobların düşməsinin qarşısını alan tədbirlər kompleksidir. Bunun üçün tibbi alətlərin sterilliyi əsas götürülür. Burada bir çox üsullardan istifadə edilir. Lakin yara ilə təmasda olan materialların xammalının xüsusiyyətindən asılı olaraq, fiziki üsullara daha çox üstünlük verilir, qaynatma, isti buxar, yüksək və ya aşağı temperaturdan istifadə edilir.
Bu tədbirlərə palataların və operasiya otaqlarının havasının, divar, döşəmə və tavanın təmiz saxlanması, xəstələrlə təmasda olan həkim və tibb işçilərinin təmizliyi, eləcə də operasiya əlcəklərinin, alətlərin sterilizasiya edilməsi, sarğı materiallarının, şpris və iynələrin sterilizasiyası və s. aiddir. Yaraları təmizləyərkən tənzifdən sarğı materialı, bint, tampon, salfet və s. istifadə edilir. İrinli sahələri təmizlədikdən sonra tənzif, salfet, kürəcik, bint və tamponlar mütləq yandırılmalıdır.
Tibbdə iki növ pambıq işlənir: ağ və boz. Ağ pambıq mayeni yaxşı sorur, boz pambıq isə mayeni sormur. Pambıq mütləq sterilizə olunmalıdır. Onlar əsasən avtoklavda, xüsusi metal qutularda sterilizə edilir. Bu, buxarla sterilizasiyaya əsaslanır. Tikiş materiallarını əsasən müxtəlif kimyəvi məhlullarda, metal alətləri, şüşə və rezin məmulatları isə qaynatmaqla sterilizasiya edirlər. Bu alətlər xüsusi sterilizatorlarda sterilizə edilir. Metal alətlər sökülüb sterilizatora yığılır, iti alətlərin sivri ucu pambığa bükülüb sterilizatora qoyulur ki, kütləşməsin. Şüşə alətlər, şprislər ayrıca olaraq sterilizasiya edilir, əsasən 20-30 dəqiqə qaynadılır.
Sterilizasiya olunmuş alətlər yalnız işlənərkən sterilizatordan çıxarılır.
Qaynatmaq mümkün olmayan alətlər, əşyalar kimyəvi maddələr, 96 %-li spirtlə silinməklə sterilizasiya edilir.
Bəzi əşyalar əldə işlədilərkən tez-tez spirtlə silinir.
İşlənmiş əşyalar, alətlər hamısı yenidən sterilizasiya olunmamış işlədilməməlidir. Xəstələrlə, yaralarla işləyərkən həkim və tibb işçilərinin də əlləri təmiz yuyulmalı, spirt və ya yod məhlulu ilə silinməlidir.
Antiseptika — iltihabi proseslərin, yaraların mikrobsuz müalicə üsulu olub, iltihab əmələ gətirən mikroorqanizmlərlə mübarizəyə, yaraların mikroblarla yoluxması nəticəsində orqanizmdə baş vermiş intoksikasiyanı aradan qaldırmağa və orqanizmin qoruyucu qüvvələrini artırmağa doğru yönəldilmiş bir sıra tədbirlər kompleksini birləşdirir.
Antiseptika üç qrupa bölünür:
- Mexaniki antiseptika — sırf mexaniki yolla yaradakı mikrobların məhv edilməsidir.
- Fiziki antiseptika — yaraların daxilində olan mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişsiz şəraitin yaradılması, yəni kəsmək, açmaq, sorucu kompreslərin qoyulması və s. ibarətdir.
- Kimyəvi antiseptika — kimyəvi maddələrin tətbiq edilməsi ilə yaraların mikrobsuzlaşdırılmasıdır.
Antiseptik maddələrə aşağıdakılar aiddir: karbol turşusu- mikroblara çox güclü təsir edir. Onun 2-5 %-li məhlulundan alətləri sterilizasiya etmək üçün istifadə olunur.
Lizol, xloramin, etil spirti və başqaları güclü antiseptik maddələrdir. Onlardan müxtəlif alətləri təmizləmək, mikrobsuzlaşdırmaq üçün istifadə edirlər.
Yod tinkturasının 5-10 %-li məhlulundan istifadə edərək, yaraları, operasiya ediləcək nahiyələri təmizləyirlər.
Hidrogen-peroksid — zəif antiseptikdir. Bununla irinli yaraları təmizləyirlər. Qələvi və üzvi maddələr toxunduqda tez parçalanan mayedir.
Kalium-permanqanat — metal kimi parıldayan tündbənövşəyi rəngdə kristaldır. Oksidləşdiricidir. 0,05-0,1 %-li məhlulları ilə yara və xoralar yuyulur.
Furasilin — ən güclü antiseptik olub, sarı rəngli, suda yaxşı həll olan kristallik maddədir. Suda, spirtdə məhlullarından, məlhəmlərindən istifadə olunur.
Rivanol — sarı rəngli tozdur, suda yaxşı həll olur. İltihabi proseslərin sağalmasına müsbət təsir göstərir.
Antibiotiklər də irinli, iltihab törədən mikroblara məhvedici təsir göstərir.
Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları