Qarın yatalağı. A, B paratifləri - bağırsaq infeksiyaları qrupuna aid olan kəskin infeksion xəstəliklər. Xəstəlik tədricən başlayır: xəstə zəifləyir, tez yorulur, baş ağrısı olur. Həftənin axırına yaxın bu hallar artır, temperatur qalxır, yuxu pozulur (gündüz yuxuculuq, gecə yuxusuzluq). Xəstədə bir keylik olur - üzərində mimika olmur, rəngi solğun olur, danışmır, heç bir şeylə maraqlanmır, dili quru, yoğun olub üzərində ərp əmələ gəlir, kənarlarında dişlərin izi görünür, qarın köpür, qaraciyər və dalaq böyüyür. Bəzən şüur tutqunlaşır, xəstə sayıqlayır, hallüsinasiya əmələ gəlir. Birinci həftənin axırında, yaxud ikinci həftənin əvvəlində açıq çəhrayı səpgilər əmələ gəlir; xəstəlik şiddətləndikdə, bakteriyemiya vaxtı səpgilər «quruyub tökülür», 4-cü həftədə xəstənin vəziyyəti yaxşılaşır.
Müəllif: M.S.Vinoqradova
Qarın yatalağı və paratiflərin bir sıra ciddi ağırlaşmaları olur. Bunlardan biri bağırsağın deşilməsidir ki, bu da adətən, xəstəliyin 3-cü həftəsində baş verir, lakin bundan da tez ola bilər. Ağrı əvvəlcə az olur, xüsusilə xəstənin vəziyyəti ağır olduqda. Lakin sonra artır; xəstə nəfəs aldıqda qarnını çəkir, peristaltika eşidilmir. Qarın əvvəlcə batıq, sonra köpmüş olur. Bağırsaq yarasının deşilməsindən şübhələndikdə dərhal həkimi çağırmaq lazımdır, o gələnə qədər isə leykositlərə görə qanı analizə göndərmək lazımdır. Rejimin pozulması (məsələn, vaxtından əvvəl ayağa durmaq, pəhrizi pozmaq) bağırsağın deşilməsinə səbəb olur. Müalicə ancaq cərrahi yolladır. Vaxtında həkim çağırılması xəstənin həyatının xilas edilməsində həlledici əhəmiyyətə malikdir.
İkinci qorxulu ağırlaşma bağırsaq qanaxmasıdır. Əgər o, yüksək temperaturla eyni vaxtda baş verərsə, xəstənin ümumi halı bir o qədər «yaxşılaşır» - temperatur düşür, şüur aydınlaşır, baş ağrısı azalır, lakin tez bir zamanda daxili qanaxma əlamətləri görünür: xəstə meyit kimi saralır, üzün cizgiləri sivriləşir, alında soyuq, yapışqan tər əmələ gəlir, taxikardiya, hipotoniya baş verir. Qanaxma nə qədər çox olsa kollaps əmələ gəlməsinə bir qədər çox ehtimal olur. Xəstənin nəcisində xalis qan ola bilər, yaxud nəcis qatrana oxşaya bilər, bu qanaxmanın intensivliyindən və bağırsaqların tez, yaxud gec boşalmasından asılıdır. Bu əlamətlər baş verdikdə tibb bacısı həkim gələnə qədər qanın hemoqlobinini təyin etmək üçün laborant çağıra bilər. Bağırsaq qanaxmasında xəstəyə tam sakitlik yaratmaq. Qətiyyən yemək verməmək, qarının üstündən buz qovuğu asmaq, venaya kalsium-xlorid və ya kalsium-qlükonat, plazma, eyni qrupun qanından 75-100 ml, əzələyə vikasol, jelatin vurmaq lazımdır.
Qarın yatalağı keçirmiş xəstələrin 3-5 %-i xroniki bakteriyagəzdiricidir, infeksiyanın yayılmasında bunlar xeyli rol oynayır.
Qarın yatalağı və paratiflə xəstələrin müalicəsində antibiotiklər (levomisetin), vaksin və ya V1-antigen tətbiq edilir, intoksikasiyaya qarşı müalicə aparılır. Xəstə asan həzm olunan və kalorili qida yeməlidir (yarımduru və duru sıyıqlar, içinə əzilmiş ət salınmış bulyon, püre, ət suflesi, omlet, ağ suxarı, əzilmiş təzə meyvə, giləmeyvə şirələri).
Xəstə bol maye içməlidir. Xəstəyə evdən gələn yeməkləri diqqətlə yoxlamaq lazımdır ki, ona zərər yetirən yeməklər (kolbasa, ədviyyatlı yeməklər, hisə verilmiş kolbasa, balıq və s.) əlinə düşməsin. Xəstə bütün qızdırmalı dövrdə və temperatur qaydaya düşdükdən sonra 10-12 gün yataqda olmalıdır, sonra rejimi yavaş-yavaş genişlənir, yəni ona ayağa durub gəzməyə icazə verilir. Bu dövrdə tibb bacısı xəstələrə diqqətini azaltmamalıdır, çünki bağırsaq deşilə bilər, yaxud bağırsaq qanaxması kimi ağırlaşmalar baş verə bilər. Ağız boşluğunun, qulağın, burunun, anusun, aralığın gigiyenasına fikir vermək lazımdır. Parotit əmələ gəlməməsi üçün hər dəfə yemək yeyəndən sonra ağızı yaxalamaq, dodaqlara və dilə kərə yağı çəkmək lazımdır. Pnevmoniyanın və yataq yaralarının qarşısını almaq üçün xəstəni tez-tez çevirmək, sarğıların və kürəklərin dərisini kamfora spirti ilə silmək lazımdır. Şöbə təmiz və isti olmalı, havası dəyişilməli, milçəklər girməməsi üçün pəncərələrə tor vurulmalıdır.
Bütün qulluq ləvazimatını işlətdikdən sonra qaynadırlar. Xəstənin işlətdiyi ləyəni, onun nəcisini və sidiyini başqa bağırsaq infeksiyalarında olduğu kimi dezinfeksiya edirlər. Çirkli paltarları camaşırxanaya göndərməmişdən əvvəl 1 %-li xloramində isladırlar. Paltarları ancaq yaş üsulla 2 %-li xlorlu əhəng məhlulu ilə yuyub təmizləyirlər. İşçilər əllərini 0,5 %-li xloramin məhlulu ilə sildikdən sonra ilıq su və sabunla yuyurlar.
Mənbə: Tibb bacısının məlumat kitabı