Skarlatina

Skarlatina

Skarlatina - kəskin streptokok xəstəliyidir. Titrətmə, 38-40°C-yə qədər temperaturla başlayır, boğazda ağrı olur, xəstə dəfələrlə qusur; xəstəliyin ilk günləri boyunun və döşün dərisində açıq çəhrayı, xırda nöqtələr şəklində səpgilər əmələ gəlir, sonra səpgilər gövdəyə və ətraflara keçir, dəri büküşlərində çox olur. Yanaqlar qıpqırmızı olur, burunda səpgilər olmur, dodağın və alt çənənin dərisi qızarmış nahiyələrin yanında solğun üçbucaq şəklində olur (Filatov simptomu). Səpgi azacıq qalxıb dəriyə kələ-kötürlük verir. Temperatur qaydaya düşdükdən 2-8-ci gündən etibarən dəri qabıq verməyə başlayır. Boyunda və çənə altındakı limfa düyünləri böyümüş olur və ağrıyır. Dil «moruğa» oxşayır, kataral, follikulyar və ya lakunar tonzillit əmələ gəlir. Xəstələri skarlatina şöbəsinə qoyurlar.
Müalicəsi - antibiotiklər, vitaminlər, bütün bədənə ultrabənövşəyi şüalar vermək. Xəstələrə qulluq etdikdə ağız boşluğunu təmizləmək vacibdir, hər dəfə yemək yeyəndən sonra ağzı yaxalamaq lazımdır, burunu vazelin yağı ilə isladılmış pambıqla selikdən və qartmaqdan təmizləyir, qulaqların təmizliyinə fikir verirlər. Dəri qabıq verdikdə qaşınma olduğu üçün xəstələrin dırnağını dibdən tutmaq lazımdır ki, dırnaq yarası əmələ gəlməsin, bu zaman gigiyenik vannaların faydası olur (xəstəni vannada tək qoymaq olmaz!). Ancaq rezin və plastik kütlədən hazırlanmış oyuncaqlara icazə verilir, çünki bunları da qab-qacaq kimi hər gün qaynatmaq lazımdır. Palataları ancaq yaş üsulla süpürüb silirlər. Palatanın havasını yaxşı dəyişir və kvars lampası asırlar. Tibb bacısı uşağın sidiyinə diqqət yetirməlidir, çünki xəstəlik böyrəklərə ağırlaşma verə bilər.

Müəllif: M.S.Vinoqradova
Mənbə: Tibb bacısının məlumat kitabı

Top