Virus hepatiti

Virus hepatiti

Virus hepatiti - iki müstəqil xəstəlikdən - infeksion hepatit və serum hepatitindən ibarətdir. Törədiciləri - viruslardır. Xəstəlik tədricən başlayır. Əvvəlcə qida ilə zəhərlənməyə və ya kəskin respirator xəstəliklərinə oxşayır. 7-12 gündən sonra sidik tündləşir (pivə rəngində olur), çox keçmədən skleralar, sərt damaq, dilçək və dəri sarılıq gətirir.
Nəcis açıq rəngdə olub boz gilə oxşayır. Qaraciyər böyüyür. Serum hepatitində sarılıq dövrü infeksion dövrdə olduğundan xeyli uzun çəkir. Adətən intoksikasiya açıq-aşkar görünür: xəstə süst, yuxucul olur, iştahadan düşür, ürəyi bulanır, qusur, defekasiya dəyişkən olur. Hepatitin ən təhlükəli ağırlaşması qaraciyər komasıdır ki, bu da, adətən, xəstənin ölümü ilə nəticələnir.
Yüngül formada infeksion və serum hepatitinin kəskin mərhələsində xəstələrin dərman müalicəsinə ehtiyacı olmur. Yüngül pəhriz saxlamaq, yağda qızardılmış, hisə verilmiş, sirkəyə qoyulmuş qidaları, ədviyyatı və spirtli içkiləri pəhrizdən çıxarmaq kifayətdir; sutkada 2-3 l-ə qədər su içmək, meyvə şirələri, morslar tövsiyə edilir; bağırsaqların vaxtlı-vaxtında boşalmasına fikir vermək lazımdır.
Xəstəlik orta dərəcədə olduqda intoksikasiyaya qarşı müalicə aparılır, ağır keçdikdə isə kortikosteroid hormonlar tətbiq edilir.
Hepatitli xəstəyə qulluq etdikdə tibb bacısı əllərini yaxşı yumalı, xəstənin işlətdiyi bütün şeyləri qaynatmalıdır. Tibb bacısı xəstənin yeməyinə və rejiminə xüsusi diqqət yetirməlidir (bütün sarılıq dövründə xəstələr yataq rejimində olurlar).
Xəstədə ürəkbulanma olduqda və gücləndikdə, o, yeməkdən imtina etdikdə, qusduqda, yuxucul, yaxud həyəcanlı olduqda tibb bacısı tez həkimi çağırmalıdır, çünki bu əlamətlər intoksikasiyanın gücləndiyini və qaraciyər çatışmamazlığı ola biləcəyini göstərir. Həkim gələnə qədər tibb bacısı qlükoza məhlulu, hormonal preparatlar, oksigen hazırlamalıdır. Hepatit şöbəsində tibb alətlərinin sterilizasiyasının xüsusi əhəmiyyəti vardır.

Müəllif: M.S.Vinoqradova
Mənbə: Tibb bacısının məlumat kitabı

Top