Vəba - ağır ümumi intoksikasiyası nazik bağırsağın zədələnməsi, su-duz mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir; çox qorxulu infeksiyalar qrupuna aiddir. Törədicisi - vəba vibrionudur (son vaxtlar Əl-Tor tipi).
Müəllif: M.S.Vinoqradova
Əl-Tor vəbasının xüsusiyyəti keçirilmiş xəstəlikdən sonra uzun müddət vibrongəzdirmə, xəstəliyin silinmiş formaları, Əl-Tor vibrionlarının əlverişsiz amillərinin təsirinə çox davamlı olmasıdır. Vibrion ət, balıq məhsullarında və tərəvəzdə otaq temperaturunda 2-5 gün yaşayır. Vəba ən çox süd, su kəmərinin və açıq su hövzələrinin suyu ilə yayılır. Havanın temperaturu düşdükdə və su mənbələri donduqda belə vəba vibrionları qışdan salamat çıxa bilir.
Vibrionların turşularla son dərəcə həssas olmasının xüsusi əhəmiyyəti vardır, içməli suyu zərərsizləşdirəndə bundan istifadə edilir.
Xəstəlik kəskin şəkildə başlayır. İshal əmələ gəlir, sonra nəcis su kimi olur və çox ifraz olunur. Adətən, qarında ağrılar olmur. İshalın sayı xəstəliyin gedişinin ağırlığına müvafiq olur. Tipik hallarda nəcis düyü həliminə oxşayır, əzilmiş kartof və ya balıq şorbası iyi verir. Xəstələrin əksəriyyətinin dili quru, qarnı batıq olur. Bundan başqa ürəkbulanma, qusma, aşağı və yuxarı ətrafların qıcolmaları baş verir.
Uzun cizgiləri sinirləşir, gözləri içəri batır, skleralar bulanıqlaşır, dəri göyərir, soyuq olur, qırışır və qırışıqlar gec açılır («paltaryuyan qadın əlləri»). Səs boğuq olur və sonra batır. Təngnəfəslik, taxikardiya güclənir, temperatur normadan aşağı olur. Müalicə olunmadıqda maye itkisi bədən çəkisinin 10-12 %-ni təşkil edir. Bədən çoxlu duz itirir.
Xəstəliyin ilk saatlarında müalicəyə başladıqda daha səmərəli olur, buna görə də tibb xidməti və birinci növbədə, xəstəxana həmişə hazır olmalı və orada həmişə lazımi qədər ehtiyat dərmanlar da olmalıdır.
Hər bir ayrıca halda müalicənin necə aparılması xəstənin bədəninin nə dərəcədə su itirməsindən asılıdır. Bədən çəkisinin 4-6 %-i qədər su itirilərsə, dərhal itirilmiş suyun və duzların yeri doldurulmalıdır, su itkisinin 7 %-dən çox olması həyat üçün çox təhlükəlidir.
Xəstəyə qusuntu, nəcis və sidiklə itirilən su qədər venaya çoxlu maye vurmağa başlayırlar. Bunun üçün axırıncıları yığır və ölçürlər. Xəstəni deşiyin diametri 10-20 sm olub xəstənin çanağına tən gələn xüsusi «vəba» çarpayısına uzadırlar, döşəyə müşəmbə tikir və döşəkdə çarpayının deşiyinə tən gələn deşik açırlar, ona müşəmbədən şlanq tikirlər; nəcis, sidik, bu şlanqdan dərəcəli qaba tökülür (vedrə, bak və s.), hər 2 saatdan bir itirilən mayenin miqdarını ölçürlər. Xəstəyə tərkibində natrium-xlorid, natrium-hidrokarbonat, kalium-xlorid olan məhlullar, müxtəlif nisbətlərdə götürülmüş apirogenli su, «Trisol» məhlulu vurulur. Bu məhlullar tez xarab olur, cəmi bir neçə saat yarayır, odur ki, tibb bacısı onların təzə olmasına fikir verməlidir. Standart duz məhlulunu 38-40°C-yə qədər qızdırıb venaya vurmaq olar. Son vaxtlar vəba xəstəsini antibiotiklərlə də (tetrasiklin, lakin mütləq maye də vurmalı) müalicə edirlər.
Xüsusi pəhriz tələb olunmur. Xəstələri 1-2 gündən başlayaraq yedizdirmək lazımdır, əvvəlcə yeməyi az-az verməli. Xəstəyə çoxlu maye içirtməyi yaddan çıxarmamalı.
Şöbədə palataları ancaq yaş üsulla - 0,5 %-li xloramin məhlulu, 0,2 %-li duruldulmuş xlorlu əhəng və ya 3 %-li lizol məhlulu ilə silib təmizləyirlər. Hər palatanın qapısında və şöbələrin çıxış qapılarında yerə dezinfeksiya məhlulunda isladılmış payəndaz atırlar. Əlləri tez-tez sabunla yuyur və 2 %-li xloramin məhlulu ilə dezinfeksiya edirlər.
Xəstənin ifrazatını dezinfeksiya edib kanalizasiyaya axıdır, yaxud bunun üçün qazılmış çirkab quyusuna tökürlər.
Vəba xəstəliyinin olduğu şöbədə tibb işçiləri xəstələrdən yoluxmamaq və infeksiyanın kənara çıxmaması üçün bütün tədbirləri görməli, xəstələri müşahidə edəndə son dərəcə diqqətli olmalı, həkimin təyin etdiyi bütün proseduraları yerinə yetirməlidirlər. Vəbanın kökünü kəsmək üçün görülən tədbirlər barədə xüsusi təlimatlarda və metodik göstərişlərdə ətraflı yazılmışdır; hər bir müalicə müəssisəsində mütləq bu təlimatlar olmalıdır..
Mənbə: Tibb bacısının məlumat kitabı