Tetanus

Tetanus

Tetanus - kəskin infeksion xəstəlikdir. Törədicisi - sinir sisteminə çox güclü təsir edən ekzotoksin buraxan sporlu çöpdür. Ümumi və yerli tetanus olur. Ümumi (yayılmış) tetanus ağır keçir və ölüm faizi yüksək olur (40-60%).
Tetanusun klinik mənzərəsi: ümumi intoksikasiya, ağzı açmağı və çeynəməni çətinləşdirən çeynəmə əzələlərinin (trizm) və mimiki əzələlərin qıcolmaları (xəstənin üzündə qəribə sardonik gülüş olur), arxa gövdə əzələlərinin tonik yığılmaları və bunun nəticəsində opistotonus və lordoz əmələ gəlməsi; şiddətli qıcolmalarda xəstə ənsəsini və dabanlarını yatağa dirəyib qıvrılıb qalır, hər cür xarici qıcıq güclü klonik qıcolmalar törədə bilər. Asfiksiyaya (boğulmaya) səbəb olan ağciyər, ürək çatışmamazlığı da döş və qabırğaarası, səs yarığındakı əzələlərin və diafraqmanın qıc olmaları ilə əlaqədardır.
Xəstələr uzun sürən yuxusuzluqdan əziyyət çəkirlər, onların şüuru adətən pozulmur, temperatur yüksək olur, pnevmoniya əmələ gəlir, sidik ifrazı çətinləşir. Xəstəlik ölümlə nəticələnmədikdə 2 həftədən 8 həftəyə qədər çəkir.
Tetanusun müalicəsi yaralan, o cümlədən xəstələnənə qədər sağalmış yaraları cərrahi yolla işləməkdən, tetanusa qarşı serum (Bezredka üsulu ilə) və anatoksin vurmaqdan, qıcolmaya qarşı dərmanlar (aminazin, pantopon, dimedrol, atropin, heksenal, teopeptal-natrium, seduksen) tətbiq etməkdən ibarətdir. Ağır hallarda kurareyə oxşar preparatlar vurur və xəstəni kənardan idarə olunan tənəffüsə keçirirlər.
Xəstənin olduğu şöbədə ciddi qoruyucu rejim olmalıdır. Xəstəni ayrıca palataya qoyurlar. Azacıq səs-küy, qapının cırıltısı, ayaq səsləri, tibb bacısının və həkimin qolaysız hərəkətləri, xəstənin paltarının dəyişməsi, çeynəmə əzələlərinin əziyyətverici qıcolmalarına, trizminə səbəb olur. Buna görə də belə xəstəni trizmin ən zəiflədiyi anı tapıb çox ehtiyatla və səbirlə yedizdirmək lazımdır. Çox vaxt xəstəyə zondla duru yeməklər verir, yeməyi verməmişdən qabaq qıcolmaya qarşı dərman vururlar. Baş çox isti olduqda, buz qoyur, bədəni yaş döşəkağıya bürüyürlər. Tibb bacısı yataq yaraları, irinliklər əmələ gəlməməsi üçün xəstənin dərisinə fikir verməlidir, çünki tetanusda xəstə çox tərlədiyi və toxumaların trofikasiyası pozulduğu üçün bunlar əmələ gələ bilər. Tetanuslu xəstəyə baxan tibb bacısı idarə olunan tənəffüsdə ona qulluğun xüsusiyyətlərini bilməlidir.

Müəllif: M.S.Vinoqradova
Mənbə: Tibb bacısının məlumat kitabı

Top