1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.
Əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI Əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i — yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin «Aprel balığı günü» də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə — məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını «söndürə bilərdilər». Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. «Səfehlər Günü»ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda «xuliqanlıq etmək» mümkün idi.
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.
Bu günü xoşbəxt olmayan gün sayanlar da varAlmaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.
Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.
Mətbuatda edilən məşhur zarafatlarMətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat-xəbərlər güldürsə də, kimlərsə zarafat xəbərlərə xeyli təpki göstərir. 1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.
1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.
1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb.
1977-ci ildə ingilis “The Guardian” qəzeti Hind okeanında uydurma San Şeriff respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb. 1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqlayıb.
1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib. Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib.
İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.
Mənbə:Vikipediya.az