Azərbaycan Televiziyasının fəaliyyətini iki mərhələyə bölmək olar:
müstəqilliyə qədərki və sonrakı dövrlər.
Başlanğıc
Azərbaycan televiziyası radiodan düz 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. Bu, Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi.
Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı.
Ilk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi nümayiş etdirildi.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı.
Ilk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.
1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı.
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı.
70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi.
Televiziyanın statusu
1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi.
1957-ci ilin oktyabrında Mədəniyyət nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı.
1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı.
1991-ci ildə komitə şirkətə çevrildi.
2003-cü ilin iyunundan Azərbaycan Dövlət Televiziyasının tərkibində olan Naxçıvan televiziyası müstəqil yayımçı kimi fəaliyyət göstərməyə başladı.
2005-ci ildən isə Azərbaycan prezidenti Ilham Əliyevin sərəncamı ilə şirkət «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.
Sədrlər
1956-cı ildə Bakı televiziya studiyasına Ənvər Əlibəyli, Radioinformasiya idarəsinə isə Israfil Nəzərov rəhbərlik edirdilər.
1957-ci il mayın 16-da Teymur Əliyev Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri, Nəsir Imanquliyev isə sədrin birinci müavini təyin edildi.
1965-ci ildə T.Əliyev Azərbaycan KP MK-da işə keçdiyi üçün Teleradio Komitəsinin sədri Ənvər Əlibəyli oldu.
1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylini Imran Mirzəyev əvəz etdi. Onun sədrliyi 11 ay çəkdi.
1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə təyin edildi. O, bu vəzifəni 1982-ci ilə qədər icra etdi.
1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olundu. 1990-cı il 20 Yanvar hadisəsindən sonra Quliyev vəzifəsindən istefa verdi.
1990-cı il yanvarın 27-də onu Qeysər Xəlilov əvəzlədi. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra etdi.
1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik etdi.
1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olundu və o, 1992-ci il mayın 14-nə qədər bu quruma başçılıq etdi.
1992-ci il martın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytardı, amma o, həmin postda yalnız 1 gün qala bildi.
1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Xalq Cəbhəsi Teleradio Şirkətinə şair Məmməd Ismayılı sədr təyin etdi.
1993-cü ildə Məmməd Ismayılı Babək Məmmədov əvəz etdi. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edildi.
1996-cı ilin sentyabrında Teleradio Şirkətinin sədri Nizami Xudiyev təyin edildi. 2006-cı ilin iyununda ölkə prezidenti Ilham Əliyevin əmri ilə N.Xudiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi.
2006-cı il avqustun 16-da prezident Ilham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov təyin edildi.
Ilk diktorlar
1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov var idi.
Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlimova, Rafiq Həşimov və başqaları.
Teleqüllə
1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı.
1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi.
1960-cı ildə Bakı–Ağstafa radiorele xəttinin istismara verilməsi ilə televiziya retranslyasiya stansiyaları Göyçay–Gəncə–Ağstafa məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində Azərbaycanın əksər rayon mərkəzlərində və yaşayış yerlərində televiziyaya baxmaq imkanı yarandı.
1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verdi.
1962-ci ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyasının sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan studiyası öz proqramlarını bu stansiyanın vasitəsi ilə yerli əhaliyə nümayiş etdirməyə başladı.
1964-cü il yanvarın 31-də Bakı–Moskva radiorele xəttinin istifadəyə verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi televiziyanın proqramlarına, «Intervideniye» və «Evrovidenie»nin verilişlərinə baxmaq imkanı əldə etdi.
Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi.
Hazırda Azərbaycan televiziyasının yaydığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər.
2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə «Teleradio» Istehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. Indi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya «Hot Bird» və «SESAT», Şimali Amerikaya «Galaxy 25», Asiyaya «Turksat 1C» peykləri vasitəsilə yayılır.
Təsadüfi deyil ki, 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülmüşdür.
Texniki imkanlar
1956-cı il sentyabrın 2-nə qədər Bakı studiyası artıq 100-ə qədər bədii film göstərmişdi. Bakılılar televiziya ilə «Sovet Azərbaycanı», «Elm və texnika», «Xarici xronika», «Pioner» adlı kino jurnallarına baxa bilirdilər. Moskvadan və SSRI-nin digər respublikalarından ölkəmizə qonaq gələn sənət adamları tez-tez Bakı studiyasından çıxış edirdilər.
Ilk dövrdə Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi.
Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün idi. Studiyadakı kamera sıradan çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından verilirdi.
1957-ci ildən STS-52 səyyar televiziya stansiyasının işə salınması studiyadankənar verilişlərin hazırlanmasına imkan yaratdı.
1957-ci il iyunun 9-da ilk dəfə Respublika stadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. Iyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı göstərildi. Akademik Dram, Opera və Balet teatrlarından, Filarmoniyadan, digər konsert salonlarından birbaşa yayımlara başlanıldı.
1958-ci ildə Leninqraddan (indiki Sankt-Peterburq) o dövr üçün müasir texniki vasitə sayılan səkkiz kanallı avadanlıq alındı, televiziya mərkəzində yenidənqurma işləri başlanıldı.
60-cı illərin ortalarından studiyalarda yeni texnologiya tətbiq edildi.
1965-ci ildən çəkiliş pavilyonunda istifadə olunan KMZI-4 videoyazı texnikası tamaşaların videomaqnit lentinə köçürülməsinə şərait yaratdı.
1970-ci ilə qədər yerli efir məkanında video texnikasının olmaması televiziyanın inkişafını ləngidirdi. Yalnız 1970–1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı.
1971-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş «Kadr-2» video sistemi isə montaj üçün əlverişli şərait yaratdı.
1970-ci ildən Moskva televiziyası proqramları rəngli yayımlamağa başladı. Azərbaycan televiziyası isə 1973-cü ildən yalnız Bakıda rəngli yayıma keçə bildi. 70-ci illərin ortalarından KADR-3R videmaqnitofonundan istifadəyə başlanılması keyfiyyətli elektron montajına şərait yaratdı.
1970–1980-ci illərdə videotexnika efirə yol açdı.
1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi televiziyadakı çıxışlarına görə SSRI-də 4-cü yerə çıxdı.
1981-ci ildən 1991-ci ilə qədərki vaxtı əhatə edən dövrdə o zaman üçün ən qabaqcıl sayılan texniki vasitələr televiziya məkanına yol açdı. Texniki imkanların genişlənməsi verilişlərin keyfiyyətini ildən-ilə yüksəltdi, yeni formalar axtarıb tapmaqda kömək etdi. Video kameralarının vasitəsilə çəkilişlər aparmaq, montaj etmək, həm də birbaşa efirə çıxmaq mümkün oldu.
Hazırda isə Azərbaycan televiziyası rəqəmsal istehsalata keçmək üzrədir.
Verilişlər
Ilk illərdə «Azərbaycan bəstəkarlarının portretləri», «Ədəbiyyat və incəsənət», «Azərbaycan ədəbiyyatının klassikləri», «Görkəmli səhnə ustaları», «Bakının teatr və konsert salonlarında», «Lenin mükafatı laureatları», «Məktəb və həyat», «Xalq drujinaçısı», «Bizim qonaqlarımız», «Festival qarşısında» və s. bu kimi verilişlər efirə çıxırdı.
1958-ci ildən başlayaraq proqramlarda publisistik janra üstünlük verildi, reportajların sayı artdı. Bayram tədbirlərindən, iclaslardan, görüşlərdən birbaşa yayımlar reportajları zənginləşdirən amilə çevrildi.
60-cı illərin sonundan proqramların texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları da nəzərə çarpırdı.
Azərbaycan televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verməyə başlayıb. Ilk dövrdə bu veriliş «Günün yenilikləri» adlanırdı. Həmin ilin aprelindən informasiya buraxılışı «Son xəbərlər» adı ilə həftədə 5 dəfə efirdə göstərildi. Iri həcmli xəbərlər proqramının nümayişi isə Mərkəzi televiziyanın «Vremə» («Zaman») informasiya proqramının yaranışından sonraya təsadüf edir. 1967-ci ildə «Günün ekranı» xəbərlər proqramı efirə çıxdı. Bu proqram ölkədə və dünyada cərəyan edən ən mühüm hadisələri, rəsmi məlumatları və görüşləri tamaşaçılara çatdırırdı.
1960–70-ci illərdə yerli televiziyada «Odlar diyarı», «Dostluq», «Zaman və biz», «Yaddaş: Tarixin səsi» «Sənayemizin üfüqləri», «Tələbə klubu», «Şən və hazırcavablar klubu» kimi verilişlər yaranmışdı.
1960-cı il dekabrın 31-də ilk dəfə «Sizinlə birlikdə» Yeni il proqramı nümayiş olundu. Canlı efirdə 2 saatdan artıq davam edən verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik, bir neçə müəssisədən çəkilmiş süjet və söhbətlərdən istifadə edildi. Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani idi.
70-ci illərin sonunda ekranda «Insan və qanun», «Ədəbiyyat və zaman» «Valideynlər, sizin üçün», «Hünər», «Tələbə klubu» «Sağlamlıq», «Incəsənət», «Hekayə axşamı», «Yumoristik novellalar», «Necəsən, gənc dost?», «Yeddinci qitə», «Yaşıdlar», «Məktəblilərin rəqs salonu», «Kamillik» kimi maraqla izlənən verilişlər vardı.
70-80-ci illərdə televiziya jurnalistikası sahəsində Ələkbər Abbasov, Tofiq Axundov, Zeynal Məmmədli, Nadir Abdullayev, Qərib Əhmədli, Telman Qafarov, Tamilla Aşumova, Nadejda Ismayılova, Telli Əliyeva, Tofiq Abbasov, Ilqar Qasımov, Osman Mirzəyev, Samir Əsgərxanov, Famil Ismayılov kimi jurnalistlər fəaliyyət göstərirdilər. Onlar yeni forma və üslub nümayiş etdirməyə çalışırdılar.
80-ci illərdə Azərbaycan televiziyasında 50 adda veriliş yayımlanırdı. Onların arasında «Günün ekranı», «Aşkarlıq», «Sizin istəyinizlə», «Arzular», «Səhər görüşləri», «Komediyalar aləminə səyahət», «Dialoq», «Dalğa», «Açıq-aşkar», «Aktual söhbət», «Publisist», «Inam», «Dünyaya pəncərə» «Çay dəstgahı» və s. verilişlər var idi. Vaqif Səmədoğlunun «Caz aləmində», Mehdi Məmmədovun «Rampa», Xudu Məmmədovun «Evrika», Kamal Abdullanın «Qoşma», Ayaz Salayevin «Retro» Aleksandr Qriç və Intiqam Qasımzadənin «Bayatı» ədəbi almanaxı kimi verilişlər tamaşaçılar arasında böyük rəğbət doğurmuşdu.
80-ci illərdə AzTV-də Idman verilişləri baş redaksiyası yaradıldı. AzTV-də futbol oyunlarından reportajlar hazırlayan şərhçi nəsli yetişdi. Onların arasında Çingiz Ismayılov, Aydın Əliyev, Aqşin Kazımzadə, Ələkbər Abbasov, Nicat Rəhimov kimi idman jurnalistləri var idi. Bundan başqa, efirə «Şahmat məktəbi», «Səhər gimnastikası» adlı proqramlar çıxdı. Gimnastika hərəkətləri tanınmış pianoçular Gülarə Əliyeva və Zaur Rzayevin ifası ilə müşayiət olunurdu. Zaman ötdükcə AzTV səhər idman proqramlarını təkmilləşdirdi. Mərkəzi televiziyada olduğu kimi, studiyaya müxtəlif gimnast qrupları dəvət edilirdi. Keçən əsrin sonlarında isə hətta aerobika məşğələləri təşkil olundu. Səhər gimnastikasına maraq bu gün də nəzərə alınır və «Səhər» proqramında gimnastika hərəkətlərinə həsr olunmuş ayrıca bölüm həftə ərzində tamaşaçılara təqdim olunur.
Hazırda Idman redaksiyası «Olimp», «Nokaut», «Miksfayt», Idman icmalı və digər proqramlarla tamaşaçıların idmana olan marağını əhatə etməyə çalışır.
«Teleteatr»
1956-cı ilin iyulunda Nəriman Nərimanovun «Şamdan bəy» əsərindən rejissor Rauf Kazımovskinin ekran quruluşu verdiyi bir neçə epizod göstərildi. Daha sonra Məhərrəm Əliyevin «Sən gözəlsən», Süleyman Sani Axundovun «Laçın yuvası» pyesi və Mehdi Hüseynin «Səhər» romanı əsasında hazırlanmış tamaşalar təqdim edildi.
1960-cı illərin ortalarında «Şəlalə» televiziya teatrı yaradıldı. Həmin dövrdə Adil Isgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski, Ağəli Dadaşov, Arif Babayev, Kamil Rüstəmbəyov, Lütvi Məmmədbəyov, Ağakişi Kazımov, Ismət Səfərəlibəyov, Tahir Tahirov, Kərim Kərimov kimi rejissorlar ekranda sanballı tamaşalar yaratmaqla televiziya teatrının inkişafına xidmət göstərdilər.
Bir sıra ekspertlərin televiziya incəsənətinin «Paqanini»si adlandırdıqları Arif Babayev isə tamaşanı televiziya üslubunda hazırlayan ilk rejissor sayılır. O, bunun əsasını Konstantin Paustovskinin povesti üzrə hazırladığı «Qar» teletamaşası ilə qoydu.
Rauf Kazımovskinin 1975-ci ildə M.F.Axundovun əsəri əsasında çəkdiyi «Aldanmış kəvakib» tamaşası ictimaiyyət arasında böyük maraq doğurdu.
70-80-ci illərdə Azərbaycan televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev və digər rejissorlar öz fəaliyyətləri ilə diqqəti cəlb etdilər. Ramiz Həsənoğlu Anarın «Ötən ilin son gecəsi», «Mən, sən, o və telefon», «Dindirir əsr bizi», Ruhəngiz Qasımovanın «Yollar kəsişəndə», Hüseyn Cavidin «Topal Teymur», Rauf və Zəminə Hacıyevlərin «Ordan-burdan», Anarın «Evləri köndələn yar», Vaqif Səmədoğlunun «Yaşıl eynəkli adam» əsərlərinə quruluş verdi. Tariyel Vəliyevin Aslan Qəhrəmanovun əsərləri əsasında çəkdiyi «Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz» tamaşa serialı cəmiyyətdə maraq doğurdu.
80-ci illərdə Ilyas Əfəndiyevin «Sən həmişə mənimləsən», «Atayevlər ailəsi», Mehdi Hüseynin «Alov», M.Cavaxişvilinin «Günahsız Abdulla», I.Məlikzadənin «Qatarda», Aleksey Dudarevin «Astana», M.Süleymanlının «Kökdən düşmüş piano», Karlo Qoldoninin «Mehmanxana sahibəsi», Aleksey Arbuzovun «Köhnə dəbli komediya» kimi tamaşalara da ekran həyatı verildi.
1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə «Sabah» yaradıcılıq birliyi yaradıldı. Birliyə rejissor Ramiz Həsənoğlu rəhbər təyin olundu. «Sabah» ilkin olaraq Cəlil Məmmədquluzadənin «Kamança» pyesinin motivləri əsasında televiziya tamaşası hazırladı. Daha sonra «Ac həriflər», «Anamın kitabı», «Yurd yeri», «6№-li palata», «Məhbus», «Şəkilçi», «Bala, başa bəla», «Kral ölür», «Gecə», «Qayalarda qalan səs», «Yarımştat», «Kleopatra», «Fatehlərin divanı», «Nigarançılıq», «Dədə Qorqud», «Yumurta», «Nekroloq», «Dəvətnamə» kimi populyarlıq qazanan əsərlərə quruluş verildi.
«Azərbaycantelefilm» Yaradıcılıq Birliyi
Artıq 1958-ci ildən başlayaraq Bakı Televiziyasında çalışan rejissor və operatorlar sənədli televiziya filmləri çəkməyə başladılar. 1960-cı ildə kinorejissor Kamil Rüstəmbəyov Səməd Vurğunun eyniadlı poemasının ssenarisi əsasında «Aygün» bədii televiziya filminin çəkilişinə başladı. Filmin operatoru Əlihüseyn Hüseynov, rəssamı Fikrət Əhmədov, bəstəkarı Zakir Bağırov, səs operatoru Ağahüseyn Kərimov idi. Film ilk dəfə 1961-ci ildə Bakı televiziyasında nümayiş etdirildi. Kamil Rüstəmbəyov Azərbaycan kino tarixinə ilk bədii televiziya filminin rejissoru kimi daxil oldu.
1965-ci ildə rejissor Rasim Ismayılov «Danışan işıqlar» adlı ilk çizgi televiziya filmini çəkdi. Filmin operatoru Vaqif Behbudov, rəssamı Rafiz Ismayılov, bəstəkarı Ruhəngiz Qasımova idi.
1968-ci ildə fəaliyyətə başlayan «Ekran» yaradıcılıq birliyi həmin illərdə bədii, sənədli, portret, çizgi filmlərinin yaradılmasında mühüm rol oynadı. 1973-cü ildə bu qurumun adı dəyişdirilərək «Azərbaycantelefilm» Yaradıcılıq Birliyi oldu.
Daha sonra «Xəzərdə möcüzə», «Üzeyir Hacıbəyov», «Xalq nəğməkarı», «Toğrul Nərimanbəyov», «Dənizdə şüa» və s. filmlər yarandı.
Telefilmin ilk dövrlərində yaradıcılıq uğurlarının qazanılmasında A.Babayev, K.Rüstəmbəyov, R.Kazımovski, N.Həsənov, N.Şıxəliyev, A.Çeçikov, S.Əliyev, I.Kərimov, A.Qazıyev, E.Ibrahimov kimi rejissor, ssenarist, kinooperator və səs rejissorlarının rolu olmuşdur.
Rauf Kazımovski «Bəşir Səfəroğlu» və «Aktrisanın təbəssümü», Arif Qazıyev «Toy» etnoqrafiya, F.Əmirov, Q.Qarayev, Z.Xanlarova haqqında portret, Teymur Bəkirzadə T.Salahov haqqında «Axtarış həvəsi», Ramiz Axundov «Bu, Səttar Bəhlulzadədir» qısametrajlı, Nazim Abbasov «Müşfiq» filmlərini lentə aldılar. Daha sonra «Buxta üzərində günəş», «Abşeron mahnıları», «Bakı arxipelaqı», «Həyat romansı», «Şövkətin mahnıları» kimi filmlər yaradıldı.
Rejissor Nazim Rzayevin Xəzərin ekologiyasından bəhs edən «Insan Xəzəri xilas edir» filmi 1969-cu ildə Klaypeda, 1970-ci ildə isə Riqada keçirilmiş sənədli televiziya filmləri festivalında xüsusi mükafatlara layiq görüldü.
1970-ci ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə televiziyanın maddi-texniki təchizat bazasını möhkəmləndirmək məqsədilə kinokompleks inşa olundu. Kinobazanın mövcudluğu çoxlu sayda sənədli televiziya filmlərinin çəkilişinə şərait yaratdı.
Müstəqillik dövründə ölkəmizin ekran salnaməsini yaradan «Işğal», «Qaçqınlar», «Azərbaycan faciəsi» kimi sənədli filmlər çəkildi. Hər üç filmin rejissoru Nazim Abbas oldu. Heydər Əliyev, Süleyman Dəmirəl kimi siyasi xadimlərə, Şövkət Ələkbərova, Xəlil Rza, Cövdət Hacıyev kimi sənətkarlara həsr olunmuş portret filmlər çəkildi.
2008-ci ilə kimi Birlikdə 800 saat həcmindən çox sənədli televiziya filmləri istehsal olunub. Müxtəlif janrlarda hazırlanmış bu televiziya filmlərinin əksəriyyəti kinolentə çəkilib, qalan hissəsi isə videolentə alınıb. Hacırda televiziyanın fondunda xalqımızın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə, incəsənətinə, elm və sənət xadimlərinə həsr olunmuş yüzlərlə sənədli televiziya filmləri qorunub saxlanılır.
Müstəqilliyə aparan yol
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan televiziyası üçün əsl sınağa çevrildi. Kommunist partiyasının nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRI daxilində başlayan münaqişəyə hazır olmadığından Azərbaycan televiziyası informasiya siyasətini düzgün qura bilmədi. Separatçıların Xankəndidə keçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri Azərbaycan televiziyası yalnız 10 gündən sonra – «yuxarı»nın icazəsi ilə «Qarabağda yaranmış durum» adı altında efirə verdi. Sov.IKP Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun və Mərkəzi Komitə üzvlərinin Azərbaycana qarşı tutduqları ədalətsiz mövqeyə qarşı Bakıda başlayan kütləvi nümayişlər zamanı da meydandan birbaşa yayıma TV iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün oldu. Azərbaycan televiziyasının əməkdaşları da xalqla birlikdə Qorbaçovun antiazərbaycan siyasətinə və Azərbaycanın o zamankı rəhbərliyinin milli maraqlardan uzaq olan davranışına və addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini, erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdi. Azərbaycan televiziyası ilə çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini, respublikamızda yaranmış idarəolunmaz ictimai-siyasi vəziyyəti, xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər. Moskvadan gələn emissarların Azərbaycan televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku partladıldı.
Azərbaycan televiziyasının yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov 131 dinc oğlu və qızı sovet ordusu tərəfindən qətlə yetirilən xalqımıza başsağlığı verdi.
Lakin televiziyamız hərbçilərin nəzarəti altında fəaliyyət göstərdiyi üçün efirə yalnız hərbi senzorun «qayçı»ladığı məlumatlar, veriliş və proqramlar gedirdi. Bu cür vəziyyət 1991-ci ilin sentyabrına qədər davam etdi. Moskvada baş verən QKÇP-dən sonra isə Kremlin Azərbaycana təyin etdirdiyi prezident Ayaz Mütəllibov sovet ordusunun dəstəyindən məhrum oldu və postsovet məkanında respublikaların müstəqil dövlətə çevrilməsi qarşısıalınmaz proses halı aldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan televiziyası əyalət telekanalından müstəqil dövlətin əsas televiziyasına çevrildi.
Müstəqilliyin çətin yollarında Azərbaycan Televiziyası da itkiyə məruz qaldı. 1991-ci il noyabrın 20-də Qarabağın Qarakənd kəndi yaxınlığında Azərbaycan rəsmilərinin içərisində olduğu vertolyot partladılarkən Azərbaycan televiziyasının jurnalisti Alı Mustafayev, operatoru Fəxrəddin Şahbazov və 19 yaşlı işıqçısı Arif Hüseynzadə də həlak oldular. Daha sonra ilk addımlarını Azərbaycan televiziyasında atan reportyor Çingiz Mustafayev cəbhə bölgəsində aldığı güllədən dünyasnı dəyişdi.
1991-ci ilin sonlarında telekanalda Rusiya teleməkanında gedən proseslərin təsiri altında islahatlar aparıldı: redaksiyaları studiyalar, diktorları isə aparıcılar əvəz etdi; «24 saat» Informasiya proqramının məzmun və formasında dəyişikliklər edildi; «1000 saniyə» adlı gecə informasiya proqramı, «215 KL təqdim edir», «Xoş gördük», «Qulp» və sair verilişlər efirə çıxdı.
1992-ci ilin əvvəlindən ölkədə ictimai-siyasi vəziyyətin ağırlaşması, Dağlıq Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatların miqyasının genişləndirilməsi, Rusiya hərbçilərinin bilavasitə iştirakı ilə Xocalı soyqırımının törədilməsi, Şuşanın işğalı, Laçının gözlənilən işğalı, 1992-ci il mayın 15-də Mütəllibovun AXC hakimiyyəti ilə əvəzlənməsi AzTV daxilində gedən proseslərə də öz təsirini göstərdi. Təkcə onu demək kifayətdir ki, 1991-ci ilin sonundan 1992-ci il mayın sonuna qədər olan müddətdə AzTV-də 4 sədr dəyişdirilmişdi.
Bu dövrdə müxtəlif siyasi qüvvələrin tələbi ilə efir vaxtı istənilən an dayandırılır və bəyanatlar verilirdi. 1993-cü il martın sonunda televiziyada baş nazir Pənah Hüseynovla AMIP təmsilçilərinin debatı zamanı Daxili işlər naziri Isgəndər Həmidovun birbaşa efirə gələrək müxalifət nümayəndələrini və televiziya əməkdaşlarını təhqir etdi. Bu hadisə ictimaiyyətin böyük narazılığına səbəb oldu. 1992–1993-cü illərdə hərbi-vətənpərvərlik ideyalarına, eləcə də milli dəyərlərə bəsit yanaşma tərzi televiziyanın nüfuzunun getdikcə aşağı düşməsinə gətirib çıxardı.
1993-cü il iyunun 4-də Gəncədə cərəyan edən hadisələr zamanı əhalinin düzgün məlumatlandırılması baxımından televiziya çox mühüm rol oynadı. Məlum hadisələr zamanı Bakıya dəvət olunmuş Heydər Əliyev müsahibələrinin, bəyanatlarının, Milli Məclisin iclaslarının canlı yayımına üstünlük verdi. «Talış–Muğan Respublikası» separatizmi, 1994-ci il oktyabr, 1995-ci il mart hadisələri zamanı da Heydər Əliyev Azərbaycan televiziyası vasitəsilə ictimaiyyətlə birbaşa ünsiyyət qurdu. Bu böyük siyasətçi dövlətimizə qarşı məkrli plan hazırlayanların bütün əməllərinin necə məharətlə alt-üst edildiyini bütün ictimaiyyətə nümayiş etdirirdi. 1994-cü il oktyabrın 4-də Heydər Əliyevin televiziya ilə xalqa müraciət etməsi nəticəsində yüzlərlə insan, o cümlədən müxalifətçilər də Prezident Aparatının qarşısına yığışaraq ölkə prezidentinin siyasi kursunu müdafiə etdiklərini birmənalı şəkildə bəyan etdilər. Ictimaiyyət Surət Hüseynovun dövlət çevrilişinə cəhdinə etirazını bildirərək, müstəqil dövlətdə, sabitlik və demokratiya şəraitində yaşamağa üstünlük verdiklərini nümayiş etdirdilər. Bu mitinq bütün gecə ərzində Azərbaycan televiziyası ilə canlı olaraq yayıldı. Ertəsi gün Azərbaycan televiziyasının səyyar kameraları Azadlıq meydanında davam edən mitinqi bütün ölkəyə yayımladı.
Ölkədə sabitlik möhkəmləndikcə, televiziyada yeni verilişlər yaradılmağa başlandı: «Postskriptum», «Bura Vətəndir», «Milli qəhrəmanlarımız», «Bakı studiyası təqdim edir», «Həyat», «Gizli və aşkar», «TV kuryer», «Məmləkətim», «Avtoqraf» və s.
2006-cı ildə ölkə başçısının fərmanı ilə Azərbaycan televiziyasının rəhbərliyində dəyişiklik edilməsi televiziyanın həyatında mühüm mərhələnin başlanmasına təkan verdi. Ekranda dəyişiklik öncə «Xəbərlər», «Günün nəbzi» və «Həftə» analitik-informasiya proqramlarında özünü göstərdi. Azərbaycan televiziyasının xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırıldı. Hazırda onlar Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan və Qazaxıstanda fəaliyyət göstərirlər.
2007-ci il isə Azərbaycan televiziyası üçün yeniliklər ili oldu: ciddi kadr islahatları aparıldı, yeni proqramlar, verilişlər, tamaşalar meydana gəldi, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edildilər, planlı şəkildə efirə və kanalın infrastrukturuna kapital qoyuluşu həyata keçirilməkdədir. AzTV yenidən Azərbaycan teleməkanında ən peşəkar televiziya olmağa və televiziya dəbinin qanunvericisinə çevrilməyə çalışır.
Hazırda Azərbaycan televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli filmlər nümayiş etdirilir. Tamaşaçıların rəğbətini qazanan verilişlər sırasında «Şəxsən siz», «Zamanla üz-üzə», «Birincilər», «Xəbər var», «Sələflər, xələflər», «Tərəf müqabili», «Etimad», «Avtoqraf», «Sözün sirri», «Benefis», «Muğam dünyamız», «Intellekt», «Kinoklub», «Olimp», «Kinoştrix», «Məclisi-üns», «Gülməşəkər», «Amfiteatr», «Karvan» «Azərbaycan Respublikasına xidmət edirəm!» və digərlərini göstərmək olar.
Azərbaycan televiziyasının Heydər Əliyev Fondunun dəstəyilə, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirdiyi «Muğam müsabiqəsi-2007» isə nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda yaşayan soydaşlarımızın dərin rəğbətini qazandı.
Nailiyyətləri
Azərbaycan teleradiosuna peşəkar televiziyaçılardan və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan televiziya və radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox telejurnalistimiz və rejissorumuz müxtəlif dövlət mükafatlarına — fəxri adlara, orden və medallara layiq görüldülər.
Yalnız 2006–2007-ci illərdə göstərdiyi fəaliyyətə görə Azərbaycan televiziyası müxtəlif dövlət strukturlarının, ictimai təşkilatların mükafat və diplomlarına layiq görülüb.
Türkiyənin Yıldırım bələdiyyəsinin təşkil etdiyi Aşıqlar bayramının, Uluslararası Yunus Əmrə kültür və sənət həftəsinin işıqlandırılmasına, Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində Iqdır vilayətinin inkişafı ilə bağlı «Gələcəyə aparan yol» sənədli filminin ərsəyə gəlməsində əhəmiyyətli xidmətlərinə görə AzTV Yıldırım və Iqdır bələdiyyələrinin, Əskişəhər valiliyinin rəsmi təşəkkürünü qazanıb.
Teleməkanda yerləri
Qürurla demək olar ki, Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Televiziya məkanımızın BIRINCISININ izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
1991-ci ildə məhz Azərbaycan televiziyası rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya kimi tarixə düşən «215 KL» adlı qrup fəaliyyətə başladı. Həmin studiya Azərbaycan televiziyasının tərkibində və onun daxili vəsaiti hesabına yaradılmışdı.
Hazırda özəl kanallardan biri sayılan ANS də Nazirlər Sovetinin qərarı ilə məhz Azərbaycan televiziyasının binasında müstəqil studiya kimi fəaliyyətə başladı. 1992-ci ilin martında bu studiyanın ilk proqramı olan «Xəbərçi» Azərbaycan televiziyasının proqramları tərkibində efirə çıxdı. Yalnız 1994-cü ilin mayında ANS müstəqil kanala çevrildi.
Sonrakı illərdə Azərbaycan televiziya və radiosunda yetişən peşəkar televiziyaçılar «Lider», «Speys», ITV kanallarının yaradılması prosesində yaxından iştirak etmişlər. Azərbaycan televiziyası eləbir məktəbdir ki, bu gün onun hətta təqaüdə çıxmış kadrları da bir sıra özəl kanallar tərəfindən işə cəlb olunurlar.
Mənbə: Az tv
Bu Yazını İstinadsiz Yaymaq qadağandir Və yaziya görə müəllif (kurdamir) məsulliyət daşımır...