Valideynlərin məktəb dərdi

Valideynlərin məktəb dərdi

                                                                  

Bir uşağı məktəbə göndərmək valideynə neçəyə başa gəlir?

 

Dərs ili yaxınlaşır. Uşaqlar sevinir, onların valideynlərini isə qayğı bürüyüb. Xüsusən, bir neçə övladını məktəbə yola salan valideynlər çətin vəziyyətdə qalıblar. Çünki məktəbə göndərilən övladlarına forma almalı, həmçinin kitab-dəftər və digər ləvazimatlarla təmin etməlidirlər.


Bütün bunların həyata keçirilməsi isə orta statistik azərbaycanlının cibinə uyğun deyil. Ayda 300-400 manat maaş alan ailə başçısı övladını məktəbə göndərmək üçün bir ayın maaşının ən azı yarısından gözünü çəkməlidir.

İldən-ilə qiymətlər bahalaşır

Bakıda dərslik və digər məktəb ləvazimatları satılan dükanlara baş çəkib qiymətlərlə maraqlandıq. Məlum oldu ki, bir şagirdin dərsliklə təmin olunması orta hesabla 150 manatı keçir.

Məsələn, metronun “28 May” stansiyasının yaxınlığında olan kitab mağazasında birinci sinif üçün kitablar və iş dəftərləri satışa tam tərkibdə çıxarılmadığından, neçəyə başa gələcəyini hələlik müəyyənləşdirə bilmədik. Digər məktəb ləvazimatlarına gəlincə, onların qiymətində ötən illə müqayisədə artım var. Dəftərlər 3-5, sadə qələmlər 4-6, rəsm dəftərləri, rəngli qələmlər 10-15 qəpik, məktəbli çantaları isə 3-6 manat bahalaşıb.

Birinci sinif şagirdləri üçün 12 vərəqli dəftərin bir ədədi 10, ancaq daha keyfiyyətli dəftərlər isə 20 qəpikdir. 20 vərəqli dəftər 20, 40 vərəqli 25-30, 100 vərəqli isə 60-70 qəpiyə satılır. Qələmlərin qiyməti də növündən asılı olaraq, 20 qəpik-4 manat arasında dəyişir. Sadə qara karandaşın bir ədədi 10-20 qəpikdir. 6 və 12 ədəd karandaş dəstlərinin qiyməti 60 qəpik-3 manat arasındadır. 24 ədəd rəngli karandaşın qiyməti isə keyfiyyətindən asılı olaraq, 5-8 manat arasında dəyişir. Şəkil albomlarının qiyməti isə ölçüsü və kağızın keyfiyyətindən asılı olaraq, 50 qəpikdən 4 manata qədərdir. Eyni flomaster dəstini də sayından və keyfiyyətindən asılı olaraq, 2 manatdan 10 manata qədər almaq olar. Plastilinin ən ucuzu 40 qəpik, bahası isə 3 manatdır. Pozanların qiyməti 20-80 qəpik arasındadır. Ən ucuz su qabı Çin istehsalıdır ki, onun qiyməti 2, Türkiyə, Dubay istehsalı olanlar isə 6-13 manatdır.

Ən çox bahalaşan ləvazimatlar...

Ən çox bahalaşan ləvazimatlar qələm qabları və çantalardır. Karandaş qablarının qiyməti 3-12 manat civarındadır. Qız uşaqları üçün məktəbli çantalarının qiyməti 10 manatdan 40 manatadək, oğlan uşaqları üçün isə 10 manatdan 20 manatadəkdir. Düzdür, dükanlarda 10 manatdan ucuz çantalar da tapmaq olur. Ancaq elə ilk baxışdan görünür ki, bu malın cəmi bir-iki ay ömrü var. Birinci sinif uşaqları üçün üz qabığı rəngli olan 12 vərəqli dəftərlərin bir ədədi 20-40 qəpiyə satılır. Məktəbə ilk qədəmlərini qoyacaq “birincilər” üçün məktəb ləvazimatları almaq valideynlərə 15 manatdan baha başa gəlir.

Bəzi firma mağazalarında qiymətlər daha yüksəkdir. Məsələn TD mağazalarında 12 vərəqli “Alfa” dəftərlərinin qiyməti 20 qəpikdir. Eyni adda rəsm dəftərlərinin qiyməti isə 1 manat 20 qəpikdir. Rəngli karandaş dəstinin qiyməti isə 2 manat 50 qəpikdir. Diyircəkli qələmlərin bir ədədini 20 qəpiyə, “Faber-Castel” rəngli qələmləri isə 1 manat 60 qəpiyə almaq olar. Mağazada çantalar da qiymətlərinə görə fərqlənir. Burada valideynlər qiyməti 10 manatdan 110 manatadək olan çantalar arasında seçim etmək imkanına malikdirlər.

***

Beləliklə, bir valideyn övladını məktəbə göndərmək üçün dərsliklərə 80-120, dərs ləvazimatlarına 20-40, məktəbli geyiminə 40-55 manat arası pul xərcləməlidir. Bu isə 140-215 manat arası bir rəqəm deməkdir. Bir evdən iki və daha çox uşaq şagird olanda vəziyyət lap ağır olur

 

 

Milli.az

Top