Monopoliyalar, birləşmələr və yenidənqurmalar

Monopoliyalar, birləşmələr və yenidənqurmalar

Korporativ forma Amerikanın bir sıra biznes sahələrinin uğurla böyüməsində açıq-aşkar həlledici rol oynayır. Lakin amerikalılar bəzən iri şirkətlərə şübhə ilə yanaşır və korporasiya menecerlərinin özləri belə həddən artıq böyümə barədə tərəddüd keçirirlər.
19-cu əsrin sonlarında amerikalılar korporasiyaların nəhəng həcmdə kapital toplayaraq daha kiçik müəssisələri uda və yaxud digər firmalarla birləşərək və ya sövdələşərək rəqabəti öldürə biləcəklərindən ehtiyat edirdilər.
Hər halda tənqidçilər deyirdilər ki, biznes monopoliyaları alıcıları daha baha qiymətlər ödəməyə məcbur edəcək və onların seçim haqlarını əllərindən alacaq. Bu narahatlıq monopoliyaları parçalamaq və ya onlardan qorunmaq məqsədini güdən iki mühüm qanunun — 1890-cı ildə İnhisarçılıq Əleyhinə Şerman Aktının və 1914-cü ildə İnhisarçılıq Əleyhinə Kleyton Aktının meydana çıxmasına səbəb oldu. Hökumət monopoliyaları məhdudlaşdırmaq üçün 20-ci əsr boyu bu qanunlardan istifadə etmişdir. 1984-cü ildə inhisarçılıq əleyhinə mübarizə aparan hökumət məmurları Amerika Telefon və Teleqraf Şirkətinin telefon xidməti sahəsində yaratdığı inhisarı aradan qaldırmaq üçün onu parçaladı. 1990-cı illərin sonunda isə Ədliyyə Nazirliyi bir neçə il ərzində böyüyərək 22.357 milyonluq əmlaka sahib olan «Microsoft» korporasiyasının kompüter proqramları bazarında hökmranlığını məhdudlaşdırmağa çalışdı.
Ümumiyyətlə, inhisarçılıq əleyhinə mübarizə aparan hökumət rəsmiləri mal və ya xidmət bazarının 30 faizinə nəzarətə nail olan şirkətlərə inhisarçı güc təhlükəsi kimi baxırlar. Ancaq bu, təxmini hesablamadır. Çox şey digər şirkətlərin bazardakı rəqabət gücündən asılıdır. Digər şirkətlər bazarda müqayisə oluna biləcək paylara sahib olarlarsa, şirkətin bazara nəzarəti 30 faizdən çox olanda belə o, inhisarçı güc kimi qiymətləndirilmir.
İnhisarçılıq əleyhinə qanunlar rəqabəti gücləndirsə də, ABŞ şirkətlərinin getdikcə böyüməsinə maneçilik törətmir. 1999-cu ildə ölkədə hər birinin 300 milyard dollar həcmində aktivi olan və əvvəlki dövrlərin iri şirkətlərini kölgədə qoyan yeddi nəhəng korporativ şirkət vardı. Bəzi tənqidçilər bir neçə iri firma tərəfindən əsas sənaye sahələrinə nəzarətin artmasından narahat olduqlarını bildirir, avtomobil və polad istehsalı kimi sənaye sahələrinin bir neçə iri şirkətin hökmranlıq etdiyi oliqopolisi xatırlatdığını iddia edirlər. Digərləri isə qeyd edirlər ki, bu iri şirkətlərin çoxu dəhşətli qlobal rəqabətlə üz-üzə qaldıqları üçün geniş həcmlərinə rəğmən öz güclərini azalda bilməzlər. Əgər alıcılar yerli avtomobil sənayeçilərindən narazıdırlarsa, xarici şirkətlərin maşınlarını ala bilərlər. Bundan əlavə, alıcılar və istehsalçılar bəzi hallarda əvəzləyici məhsullara, məsələn, alüminium, şüşə, plastik və yaxud konkret olaraq poladı əvəz edən digər məhsullara üz tutaraq yaranmaqda olan inhisarların qarşısını ala bilərlər.

Biznes liderləri arasında korporativ böyümə ilə bağlı narahatlığa münasibət çox müxtəlifdir. 1960-cı illərin sonlarında və 1970-ci illərin əvvəllərində ambisiyalı şirkətlərin çoxu ən möhkəm federal antiinhisar qanunlarının şirkət birləşmələrinin eyni sənaye sahəsində məhdudlaşdırılmasını tələb etməsi səbəbindən kənar biznes sahələrinə yiyələnərək öz fəaliyyətini rəngarəngləşdirməyə çalışırdı. Biznes liderlərinin təsəvvür etdikləri kimi, bir qayda olaraq holdinq şirkəti, neft hasilatı və kino istehsalı kimi bir-birindən fərqli fəaliyyətlərlə məşğul olan filial firmalar qrupundan ibarət biznes təşkilatlanması tipi olan konqlomeratlara stabillik daha çox xasdır. Əgər bir məhsula tələbat zəifləyərsə, bu nəzəriyyə işə düşür, digər biznes sahəsi tarazlığı təmin edir.
Ancaq bu üstünlük bəzi hallarda bir məhsul istehsalı üzrə ixtisaslaşmaya nisbətən müxtəlif fəaliyyət sahələrinin idarəolunmasında daha böyük çətinliklərin üzə çıxması səbəbindən öz əhəmiyyətini itirir. 1960 və 1970-ci illərdə meydana çıxan ilk şirkət birləşmələrinin yaradıcısı olan biznes liderlərinin əksəriyyəti çox yerə bölündüklərini və yaxud bütün yeni filial sahələrini idarə edə bilmədiklərini dərk etdilər. Bir çox hallarda onlar yaxşı baş çıxarmadıqları fəaliyyət sahələrindən imtina etməyə məcbur oldular.
1980 və 1990-cı illərdə, korporasiyalar özlərini dəyişən iqtisadi şəraitə uyğunlaşdırmağa çalışarkən bəzi sənaye sahələrində yeni dostcasına birləşmələr və «düşməncəsinə» qamarlamalar dalğası başlandı. Belə birləşmələr, məsələn, neft, pərakəndə satış və dəmir yolu kimi xeyli dəyişikliyə məruz qalmış bütün sənaye sahələrində üstünlük təşkil edirdi. Hava yolları şirkətlərinin çoxu 1978-ci ilin əvvəlində tənzimləmənin aradan qaldırılması və rəqabətə geniş rəvac verilməsindən sonra birləşməyə başladı. Tənzimləmənin aradan qaldırılması və texnoloji yeniliklər telekommunikasiya sənayesində də eynilə çoxlu birləşmələrin meydana çıxmasına səbəb oldu. Dövlətin yerli telefon xidməti bazarında daha geniş rəqabət tələb etməsindən sonra bu sahə ilə məşğul olan bir neçə şirkət öz tərkibini birləşmələr yolu ilə genişləndirməyə başladı: Şərq sahili regionunda «Bell Atlantic» «Ninex»i uddu. «SBC Communications» cənub-şərqdəki «Bell» filialını qərbdəki «Pacific Telesis» və cənubdakı «New England Group Telecommunications»lə birləşdirdi, sonra da Orta qərbdəki «Ameritech» şirkətini onlara əlavə etdi. Bu arada uzun məsafəli «MCI Communications» ilə «WorldCom» firmaları birləşdilər, «AT&T» isə iki kabel televiziyası nəhəngini — «Tele-Communications» və «MediaOne Group» şirkətlərini ələ keçirməklə yerli telefon xidməti sahəsinə daxil oldu. Bu qamarlamalar «AT&T»yə ABŞ ailələrinin təxminən 60 faizinə kabel xəttilə daxil olmaq imkanı verməklə yanaşı, ona kabel televiziya və yüksək sürətli internet əlaqələri bazarında da mötəbər mövqe qazandırdı.

1990-cı illərin sonlarında isə «Travelers Group» şirkəti «Citicorp»la birləşərək dünyanın ən böyük maliyyə xidməti şirkətinə çevrildi. «Ford Motor Company» isə İsveçin «AB Volvo» şirkətinin maşın biznesini satın aldı. 1980-ci illərdə yapon şirkətlərinin ABŞ şirkətlərini ələ keçirməsi dalğasının ardınca 1990-cı illərdə Almaniya və Britaniya firmaları diqqət mərkəzinə çevrildi. «Chrysler Corporation» Almaniyanın «Daimler-Benz AG» firması ilə birləşdi, «Deutsche Bank AG» «Bankers Trust»ı ələ keçirdi. Və biznes tarixində ən ironik bir hadisə baş verdi: «Exxon Corporation» şirkəti ilə «Mobil Corporation» şirkətləri birləşərək Con D. Rokfellerin bir sənaye sahəsində hökmranlıq etdiyinə görə 1911-ci ildə Ədliyyə Nazirliyi tərəfindən parçalanan «Standard Oil Company» imperiyasının yarıdan çox hissəsini yenidən bərpa etdi. 81,380 milyardlıq əmlaka malik olan bu birləşmə inhisarçılıq əleyhinə mübarizə rəsmiləri arasında narahatlığı artırdı və hətta Federal Ticarət Komissiyasının həmin birləşməni yekdilliklə mühakimə etməsinə səbəb oldu.
Komissiya «Exxon» və «Mobil» şirkətlərindən şimal-şərq və Orta Atlantika ştatlarındakı, Kaliforniya və Texasdakı 2.134 yanacaqdoldurma məntəqəsi ilə təchizat müqavilələrini satmağa və yaxud özlərindən ayırmağa razı olmalarını, onların Kaliforniyadakı böyük neftayırma zavodundan, neft terminalları, neft kəməri və digər əmlaklardan məhrum edilmələrini tələb etdi. Bu, inhisarçılıq əleyhinə mübarizə idarələrinin mandatlaşdırdığı ən iri parçalama nümunələrindən birinə çevrildi. Federal Ticarət Komissiyasının sədri Robert Pitofski xəbərdarlıq edərək bildirdi ki, neft sənayesi sahəsində bu cür geniş «milli hüdudlara» yiyələnən birləşmələr bundan sonra da «inhisarçılıq əleyhinə mübarizə tədbirlərinə» məruz qala biləcəklər. Federal Ticarət Komissiyası dərhal İnhisarçılığa Qarşı Mübarizə İdarəsinə «BP Amoco PLC» şirkəti tərəfindən «Atlantic Richfield Company» şirkətinin satın alınmasını önləməyi tövsiyə etdi.
Bu cür birləşmələrə baxmayaraq, bəzi firmalar öz biznes əksiklərini rəqibləriylə birgə müəssisələr qurmaq vasitəsilə arada qaldırmağa çalışdılar. Bu cür sazişlər şirkətlərin əməkdaşlıq etməyə razılaşdıqları məhsul istehsalı sahəsində rəqabəti aradan qaldırdığına görə onlar bazar qanunlarına inhisarçı birliklər qədə təhlükə törədə bilərdilər. Ancaq inhisarçılıq əleyhinə federal agentliklər bəzi belə birgə müəssisələrin faydalı olacağına inandıqları üçün onlara öz xeyir-dualarını verdilər.

Amerika şirkətlərinin çoxu, həmçinin, müştərək araşdırmalara və məhsul inkişafı fəaliyyətlərinə qoşuldu. Ənənəvi olaraq şirkətlər əsasən ticarət təşkilatları vasitəsilə müştərək araşdırmalar aparır və yalnız bu araşdırmalar başa çatdıqdan sonra ətraf mühit və sağlamlıq problemlərini tənzimləməyə çalışırdılar. Lakin Amerika şirkətləri xarici istehsalçıların məhsulun inkişafı və istehsalı sahəsində bir-birləriylə əməkdaşlığını müşahidə etdikcə bu qənaətə gəldilər ki, onlar öz vaxt və pullarını bütün bu araşdırmaların aparılmasına sərf etməməlidirlər və beləliklə, «Semiconductor Research Corporation» və «Software Productivity Consortium» kimi iri araşdırma konsorsiumları meydana çıxdı.
Dünyanın ən iri kompüter şirkəti olan «İnternational Business Machines» 1991-ci ildə ilk fərdi kompüter istehsalçısı «Apple Computer» şirkətiylə müxtəlif kompüterlərdə istifadə oluna bilən yeni kompüter proqramı təminatı sistemi yaratmaq barədə razılığa gələndə qatı rəqiblər arasında faydalı əməkdaşlıq nümunəsi meydana çıxdı. İBM və «Microsoft» şirkətləri arasındakı eyni məqsədli proqram təminatı sistemi barədə razılaşma 1980-ci illərin ortalarında pozulmuşdu və o zaman «Microsoft» özünün bazarda hökmranlıq edən «Windows» sistemi ilə xeyli önə sıçramışdı. 1999-cü ildə İBM də yeni kompüter texnologiyaları inkişaf etdirmək məqsədilə «Dell Computer» şirkəti ilə razılığa gəldi və beləliklə, bazara yeni bir möhkəm biznes vahidi daxil oldu.
1960 və 1970-ci illərdəki birləşmə dalğası korporativ yenidən təşkilatlanmalara və parçalanmalara aparıb çıxardığı kimi, son dövrlərdəki yeni birləşmələrin də bir çoxu onların öz əməliyyatlarını yenidən qurmaları ilə bağlı korporativ səylərlə müşayiət olundu. Belə ki, qlobal rəqabətin güclənməsi Amerika şirkətlərini daha çevik və daha səmərəli ola bilmək üçün ciddi səylər göstərməyə məcbur etdi. Əksər şirkətlər ümidsiz hesab etdikləri istehsal xətlərini dayandırdı, öz filiallarını və digər tərkib hissələrini ixtisar etdi, bir sıra fabrik və zavodlarını, topdan və pərakəndə satış mağazalarını birləşdirdi və ya bağladı. Kiçilmə dalğasının ən qızğın çağlarında «Boeing», «AT&T» və «General Motors» kimi nəhənglər də daxil olmaqla, əksər şirkətlər bir çox menecerini və aşağı səviyyəli işçisini işdən azad etdi.

Bir çox istehsal şirkətlərindəki işçi ixtisarlarına baxmayaraq, 1990-cı illərdəki canlanma dövründə iqtisadiyyat işsizlik səviyyəsini aşağı hədlərdə saxlaya biləcək qədər çevikləşmişdi. Belə ki, işəgötürənlər yüksək texnoloji qabiliyyətə malik işçilər tapmaq uğrunda mübarizə aparır, iş yerlərinin durmadan artdığı xidmət sahəsi istehsal məhsuldarlığının yüksəlməsi nəticəsində azad olunmuş işçi qüvvəsini özünə cəlb edirdi. «Forçun» jurnalının statistik məlumatlarına görə, ABŞ-ın ən iri 500 sənaye şirkətində işçilərin sayı 1986-cı ildə 13,4 milyon nəfərdən 1994-cü ildə 11,6 milyon nəfərə düşmüşdü. Ancaq bu jurnal öz təhlillərini sənaye deyil, xidmət sahəsi firmaları da daxil olmaqla, ümumiyyətlə 500 ən iri şirkət üzərinə yönəltdikdə məlum oldu ki, 1994-cu ildə bu göstərici 20,2 milyon nəfər təşkil etmiş, 1999-cu ildə isə 22,3 milyon nəfərə çatmışdır.
İqtisadiyyatın uzun illər ərzində davamlı olaraq güclənməsi və Amerikanın biznes müəssisələrində baş verən bütün bu təmərküzləşmələr və möhkəmlənmələr sayəsində orta hesabla bir şirkətin işçi qüvvəsinin həcmi 1988-1996-cı illər arasında 17.730 işçidən 18.654 işçiyə qədər artmışdır. Birləşmələrin və yenidənqurulmaların ardınca baş verən işdən azadolunmalara baxmayaraq, bu, həqiqətən belədir və kiçik firmaların öz sayında və onların işçilərinin sayında baş verən artımları doğru-düzgün əks etdirir.
Top