Dünya iqtisadiyyatının yaranması

Dünya iqtisadiyyatının yaranması

Dünya xalqları böyük bir tarixi dövr keçmişdir.Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə - ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik,istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət cəmiyyətin əsas istehsal sahələri olmuşdur. Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgösünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı.

Dövlətçiliyin yaranması prosesi çox uzun bir dövrü əhatə etmiş və bütün dünyada bu proses eyni vaxtda getməmişdir.Eramızdan əvvəl II əsrdə, xüsusilə I əsrdə Roma dünyanın ən çox inkişaf etmiş quldar dövlətinə çevrilmişdi. Bizim eranın I-II əsrlərində Roma imperiyasının iqtisadiyyatı çiçəklənmə dövrünü keçirirdi. Dünyada iqtisadçılardan bəziləri dünya iqtisadiyyatının yaranmasını bu dövrlə bağlayırlar.O dövrün təsərrüfatı dünya sistemi hesab edilirdi. Bir qrup alimlər dünya iqtisadiyyatının yaranmasını böyük coğrafi kəşflərlə (BCK) bağlayırlar. Qərbi Avropa ölkələrinin iqtisadi inkişafına mühüm təsir göstərmiş  böyük coğrafi kəşflərin ictimai-iqtisadi və başqa ilkin şərtləri artıq XV əsrdə yaranmışdı.Böyük coğrafi kəşflər artan ticarət münasibətlərinin məntiqindən doğurdu. Eyni zamanda bu kəşflər Avropada kapitalist təsərrüfatının formalaşması və ilkin kapital yığımı prosesinə güclü təkan vermişdi. Böyük coğrafi kəşflərin başlıca iqtisadi səbəbləri və ilkin şərtləri Avropada əmtəə-pul münasibətlərinin güclənməsi ilə Şərqlə aparılan ticarətin daha da genişlənməsinə ehtiyacın artması idi. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri kimi ümumdünya bazarı yarandı və ümumdünya iqtisadiyyatı formalaşdı. Dünya iqtisadiyyatının əsas faktoru kimi ticarətdə əsl çevriliş əmələ gəldi.Mühüm iqtisadi nəticələrdən biri də Avropada "qiymətlər inqilabı"nın baş verməsi idi. 1601-ci ildə İspaniyada qiymətlər 4,3 dəfə, İngiltərə və Fransada 2,5-3 dəfə artmışdı. XVI-əsrin ortalarında kənd təsərrüfatı məhsulları  da daxil olmaqla qiymət yüksəlişi bütün sahələri əhatə etmişdi. Bu dövrdə müstəmləkəçilik sisteminin əsası qoyuldu. Amerika, Afrika və Asiya qitələrində Avropa ölkələrinin qarətçilik siyasəti Qərbi Avropa ölkələrinin iqtisadiyyatının qurulmasında əsas maliyyə mənbələrindən biri olmuşdur
Top