Səhmlər min cürdür, amma ən iri, ən tanınmış və ən fəal ticarət şirkətlərinin səhm payları Nyu-York Fond Birjasında (NYFB) qeydə alınmışdır. Birjanın kökü 1792-ci ilə gedib çıxır, o zaman bir qrup broker Nyu-York şəhəri, Uoll-Strit küçəsindəki çinar ağacının dibində toplaşaraq səhm alqı-satqısında müəyyən qayda yaratmağa çalışıblar. 1990-cı illərin sonlarında NYFB-də 3.600 müxtəlif səhm qeydə alınmışdır. Birjanın 1.366 üzvü və ya «kürsüsü» vardır; bu yerlər broker evləri tərəfindən çox baha qiymətə satın alınır və səhmlərin ictimaiyyətə alqı-satqısı üçün istifadə edilir. Burada informasiya broker ofisləri ilə birja arasında elektronik vasitələrlə o baş-bu başa çatdırılır: bunun üçün 200 mil (320 kilometr) uzunluğunda lifli optik kabel tələb olunur, kvota və əmrləri idarə etmək üçün 800 telefon rabitəsindən istifadə edilir.
Səhmlər necə alınıb-satılır? Deyək ki, Kaliforniyada yaşayan bir məktəb müəllimi okeanda səyahətə çıxmaq istəyir. Bu səyahətin xərclərini ödəyə bilmək üçün o, «General Motors»dakı səhm paylarının 100-nü satmaq qərarına gəlir. Buna görə öz brokerinə zəng vurub ona həmin səhmləri mümkün qədər yaxşı qiymətə satmağı tapşırır. Eyni zamanda Floridada yaşayan bir mühəndis öz qənaətlərinin bir qisminə «General Motors»un 100 səhmini almaq istəyir, buna görə o da öz brokerinə zəng vurub ondan bazar qiymətinə 100 səhm almasını xahiş edir. Hər iki broker bu istəkləri (elektron vasitələrlə) NYFB-dəki nümayəndələrinə çatdırır və onlardan bu barədə danışıqlar aparmağı xahiş edirlər. Bütün bunların hamısı cəmi bir dəqiqədən az vaxtda baş verir. Son nəticədə məktəb müəllimi ona lazım olan pulu, mühəndis isə istədiyi səhmləri əldə edir. Birjada həyata keçirilən bütün əməliyyatlar kimi, bu alqı-satqı əməliyyatı da açıq şəkildə baş verir və nəticələr elektron rabitə vasitələrilə ölkədəki bütün broker ofislərinə göndərilir.
Birja «mütəxəssisləri» bu prosesdə həlledici rol oynayır, alqı-satqı sifarişlərinə məharətlə nəzarət edərək bazarın qaydalara uyğun fəaliyyət göstərməsinə yardımçı olurlar. Lazım gəldiyi hallarda, alıcı və satıcı qıtlığı meydana çıxanda bu mütəxəssislər səhmləri özləri alıb-satırlar.
Nisbətən kiçik olan və bir sıra enerji sənayesi yönümlü səhmləri qeydə alan Amerika Fond Birjası eyni qayda ilə işləyir və Nyu-York Birjası kimi, o da Uoll-Strit küçəsində yerləşir. ABŞ-ın digər iri şəhərlərində daha kiçik, regional fond birjaları mövcuddur.
Müxtəlif səhm və istiqrazların daha çox sayda alınıb-satıldığı yer Avtomatik Normalaşdırma Sistemi üzrə Qiymətli Kağız Dilerləri Milli Assosiasiyası (National Association of Securities Dealers Automated Quotation system) və ya NASDAQ-dır. Təxminən 5.240 səhmin ticarəti ilə məşğul olan bu, necə deyərlər, «piştaxtadankənar» birja konkret olaraq heç bir yerdə yerləşmir; daha doğrusu, o, səhm və istiqraz dilerlərinin elektron kommunikasiya şəbəkəsidir. Piştaxtadankənar bazara nəzarət edən Qiymətli Kağız Dilerləri Milli Assosiasiyası saxtakar və iflasa uğramış hesab etdiyi şirkətləri və dilerləri bazardan qovmaq qüdrətinə malikdir. Bu bazarda alıb-satılan səhmlərin çoxu kiçik və çox da sabit olmayan şirkətlərə məxsus olduğu üçün NASDAQ iri birjalara nisbətən riskli bazar hesab edilir. Ancaq o, investorlara bir çox imkanlar təklif edir. 1990-cı illərdə daha sürətlə böyüyən yüksək texnologiya səhmlərinin əksəriyyəti NASDAQ-da alınıb-satılmışdır.