Dünya təsərrüfatı XXI əsrin əvvəllərində öz miqyasına görə qlobaldır, bütünlükdə bazar iqtisadiyyatının prinsiplərinə, beynəlxalq əmək bölgüsünün obyektiv qanunauyğunluqlarına, istehsalın beynəlmiləlləşməsinə əsaslanır və bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan, beynəlxalq iqtisadi münasibətlərdə və beynəlxalq əmək bölgüsündə iştirak edən milli iqtisadiyyatların məcmusunu təşkil edir. Müasir dünya təsərrüfat münasibətlərinin öyrənilməsində dünya iqtisadiyyatının inkişafındakı əsas meyllər və qanunauyğunluqlara diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda dünya iqtisadiyyatının inkişafında bir sıra meyllər müşahidə edilməkdədir.
İstifadə olunmuş ədəbiyyat 1. Авдокушин Е.Ф. Международные экономические отношения. - Москва: ИКЦ «Маркетинг», 2001
Hər şeydən əvvəl təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesi qeyd edilməlidir.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesini dünya iqtisadiyyatı çərçivəsində ölkələr arasında xarici iqtisadi münasibətlərin liberallaşdırılması müşayiət edir. Dünya iqtisadiyyatının inkişaf tendensiyası kimi xarici iqtisadi münasibətlərin liberallaşdırılması dünya təsərrüfat münasibətlərində milli iqtisadiyyatın açıqlıq dərəcəsinin artması ilə ifadə olunur. Dünya iqtisadiyyatında liberallaşma malların beynəlxalq hərəkətində olan maneələrin – gömrük rüsumlarının, kəmiyyət məhdudiyyətlərinin, texniki əngəllərin və s. azaldılması, kapitalın, işçi qüvvəsinin ölkələr arasında daha sərbəst hərəkətinin təmin edilməsi, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılması şəklində təzahür edir.
XX əsrin 50-ci illərindən başlayaraq dünya iqtisadiyyatının inkişaf tendensiyası kimi beynəlxalq və regional iqtisadi inteqrasiya prosesi güclənmişdir. Beynəlxalq iqtisadi inteqrasiya milli təsərrüfat mexanizmlərinin yaxınlaşmasına, qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını qəbul edən və razılaşdırılmış şəkildə dövlətlərarası orqanlar tərəfindən tənzimlənən obyektiv iqtisadi qarşılıqlı təsir prosesidir. İqtisadi inteqrasiyanın əsasında müstəqil fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və beynəlxalq əmək bölgüsü durur. Daha əvvəllər inteqrasiya prosesləri məhdud sayda regionları əhatə edirdisə, hazırda bu hadisə demək olar ki bütün qitələrdə baş verir və çoxsaylı regional və subregional ticarət-iqtisadi qruplar yaranır. Ümumdünya Ticarət Təşkilatının göstəricilərinə görə, hazırda dünya üzrə real olaraq fəaliyyətdə olan 250-dən çox ticarət-iqtisadi saziş mövcuddur və onlardan 130-dan çoxu 1995-ci ildən sonra yaradılıb. Bir çox tədqiqatçılar 1990-cı illərdə “inteqrasiya bumu” yaşandığını qeyd edirlər. İnteqrasiya bumu özünü iki formada göstərir: kəmiyyət (yeni regional sazişlər, mövcud sazişlərin yeni şərtlər əlavə edilməklə yenidən imzalanması və s.) və keyfiyyət (qarşılqılı regional təsərrüfat fəaliyyətinin dərinləşməsi, inteqrasiyanın daha inkişaf etmiş kompleks formalarından istifadə və s.).
Müasir dünya iqtisadiyyatının daha mühüm inteqrasiya birlikləri kimi 25 Avropa ölkəsini birləşdirən Avropa Birliyi (AB); Kanada, ABŞ və Meksikanın daxil olduğu Şimali Amerika Azad Ticarət Zonası (NAFTA); Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyası (ASEAN) və s. çıxış edir. Qeyd edilməlidir ki, regional inteqrasiya proseslərinin BİM-in inkişafına təsiri baxımından ziddiyyət təşkil edir. Belə ki, bir tərəfdən BİM inteqrasiya birliyi daxilində dərinləşir və fəallaşır, digər tərəfdən isə üçüncü ölkələrə münasibətdə dünya təsərrüfat münasibətlərinin inkişafı məhdudlaşdırılır.
Dünya iqtisadiyyatının inkişafında növbəti meyl istehsalın və kapitalın transmilliləşməsi prosesidir. Dünyanın inkişaf təcrübəsi göstərir ki, istehsalın beynəlmiləlləşməsi prosesi beynəlxalq şirkətlərin yaranmasına təkan verən əsas amil olmuşdur. Bu prosesin əsasında ardıcıl beynəlmiləlləşmə modeli dayanır. Xaricdə satışın genişləndirilməsinə və istehsalın təşkilinə yönəlmiş bu model beynəlmiləlləşmənin tarixən və məntiqi olaraq birinci forması - əmtəə ixracının beynəlxalq sahibkarlıq fəaliyyətinin yeni formaları – lisenziyaların, ticarət markasının ixracı, birbaşa xarici investisiyalar ilə ardıcıl tamamlanmasını əks etdirir. Dünya təsərrüfatında istehsalın transmilliləşməsi beynəlxalq bank, maliyyə, sığorta, informasiya xidmətlərinin beynəlmiləlləşməsi prosesi ilə eyni zamanda baş verir və nəticədə transmilli biznes təkcə istehsalı deyil, həmçinin xidmətlər sferasını da əhatə edir.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi, milli iqtisadiyyatların qarşılıqlı yaxınlaşması dünya iqtisadiyyatında qaydaların unifikasiyası və BİM-in dövlətlərarası tənzimlənməsi sisteminin yaradılması meyllərini şərtləndirir. Müasir dünyada iqtisadi qaydalar beynəlxalq valyuta, hesablaşma, kredit, ticarət münasibətlərinin tənzimlənməsini əhatə edir və belə qaydaların yaradılmasında Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi beynəlxalq təşkilatlar mühüm rol oynayır.
XX əsrin 80-90-cı illərində dünya iqtisadiyyatının inkişafında elmi ədəbiyyatda “qloballaşma” termini ilə ifadə edililən yeni tendensiya meydana gəldi. Dünya iqtisadiyyatının qloballaşması müasir inkişafı şərtləndirən və səciyyələndirən ən mühüm meyl hesab edilir. Müxtəlif mənbələrdə onun izahına fərqli yanaşmalar mövcuddur. Lakin ümumilikdə qloballaşma dünya təsərrüfatının formalaşmasının müasir mərhələsini xarakterizə edir. Dünya iqtisadiyyatında qloballaşma prosesi istehsalın və kapitalın beynəlmiləlləşməsinin qanunauyğun nəticəsi kimi çıxış edir. Qloballaşma müəyyən dərəcədə dünya təsərrüfat əlaqələrinin çərçivəsinin genişlənməsi, onun artımının kəmiyyət prosesi kimi çıxış etməklə yanaşı, müasir dünya iqtisadiyyatına yeni keyfiyyət verir, onun konsolidasiyası və inteqrasiyası prosesini gücləndirir.
Qloballaşma prosesinə iki tərəfdən yanaşmaq olar. Makroiqtisadi səviyyədə qloballaşma ölkələrin və ayrı-ayrı regionların öz sərhədlərindən kənarda iqtisadi fəaliyyətə səy göstərmələridir. Bu cür səylərə təkan verən amillər kimi isə liberallaşmanı, ticarət və investisiya maneələrinin aradan qaldırılmasını, azad iqtisadi zonaların yaradılmasını və s. göstərmək olar.
Mikroiqtisadi səviyyədə qloballaşma dedikdə, müəssisənin fəaliyyətinin daxili bazar çərçivəsindən kənara genişlənməsi başa düşülür. Sahibkarlıq fəaliyyətinin çoxmilli istiqamətlənməsindən fərqli olaraq qloballaşma dünya bazarının mənimsənilməsinə vahid yanaşma tələb edir.
Qloballaşmanın ən sürətli inkişaf dairəsi maliyyə sferası hesab olunur. Maliyyə bazarlarında kapitalın sərbəst hərəkəti üçün maneələrin aradan qaldırılması və tənzimləmə qaydalarının unifikasiyası daha sürətlə gedir. Maliyyə sektorunun dünya iqtisadiyyatının qloballaşmasında rolunu qiymətləndirərkən qeyd etmək lazımdır ki, müasir dövrdə maliyyə sirkulyasiyaları əmtəə dövriyyəsini 20-30 dəfə üstələyir. Ekspertlərin qiymətləndirməsinə görə dünya iqtisadiyyatının real sektorunda 1 dollar gəlir gətirən kapital maliyyə sektorunda 50 dollar gəlir gətirir.
Dünya iqtisadiyyatının qloballaşması prosesi heç də problemsiz ötüşmür. Qloballaşma ilk növbədə sənayecə inkişaf etmiş ölkələrin mövqelərini gücləndirir, onlara əlavə üstünlüklər verir. Əlbəttə ki, qloballaşma geridə qalmış ölkələrə də öz iqtisadiyyatlarını inkişaf etdirmək, dünya iqtisadiyyatının layiqli yer tutmaq üçün müəyyən şərait yaradır. Lakin qloballaşma prosesi mənfi nəticələrlə də müşaiyət olunur.
Qlobal problemlərin həlli üçün ölkələrin səylərinin birləşdirilməsi müxtəlif yollarla baş verə bilər: ikitərəfli və çoxtərəfli sazişlər, beynəlxalq təşkilatların yaradılması və fəaliyyəti, iqtisadiyyatın və texnologiyanın müxtəlif sahələrində layihələrin birgə maliyyələşdirilməsi və həyata keçirilməsi, beynəlxalq xeyriyyəçilik və s.
Qloballaşma dövlətlər tərəfindən düşünülmüş iqtisadi siyasətin həyata keçirilməsini tələb edir. Bu cür iqtisadi siyasət daxili və xarici iqtisadi siyasətin dialektik vəhdətini və qarşılıqlı əlaqəsini nəzərə almalıdır. Səmərəli dövlət siyasəti iqtisadi çiçəklənmə, təhsilin və səhiyyənin inkişafı, sosial qeyri-bərabərliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir. Dövlət ətraf mühitin mühafizəsinin, siyasi və makroiqtisadi sabitliyin, qanunçuluğun əsaslarının, sosial təminatın və təhsilin qarantı kimi çıxış etməlidir.
Müasir dünya təsərrüfat əlaqələrinin coğrafi quruluşunda da müəyyən dəyişikliklər baş verməkdədir. Belə ki, dünya təsərrüfat əlaqələrinin əsas subyektləri olan sənayecə inkişaf etmiş ölkələr bir-birləri iqtisadi əlaqələri daha da dərinləşdirirlər və bu proses özünü inteqrasiya birlikləri çərçivəsində daha aydın göstərir.
İnkişaf etməkdə olan ölkələrin dünya mal, xidmət, kapital və işçi qüvvəsi bazarlarında mövqeləri getdikcə güclənir. Müasir mərhələdə dünya iqtisadiyyatında yuxarıda göstərilən meyllərlə yanaşı bir sıra problemlər də müşahidə edilir.
Dünya iqtisadiyyatının inkişafında müşahidə edilən əsas problemlərdən biri inkişaf etmiş qərb ölkələri tərəfindən qapalı iqtisadi sistemin formalaşdırılmasıdır. Bu gün sənayecə inkişaf etmiş ölkələrin qarşılıqlı ticarəti dünya ticarətinin 75%-dən çoxunu təşkil edir. Dünyada BXİ qoyuluşlarının 60%-i İEÖ-in payına düşür. Dünyadakı bütün qeydiyyatdan keçmiş patentlərin 87%-i İEÖ-də cəmləşmişdir. Dünyada ticarət axınlarının yalnız 5%-i İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində başlayır və ya bitir.
Bu gün planetin sənaye ölkələrində yaşayan 20% əhalisinə dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 86%-i düşdüyü halda, İEOÖ-də yaşayan 20% əhaliyə cəmi 1%-i düşür. Bu isə dünya təsərrüfatının qloballaşmasından əldə olunan qazancların ölkələr arasında qeyri-bərabər bölünməsi ilə müəyyən olunur.
Bunlardan başqa, hazırda dünyada əsas oyun qaydalarının müəyyənləşməsində beynəlxalq təşkilatların, transmilli şirkətlərin rolunun artması ölkələrin iqtisadi müstəqilliyi zəifləməsinə və dünya təsərrüfat əlaqələrinin inkişafında milli iqtisadi təhlükəsizlik probleminin meydana çıxmasına səbəb olur.
Beləliklə, dünya təsərrüfatına aid olan ümumilik və vahidliklə yanaşı, onda həmçinin daxili ziddiyyətlər də mövcuddur. Bu ziddiyyətlər özünü əsasən ayrı-ayrı ölkə qrupları üzrə göstərir.
Ziddiyyətlərin birinci qrupu dünya iqtisadi inkişafının 3 mərkəzi – NAFTA (ABŞ başda olmaqla), Avropa Birliyi və Asiya-Sakit okean regionu (Yaponiya başda olmaqla) arasında mövcuddur. Bu ölkələr arasında ziddiyyətlərin əsas mahiyyəti kimi dünya bazarlarında onlar arasında mövcud olan ciddi rəqabət çıxış edir. Bu zaman tərəflərin məqsədi adətən rəqibi dünya bazarının hər hansı bir seqmentindən çıxarmaq və ya bu seqmenti rəqibdən qorumaq olur.
İkinci qrup ziddiyyətlər “Şimal” – “Cənub” ölkələri arasında olan ziddiyyətlərdir. Burada “Şimal” sənayecə inkişaf etmiş ölkələr, “Cənub” isə inkişaf etməkdə olan ölkələrdir. Bu ziddiyyətlərin mahiyyəti ondan ibarətdir ki, bir çox inkişaf etməkdə olan ölkələr (ilk növbədə yeni sənaye ölkələri) bir çox iqtisadi göstəricilər üzrə faktik olaraq inkişaf etmiş ölkələrin səviyyəsinə çatıblar və buna görə də dünya təsərrüfatında uyğun yer tutmağa çalışırlar.
Üçüncü qrup ziddiyyətlər “Şərq” – “Qərb” ölkələri arasında mövcuddur. Burada “Qərb” dedikdə sənayecə inkişaf etmiş ölkələr, “Şərq” dedikdə isə keçmiş sosialist düşərgəsi ölkələri, başqa sözlə keçid iqtisadiyyatlı ölkələr nəzərdə tutulur. Bu ölkə blokları arasında ziddiyyətlər özünü onda göstərir ki, dünya sosialist sisteminin süqutuna qədər keçmiş sosialist düşərgəsi ölkələri avtarkiya rejimində fəaliyyət göstərirdilərsə, hazırda onların məqsədi kimi dünya bazarına aktiv surətdə daxil olma istəyi çıxış edir. Onlar istehsal etdikləri məhsullarla dünya bazarında layiqli yer tutmağa çalışırlar. Lakin sənayecə inkişaf etmiş ölkələr dünya iqtisadiyyatı meydanında yeni rəqib ölkələrin meydana gəlməsində maraqlı deyillər və buna hər vəchlə mane olmağa çalışırlar.
2. Международные экономические отношения / под редакцией В.Е.Рыбалкина. - Москва: ЮНИТИ, 2003
3. Пузакова Е.П. Международные экономические отношения. - Ростов-на-Дону: ИЦ «МарТ», 2000
4. Киреев А. Международная экономика. - Москва: Международные отношения, 1997, Ч. 1.
5. Хасбулатов Р.И.. Мировая экономика. - Москва: «Экономика», 2001, Т I