İşıqlanma qurşaqları

İşıqlanma qurşaqları

Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan fərqlərdən yaranır. 
Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır.
 
Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır. Ona görə havanın orta illik temperaturu 20°C-dən yuxarı olur.
İşıqlanma qurşaqları
Tropiklər və qütb dairələri arasında Şimal mülayim və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Burada Günəş zenitdə olmur, ilin dörd fəsli aydın hiss edilir, tropiklərə doğru iqlim istiləşir. Yayda Günəş üfüqdən yüksəyə qalxır, isti olur, gündüz uzun, gecə qısadır. Qışda Günəş üfüqdə alçaqda olur, soyuqdur, gündüz qısa, gecə uzundur.
 
Coğrafi qütblər və qütb dairələri arasında Şimal qütb və Cənub qütb işıqlanma qurşaqları ayrılır. Bu qurşaqlar daxilində yayda qütb gündüzləri olur, Günəş üfüqdə alçaqda durur. Yer səthini Günəş zəif qızdırır. Qışda uzun müddət Günəş üfüqdə görünmür və qütb gecələri müşahidə edilir. Ona görə bu enliklərdə soyuq iqlim formalaşır. 

Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün COĞRAFİYA dərsliyi
Müəlliflər: Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva
Top