Beynəlxalq Uşaq Kitabı Günü

Beynəlxalq Uşaq Kitabı Günü

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günüdür. Uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin 2-də məşhur nağılçı Hans Xristian Andersen anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunması alman yazıçısı Yella Lepmanın təklifi ilə reallaşıb.

1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.

“Balaca Nobel mükafatı”

Onu da qeyd edək ki, Yella Lepman 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “Balaca Nobel mükafatının” — Hans Xristian Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən etibarən məşhur nağılçının adını daşıyan bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı — rəssama təqdim olunub.

İlk dəfə bu, 1956-cı ildə ingilis nağılçısı Eleanor Fardkona, 1958-ci ildə isə isveç yazıçısı Astrid Lindqrenə verilib. Sonra bu sırada alman yazıçısı Erix Keçtner, Ceyms Kryuss, italyan Canni Rodarı və başqalarının adı yer alıb. Ancaq təəssüflər olsun ki, Azərbaycana bu mükafat hələ ki, qismət olmayıb. Beynəlxalq aləmdə uşaq kitabı üzrə daha bir mükafat da var: bu, son illər nəşr olunan ayrı — ayrı uşaq kitablarının illüstrasiyasına və onların dünyanın müxtəlif dillərinə tərcüməsinə görə təqdim edilən Fəxri Diplomdur.

Hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir.

Pedaqoqların apardığı araşdırmalar göstərir ki, yaxşı oxuma vərdişinin əsas iki şərti var. Bunlar oxumaq səbri və oxumaq zövqüdür. Oxumaq mədəniyyəti sayılan bu iki vərdiş də ailə və məktəbdə qazanılır. Ona görə də ailə və məktəb uşağa bu vərdişlərə yiyələnmək üçün münbit zəmin hazırlamalıdır. Uşağın oxumaq zövqünə mədəni amillər təsir göstərir. Ancaq həm oxumağa marağın səviyyəsi, həm də oxumağın kəmiyyət göstəriciləri baxımından uşaqlar arasında müəyyən fərqlərin ola biləcəyini də nəzərə almaq lazımdır. Tutaq ki, fitri istedada malik uşaqlar normal uşaqlarla müqayisədə iki, yaxud üç dəfə çox kitab oxuyurlar və məqsədləri daha çox məlumat, bilik əldə etmək olur.

Pedaqoqlar bildirirlər ki, əvvəlcə uşaq üçün kitab bir oyuncaqdır. O, sadəcə kitabın səhifələrini vərəqləməkdən xoşlanır. 2 yaşından etibarən uşaq rəsmlərdən ibarət olan, bez, yaxud qalın kartondan düzəldilmiş, əlində tuta biləcəyi kiçik kitabları sevir. 3 — 4 yaşlı uşaqlar onlara rəsmli nağıl kitablarının oxunmasını istəyirlər.

Ata və ananın üzərinə düşən vəzifə

Uşaq bir kitaba alışdıqca nağılı başa düşməyə çalışacaq və xüsusən tez — tez təkrarlanan söz və cümlələrdə nağılı oxuyan ata və analarına “qatılacaqlar”. Yəni söz və cümlələri onlarla birgə dilə gətirəcəklər. Uşaq buna nail olan zaman çox sevinir. Ata və ana ilə birgə oxuma uşağı oxu prosesində iştiraka həvəsləndirir. Beləliklə, həm uşağın söz ehtiyatı zənginləşir, həm də zehni inkişaf edir. Həm də onlar artıq həmişə oxunan kitabdakı sözlərə və hərflərə daha çox diqqət yetirməyə başlayacaqlar.

Pedaqoqlar vurğulayırlar ki, məktəbdə uşaqların oxumağa marağının artırılması üçün müəllimlər onları sürətli oxumağa alışdırmağa çalışdırmalıdırlar. Buna nail olmaq istəyən uşaqlar müəyyən risklər etməyə və səhv buraxmağa da məcbur olurlar. Müəllim isə sürətli oxumağa nail olmaları üçün belə hallarda oxuma prosesinə tez — tez müdaxilədən çəkinməli, onları dayandırmamalı, əksinə, həvəsdən düşməmələrinə səy göstərməlidir. Bütün hallarda da prosesin əsasında uşaq kitabları, həm də səviyyəli və zövqlü hazırlanmış kitablar durur.

Uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsiylə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Kruzo” (1719) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olundu. Yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə “Min bir gecə”, “Ələddin”, “Əli-Baba və qırx quldur”, “Sindibadın yeddi səyahəti” nağılları da qeyd olunmalıdır. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersonun qələmə aldığı nağılları da uşaqlar günümüzdə də çox sevirlər. Müəlliflərin və kitabların adını çox sa-dalamaq olar. XIX əsri uşaq ədəbiyyatının “qızıl əsri” sayanlar da çoxdur. XIX — XX əsrlər Azərbaycanda da uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunur. Bəs günümüzdə, XXI əsrin Azərbayca-nında vəziyyət necədir?

Qan qaralır...

Məlumat üçün deyək ki, qonşu Rusiyada, onun paytaxtı Moskvada 168-ə yaxın dövlət uşaq kitabxanası fəaliyyət göstərir. Həmin kitabxanaların nəzdində də açılan pulsuz dərnəklərdə 5 yaşından 14 yaşına kimi uşaqlar məşğul olurlar. Statistikaya görə isə Azərbaycanda 4313 kitabxanadan 104-ü uşaq kitabxanasıdır. Onların da yarısı ya işləyə, ya da işləməyə. İşləyən uşaq kitabxanalarında vəziyyət necədir? Uşaq kitabxanaları məktəblilərin köməyinə çatırmı?

Bizi maraqlandıran bu və ya digər suallara cavab tapmaq üçün Bakıdakı uşaq kitabxanalarına üz tutduq. Əvvəlcə onu qeyd edək ki, latın qrafikasına keçəndən sonra bədii ədəbiyyatın, xüsusilə də uşaq ədəbiyyatının azlığı böyüməkdə olan nəslin mütaliə imkanlarını məhdudlaşdırıb. Düzdür, 2008-ci ilin dekabrında latın qrafikası ilə nəşr olunmuş 60 uşaq kitabının təqdimatı keçirilib. Ancaq bu, çox azdır.

OXU

F.Köçərli adına respublika uşaq kitabxanası respublikada fəaliyyət göstərən bütün uşaq kitabxanaları üzrə elmi metodik mərkəz sayılır. 1965-ci ildə yaranan bu kitabxananın hazırda Bakının müxtəlif rayonlarında fəaliyyət göstərən 5 filialı, 206 minlik kitab fondu, 7200 dövrü mətbuat fondu var. Ancaq dövlət uşaq kitabxanası latın qrafikalı kitablar sarıdan çox korluq çəkir. Kitabxananın təxminən 25 min oxucusu var. Bu rəqəm tez-tez dəyişir. Elə oxucu var ki, ildə bir-iki dəfə gəlir. Yay aylarında isə oxucuların sayı birə — beş artır. Kitabxanaya marağın artmasında müəllim və valideynlərin rolu əvəzsizdir. Uşaqları kitabxanaya ilk növbədə onlar maraqlandırmalıdırlar. Ancaq hazırda televiziyaya, videoya, kompüterə olan maraq da kitaba olan marağı azaldıb. İndi uşaqlar ancaq sinifdən xaric oxu üçün və ya evə əlavə tapşırıq veriləndə kitabxanaya gəlirlər. Yasamal rayonunda yerləşən Abdulla Şaiq adına uşaq kitabxanasında da vəziyyət ürəkaçan deyil. Şəhər mərkəzindən kənarda fəaliyyət göstərən uşaq kitabxanaları ilə maraqlandıq. Həmin kitabxanalar oxucu çatışmazlığından günortaya qədər işləyirlər.

Yazmaq problemimiz də var...

İndi də keçək uşaqlarımız üçün yazılan şeirlərə, hekayələrə. Əvvəlki uşaq nağılları, şeirləri təbiiliyi, dilinin aydınlığı, səlistliyi, dolğun məzmunuyla seçilib. Çünki həmin əsərlərdə məhşur xalq kəlamları, uşaqların həyatı, gözəl mənzərələr təsvir olunub. Digər tərəfdən isə o dövrdə yazan şairlər — Abbaslar, Sabirlər, Şaiqlər də ürəkləri dolu olduğu üçün yazıblar. Ancaq indi uşaq hekayələri yazan şairlər haqqında bunu demək olmaz. Uşaq şeirlərindəki çatışmazlığa gəlincə, süjet xətti yoxdur. Məsələn, A.Şaiqin “Yaz səhəri” şeirini oxuduqda təbiət adamın gözü qarşısında canlanır. Məsələnin digər tərəfi odur ki, gərək uşaqlar üçün yazanda, onu uşaq yerinə qoymaq lazım deyil. Onların içərisində enerji, düşündürücülük, canlılıq olmalıdır. Ancaq bu məsələlərə diqqət yetirməyən yazarlar da bu səbəbdən uşaqları maraqlandıran mövzulardan xəbərsiz qalır.

Lakin uşaq şairi İlyas Tapdıq fərqli düşünür. Onun qənaətincə, problem indiki şeirlərin, hekayələrin təbliğ olunmamasından qaynaqlanır. Əgər bağçalarda, məktəblərdə tərbiyəçilər tərəfindən müasir şeirlər təbliğ olunarsa, uşaqlar da bundan xeyir görər. O, deyir ki, məsələn, “Kukla” mahnısı yaxşı təbliğ olunduğundan uşaqların yadından çıxmır. Bəlkə gecə də oyatsan durub əzbər danışarlar. Və maraqlıdır ki, uşaq şairlərinə qayğısızlıq da problem hesab olunur. Şairin deməsinə görə, uşaq bilməlidir ki, kimin şeirini oxuyur. Yəni mütləq uşaqlarla təmas olmalıdır. Bizim xalqın psixologiyası elədir ki, dövlət onlara qayğı göstərəndə xalq da maraqlanır. Bunlar olmadığı üçün də uşaqlarımız müəllifləri tanımır. Ancaq o xüsusi vurğulayır ki, heç olmasa 10 — 12 gözəl uşaq şairimiz, yazıçımız var. Uşaq kitablarının qiyməti də yəqin ki, maraqlı olar. Məsələn, uşaqlar üçün məşhur “Uolt Disney” kitabı 12 manat, Şarl Peronun “Çəkməli pişik” əsəri 4 manatdır. Rus dilində “250 qızıl səhifə” seriyasından olan kitabların qiyməti bir az bahadır — 8 manat, “Karlson”, “Zoluşka” isə 5 manata satılır. Azərbay-can nağıllarından “Kitabi-Dədə Qorqud dastanı”ndan bir parça olan “Uruzun nağılı”, “Padşahla pinəçinin nağılı”, “Azərbaycan xalq nağılları”, Cəlil Məmmədquluzadənin “Buz”, “Tülkü və hacıleylək”, “Sehrli sünbül” nağılları əsasən kitabçalarda toplanıb və qiyməti də 1 — 3 manat arasında dəyişir. İri cildli nağıl toplularının qiyməti isə 4 — 6 manatadır.

Bir sözlə, biz oxuculara indiki uşaq ədəbiyyatının vəziyyəti barədə qısa da olsa məlumat verdik. Amma bu günün tarixiliyini xatırlamaq lazımdır, çünki uşaqlarımız nə qədər çox mütaliə etsələr onların dünyagörüşləri bir o qədər geniş olar.

Nuranə TOFİQLİ
Bakı təhsili.- 2010.- 2 aprel.- S. 3.
Top