Milad bayramı hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsa peyğəmbərin doğulması hadisəsinin e.ə. 7-ci və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.
Xristian ənənələrinin güclü olduğu ölkələrdə yerli və regional mədəniyyətlərin təsiri ilə müxtəlif Milad mövsümü bayramları formalaşmışdır. Xristianlar üçün Milad dini mərasimlərində iştirak, mövsümün başlanğıcını simvolizə etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Milad və Paska arasındakı dövr əsas və ən böyük dini mərasimlərin keçirildiyi dövrdür. Katolik ölkələrində Miladdan əvvəl dini ziyafətlərin və paradların təşkil edilməsi ənənəsi vardır. Lakin qeyri-xristian ölkələrində də Santa Klaus və digər Milad personajlarının iştirakı ilə bayram mərasimləri təşkil olunur. Bütün bayram günləri ərzində ailənin bir yerə toplanması və hədiyyə verməsi icra oluna bilər. Hədiyyə vermə bütün ölkələrdə ən məşhur Milad ənənələrindən biridir. Bundan başqa 6 dekabr Müqəddəs Nikolay günü və 6 yanvar Epifaniya günündə də hədiyyə vermə həyata keçirilir.
Ailə ilə birgə yeyilən ənənvi Milad yeməyi bayram ənənələrinin mühüm hissələrindən biri olmaqla ölkədən-ölkəyə dəyişən xüsusiyyətlərə malikdir. Bəzi ölkələrdə Milada xas olan xüsusi yeməklər vardır, məsələn, Siciliyada bayram masasına 12 növ balığn qoyulması ənənəsi vardır. Birləşmiş Krallıq və onun ənənələrindən təsirlənmiş ölkələrdə Milad nahar süfrəsində hind toyuğu və ya qaz, ət, ət suyu, kartof, tərəvəzlər, bəzən isə çörək və şərab olur. Milad naharı üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da ən əsasları Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.
Polşada və digər Şərqi Avropa ölkələrində, həmçinin Skandinaviya ölkələrində balıq əsas milad yeməyi olsa da, zəngin ailələr Milad süfrəsinə ət yeməkləri də qoyurlar. Almaniya, Fransa və Avstriyada isə qaz və qaban əti sevimli Milad yeməyi hesab olunur. Mal əti, donuz əti və toyuq əti də dünyada Milad süfrəsinin ən məşhur nemətlərindən hesab edilir. Malta ənənəsində Gecəyarısı ibadəti və Milad mövsümü ərzində şokolad və şabalıdla, yerli içki olan “İmbuljuta tal-Qastan” təqdim edilir. Slovaklar ənənəvi olaraq “potica”, fransızlar “bûche de Noël”, italyanlar isə “panettone” adlı Milad şirniyyatı hazırlayırlar. Miladda şəkər və şirniyyatların yeyilməsi bütün dünyada məşhurlaşmış, bu isə alman stollenin, marzipan pirojnasının və Yamayka rum meyvə piroqlarının yayılmasına gətirib çıxarmışdır. Portağal şimal ölkələrində nadir tapılan nadir bitkilərdən biridir ki, Milad süfrəsi ilə əlaqələndirilmiş və Milad yeməklərinə əlavə edilmişdir.

Mənbə: Vikipediya