Milli Dirçəliş Günü

Milli Dirçəliş Günü

17 noyabr dövlətimiz və xalqımız tərəfindən «Milli Dirçəliş Günü» kimi bayram edilir.
1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı.

Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş verən ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və Dağlıq Qarabağda azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. Təpədən-dırnağadək silahlanmış erməni quldurları əliyalın, dinc əhalini müdhiş bir amansızlıqla qətlə yetirirdilər. Qaniçən vəhşilər heç kimə: qocalara, körpələrə hətta hamilə qadınlara belə aman vermirdilər. Vəzifə kreslosunu qoruyub saxlamaq naminə Moskva qarşısında yaltaqlanan və acizlik göstərən o zamankı kommunist rəhbərliyi xalqın və vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi.

Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə «Meydan hərəkatı» adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi.

Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Komendant saatı tətbiq olundu. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Dağlıq Qarabağda erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış «Meydan hərəkatı» tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi.

Xalq hərəkatı
Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı. Lakin qüvvələr hələ qeyri-bərabər idi. İmperiya daxildən laxlasa da, hərbi iqtidardan düşməmişdi. Qüvvələri gələcək azadlıq mübarizəsi üçün qoruyub saxlamaq lazım gəlirdi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusu «Meydan hərəkatı»nı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insanlar həbs edilərək zindanlara salındı. Lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan — Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü — Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı. 

Mənbə: Bayramlar və tarixi günlər
Müəllif: Əkbər Qocayev
Top