BMT Günü

BMT Günü

Birinci Dünya müharibəsi (1914-1918) 15 milyon insanın həyatına son qoydu. Müharibənin bütün dəhşətlərini görmüş Avropa xalqları birgə bəyanat qəbul etdilər: «Müharibə olmasın!» Birinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal sülh konfransında (1914) sülhü müdafiə etmək naminə beynəlxalq birliyin yaradılması ideyası irəli sürüldü. Bu ideyanın müəllifi ABŞ prezidenti Vudro Vilson idi. Bu təklif konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və Millətlər Cəmiyyəti adlanan beynəlxalq təşkilat yaradıldı. Bu təşkilat elə yarandığı ilk gündən çətinliklərlə qarşılaşdı. ABŞ Senatı Vilsonun Millətlər Cəmiyyətinə daxil olmaq barədə təklifini rədd etdi. SSRİ yalnız 193-cü ildə bu təşkilata daxil oldu, lakin tezliklə — 1939-cu ildə Finlandiya ilə müharibədə təqsirləndirilərək oradan qovuldu.

Millətlər Cəmiyyəti 1927-ci ildə arbitraj və təhlükəsizlik üzrə xüsusi komissiya yaratdı. Həmin dövrdə Millətlər Cəmiyyətinin üzvü olan bütün ölkələr yeni müharibənin alovlanmasına yol verməmək üçün təntənəli şəkildə and içdilər. Ancaq andın mətni son dərəcə qeyri-müəyyən idi: dünyada heç bir ölkəbaşqa ölkəyə hücum edib müharibəyə başlaya bilməzdi. Tələb belə idi: bütün müharibələr müdafiə xarakteri daşımalı idi. Buna baxmayaraq 1939-cu ildə Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi.

İkinci Dünya müharibəsi (1939-1945) başa çatanda dünya xalqları bir daha qətiyyətlə dedilər: «Müharibə olmasın!» Bu dəfə müharibə 60 milyon insanın həyatına son qoymuşdu. Əbədi sülhü bərqərar edib möhkəmləndirən yeni beynəlxalq birliyin yaradılması zərurəti meydana çıxdı. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, eləcə də dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müstəqil dövlətlərin könüllü birləşməsi nəticəsində təşkil edilmiş beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və həmin ilin 24 oktyabrında qüvvəyə minmişdir. Odur ki, 24 oktyabr beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur.

Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət BMT-nin Təhlükəsizlik Şurasının üzərinə qoyulmuşdur. Burada qərar qəbul olunması zamanı TŞ-nın beş daimi üzv dövlətinin — ABŞ, Böyük Britaniya, Fransa, SSRİ (indi Rusiya) və Çinin səs birliyi prinsipləri mövcuddur. Bu o deməkdir ki, bu dövlətlərdən hər biri öz mandatına uyğun gəlməyən qərara veto qoymaq hüququna malikdir. Bu ölkələrin daimi üzv seçilməsi BMT yarandığı vaxtda dünyada mövcud olan siyasi vəziyyətlə bağlı idi. BMT-nin Təhlükəsizlik Şurasından əlavə, əsas orqanları bunlardır: Baş Məclis, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və BMT Baş katibinin başçılıq etdiyi Katiblik. BMT sistemində 15 ixtisaslaşdırılmış təsisat da vardır. BMT-nin iqamətgahı Nyu-Yorkda yerləşir. Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunmuşdur. 2000-ci ildə BMT üzvlərinin sayı 189-a çatmışdı. BMT yarandığı vaxtdan bəri onun yeddi baş katibi olmuşdur: Treqvi Li (Norveç), Daq Hammarskold (İsveç), U Tan (Birma), Kurt Valdhaym (Avstriya), Havyer Peres de Kuel (Peru), ButrosButros Qali (Misir), Kofi Annan (Qana). BMT-də rəsmi olaraq ingilis, ərəb, çin, fransız, rus və ispan dilləri işlənir.


BMT yarandığı dövrdə hazırda onun üzvü olan ölkələrin üçdə biri müstəmləkə idi. BMT-nin ən çox əhalisi olan üzvü Çin dövlətidir: 1 milyard 300 milyon nəfər. Ən az əhalisi olan üzvü isə Tudaludur: 10000 nəfər. Ərazisindən və əhalisinin sayından asılı olmayaraq hər bir ölkə BMT-nin Baş Məclisində bir səslə təmsil olunur. BMT-nin münaqişə zonalarında yerləşdirmək üçün müxtəlif ölkələrin hərbçilərindən təşkil olunmuş və «mavi dəbilqəlilər» adlanan sülhməramlı qoşun kontingenti də vardır. Ermənistan ordusunun torpaqlarımızı işğal etməsi məsələsi dörd dəfə BMT-də müzakirə olunmuş, bu işğalı pisləyən və işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməyi tələb edən 822, 853, 874 və 884 №-li qətnamələr qəbul edilmişdir. Təəssüf ki, BMT-nin bu qətnamələri indiyədək yerinə yetirilməmiş qalıb. Beynəlxalq birliyin sanksiyalarına məruz qalmayan təcavüzkar isə bu qətnamələri yerinə yetirməkdən imtina edir. 


Mənbə: «Bayramlar və tarixi günlər» kitabı
Müəllif: Əkbər Qocayev
Top