Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən AXC-nin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.
AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv olundu. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il tarixli «Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında» Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. Xalq ədliyyə komissarları Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyov, B. Talıblı, H. Hacıyev, A. Sultanova və başqaları həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar.
1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır. Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə və partiya liderlərinə xidmət edən bir orqan olmuşdur.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil vədemokratik inkişaf yoluna qədəm qoymuşdur.
Mənbə: «Bayramlar və tarixi günlər» kitabı
Müəllif: Əkbər Qocayev