İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığıən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığını qoruyan qədim peşə sahibləri isə həkimlərdir. Hələ lap qədim zamanlardan insanın sağlamlıq problemləri elmli adamları çox maraqlandırırdı. Buradan da həkimlik peşəsi meydana gəlmişdi.
Qədim Misir kahinləri həm də tibb elminə bələd idilər. Onlar fironların və əyanların meyitlərini mumiyalamaq üçün onların bədənini yarır və insan orqanizminin quruluşu ilə tanış olurdular. Arxeoloji qazıntılar zamanı tapılmış cərrahiyyə alətləri də bunu sübut edir. Qədim şumerlər, hindlilər, çinlilər və başqa xalqlara da tibbi biliklər məlum idi. Şərq müdriki, böyük türk alimi İbn Sinanın tibb kitabları uzun illər boyu Avropa alimlərinin stolüstü kitabı olmuşdur.
XX-XXI əsrin hüdudlarında insanın sağlamlığı daha çox diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsində sağlamlıq insanın ən əsas hüquqlarından hesab edilir. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi.
Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Yeni təşkil olunmuş nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərin qarşısını almaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu. Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər istedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi.
İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığı keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.