Hər il oktyabrın 5-i Müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən «Müəllimlərin statusu haqqında»adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə «Müəllimlər günü» qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
P.S: Bütün məsləkdaşlarımı təbrik edirəm.