“Həmin naməlum adamın təsviri gözümün önündən getmir. Qara, uzun paltarı, parıltılı maskası məni vahiməyə salır. O, elə hey dayanmadan məni “rekviyem”i bəstələməyə məcbur edir. Artıq ölümün nəfəsini duyuram. Həyatım sona çatmamış bu əsəri bitirməliyəm. Bu, mənim ölüm marşımdır. Həyat və musiqi gözəl idi. Artıq bütün gözəlliklərlə vidalaşmağın zamanıdır”.
Motsartın dostuna yazdığı bu məktubu oxuyanda, insanda elə bir təəssürat yaranır ki, sanki, o, öləcəyini əvvəlcədən bilirmiş. Bu məktub onun masonlar tərəfindən öldürüldüyünə dair fikirlər səsləndirməyə bizə əsas verir.
Motsartın həyatının başqa, mühüm fraqmentləri:
Yaradıcılığının zirvəsində olduğu 1780-ci illərdə Motsart öz konsertləri ilə xalqın rəğbətini, sevgisini qazanır. O, artıq əhali arasında öz şan-şöhrəti, istedadı ilə seçilən söz sahiblərindən birinə çevrilir. Bu illərdə Papanın kilsə əməliyyatlarından sonra masonluq ölkədə öz nüfuzunu itirmişdi. Əhali masonlara birmənalı yanaşmırdı, onlara olan inam da qırılmışdı. Sözsüz ki, Vyana masonları bu hala laqeyd qala bilməzdilər. Onlar xalqın masonluğa itmiş inamını yenidən qazanmaq üçün 1784-cü ildə bir neçə nüfuzlu şəxslə bərabər Motsartı da öz sıralarına cəlb etdilər. O, əvvəlcə “Zum Wohltatikeit”, daha sonra isə “Zur Eintraht” və “Gekronte Hoffnung” lojalarının üzvü oldu. Həmin dövrlərdə bütün Avropanı caynağına alan “aydınlanma fəlsəfəsi” Motsartın da əsərlərindən yan keçmədi. Ümumiyyətlə, bu düşüncə, bu ideologiya incəsənətin bütün sahələrinə sirayət etmişdi.
Bethovenin də dediyi kimi “Sehrli Fleyta” Motsart yaradıcılığının ən önəmli operasıdır. Simvolika ilə zəngin olan bu operada Motsart masonik elementlərdən ustalıqla istifadə etmişdir. Bunlardan ən mühümü Sarasto və onun məbədidir. Burada vacib olan 3 qayda – susmaq, sirr saxlamaq və düzgünlük prinsipləri, eynilə mason lojalarının qanunlarıdır. Ümumiyyətlə, 3 rəqəmi “Sehrli Fleyta”da xüsusi məna kəsb edir: müdriklik, zəka, təbiət. Bundan başqa operadakı 3 sınaq mərhələsi, 3 qadın, 3 müdrik uşaq, əsərin əvvəlində 3 dəfə təkrar edilən akkordlar və digər simvolik elementlər masonluğun izləridir. Həmçinin mason rituallarında xüsusi əhəmiyyət kəsb edən 18 rəqəmi də bu operada öz yerini tutur: 18 keşiş, 18 oturacaq, xorun ifa etdiyi mahının ilk hissəsinin 18 ölçülü olması. Bəzi mənbələr yazır ki, Motsart “Sehrli Fleyta”da masonik sirləri ifşa etdiyi üçün öz mason qardaşları tərəfindən öldürülüb. Mason qanunlarına görə masonluq prinsiplərini yerinə yetirə bilməyib xəyanət edən şəxs, ayrıca mason qəbirstanlığında basdırılır və məzarının üstünə adı, soyadı, yaşı və “nebe”(yoxluq) yazılır. Dəfnetmədə loja masonları iştirak edirlər. Eynilə Motsartın dəfnetmə mərasimi də belə olub. Onun dəfnində yaxın dostları ilə yanaşı, masonlar da iştirak ediblər. İşin maraqlı tərəfi də budur ki, onun məzarının taleyi bu “nebe” (yoxluq) məsələsi ilə də üst-üstə düşür. Dəfndən sonra Motsartın məzarı qeyb olub. Ancaq sonralar mason dostu Şikaneder öz gündəliyində Motsartın çox dəyərli biri olduğundan və onun ölüm gününün loja tarixinin ən ağır günü kimi yaddaşlarda qalmasından söz açırdı. Təkcə bu səbəb və Motsartın o dönəmin masonluğu üçün necə vacib bir şəxs olduğunu xatırlamaq, onun masonlar tərəfindən öldürülməsi iddiasını nisbətən zəiflədir.
Motsartın məxfi fəaliyyəti ilə bağlı dəqiq məlumat olmasa da, onun təkcə masonluqda deyil, “Gül-Xaç” cəmiyyətində də mühüm mövqe tutduğuna dair fikirlər səsləndirilir.
Motsartın ölüm səbəbi
Onun ölümü ilə bağlı zəhərlənmədən, zökəmdən, böyrək çatışmazlığından tutmuş sui-qəsdə qədər 150-ə yaxın iddia var. İddiaların ən geniş yayılmışlarından biri Salyerinin onu zəhərləməsi olsa da, sonralar üzə çıxan bəzi nüanslar bu fikri ortadan qaldırdı. Motsartın ölüm səbəbi isə həyat yoldaşına yazdığı bir məktubla aşkar olundu:
“Bilirsənmi, indi nə istəyirəm? Donuz qabırğası… İlahi, necə də möhtəşəm daddır! Sənin şərəfinə yeyəcəyəm, əzizim!”
Yoluxucu xəstəliklər üzrə mütəxəssis doktor Hirşman “trişinoz” adlı xəstəliyin o dövrlərdə geniş yayıldığı və Motsartda da son günlərdə bu xəstəliyin əlamətlərinin olduğu iddiasını ortaya atdı. Həqiqətən də, Motsart son günlərində bədənin şişməsi, əzələ ağrıları, halsızlıq, ürəkbulanma, hərarət kimi hallardan əziyyət çəkirdi. Onun kəllə sümüyündən götürülmüş analizlərdən və doktor Hirşmanın diaqnozundan belə nəticəyə gəlmək olar ki, Motsart “trişinoz” xəstəliyindən dünyasını dəyişmişdir.
Motsartın kəllə sümüyü
Motsartın həyatı kimi ölümü də müəmmalarla doludur. İki əsr keçməsinə baxmayaraq, onun məzarının yeri hələ də məlum deyil. Tarixi faktlarda yazılır ki, Motsartın məzarının yerini yalnız Rotmayer bilirdi. Bəstəkarın ölümündən 10 il sonra o, gecə ikən Motsartın kəlləsini məzardan çıxarır. Uzun müddət öz evində saxlayır. Ölümündən qabaq kəlləni musiqiçi dostuna bağışlayır. Beləcə, nəsildən-nəsilə ötürülən kəllə sümüyü, hal-hazırda Motsart adına muzeydə bir şüşə qəfəsin içində mühafizə olunur. Lakin son illər yoxlanan testin nəticələri kəllənin Motsarta aid olmadığını göstərir.
Aqşin Evren