Atom-molekul təliminin bir müddəasında deyilir ki, hər bir atom növü öz kütləsinə və xassələrinə görə başqalarından fərqlənir. Atomların müəyyən növü kimyəvi element adlandırılır. «Kimyəvi element» anlayışı XIX əsrin əvvəllərində ingilis alimi Con Dalton tərəfindən elmə daxil edilmişdir. Hazırda 110 kimyəvi element məlumdur. Onların işarələri, əsasən, latınca adlarının baş hərfi, yaxud baş hərfi və sonrakı hərflərin biri ilə göstərilir.
«Atom» və «kimyəvi element» anlayışlarını eyniləşdirmək olmaz. Onların fərqini atomların tərkibinə əsasən izah etməyə çalışaq.
Öyrənilmişdir ki, elementlərin dövri sistem cədvəlində göstərilən sıra nömrəsi onların atomundakı protonların sayına bərabərdir. Deməli, elementin cədvəldəki sıra nömrəsini tapmaqla biz onun həm protonunun sayını, həm də nüvəsinin yükünü (nüvənin yükünün protonların sayı ilə müəyyən edildiyini yadınıza salın) müəyyənləşdirə bilərik. Hər bir atom növündə protonların sayı həmişə sabit olub, dəyişmir. Müxtəlif elementlərin atomlarında protonların sayı müxtəlif olur. Eyni bir elementin bütün atomlarında eyni sayda proton vardır. Yəni atomun növünü protonun sayı, yaxud nüvənin yükü müəyyən edir.
Nüvəsinin yükü (yaxud protonlarının sayı) eyni olan atomlar növünə kimyəvi element deyilir.
Məlum olmuşdur ki, bir çox elementlərin eyni kimyəvi xassələri olan müxtəlif kütləli atomları mövcuddur. Onların kütlələrinin fərqli olması neytronların sayının müxtəlifliyi ilə əlaqədardır. Çünki atomun kütləsi proton və neytronların kütlələrinin cəmi ilə müəyyən olunur: A=N(p)+N(n).
Nüvəsinin yükü (protonların sayı) eyni, kütlələri (proton və neytronlarının cəmi) müxtəlif olan eyni kimyəvi elementin atomları izotop adlanır. «îzotop» sözü eyni yeri tutan mənasındadır. Dövri sistem cədvəlində onları yalnız bir işarə ilə (elementin kimyəvi işarəsi ilə) göstərir və bir xanada yerləşdirirlər.
Məsələn, təbiətdə yüngül hidrogenlə (protium) yanaşı, ağır hidrogen (deyterium) və çox cüzi miqdarda daha ağır hidrogen (tritium) atomları da vardır.
CON DALTON(1766-1844)
İngilis alimi. 1803-cü ildə bir sıra elementlərin nisbi atom kütlələrinin birinci cədvəlini tərtib etmiş, atom-molekul təliminin inkişafında böyük rol oynamışdır.
Məktəb kursunda öyrənilən elementlərdən yalnız hidrogenin izotopları fərqli adlandırılır.
İzotoplar bir-birindən nisbi atom kütləsi, neytronlarının sayı və təbiətdə yayılması ilə fərqlənir.
Deməli, atom və kimyəvi element anlayışları onunla fərqlənir ki, hər bir atom konkret hissəcikdir, onun müəyyən sayda protonu, elektronu və neytronu vardır, həm də o, konkret kütləyə malikdir. Kimyəvi element dedikdə isə biz eyni kimyəvi xassələri, eyni nüvə yükü olan müxtəlif kütləli atomlar toplusunu nəzərdə tuturuq.
Atom kütləsi elementin işarəsinin sol yuxarı küncündə, protonların sayı (sıra nömrəsi) isə sol aşağı küncündə göstərilir (cədvəl 1 və 2).
Cədvəllərdə hidrogen və oksigenin izotopları göstərilir.
Protonların (nüvəsinin yükü) fərqli, neytronların sayı eyni olan müxtəlif elementlərə izotonlar deyilir.
Kimyəvi elementlərin işarələri və adlandırılması. Təbiətdə mövcud olan və süni yolla alınan 15 milyondan çox maddənin tərkibini göstərmək üçün kimyəvi elementlərin işarələrindən istifadə olunur.
1814-cü ildə tanınmış îsveç kimyaçısı Y.Y.Bertselius kimyəvi elementləri onların latınca adının baş hərfi ilə göstərməyi təklif etdi. Məsələn, hidrogen (Hydrogenium)—H, oksigen (Oxygenium)—O, azot (Nitrogenium)—N, kükürd (Sulfur)—S ilə işarə edildi. Eyni hərflərlə başlayan bir neçə element olduqda onların adının baş hərfinə ikinci hərf və ya sonrakı hərflərdən biri (kiçik formatla) də əlavə olunur. Məsələn, azot (Nitrogenium), nikel (Nikelium) və natrium (Natrium) müvafiq olaraq N, Ni və Na işarələri ilə göstərilir.
Elementlərə kim ad verir və onlar nəyi ifadə edir?
Kimyəvi elementlərin adlarının mənşəyi çox müxtəlifdir. Bir sıra elementlərin adları qədim zamanlarda məlum olan bəsit maddələrə əlkimyaçıların verdiyi adlardır ki, bizə gəlib çatmışdır. Bunlar gümüş, qızıl, kükürd, mis, qurğuşun və s-dir. Yeni kəşf olunmuş elementlər üçün ad və kimyəvi işarələri onları kəşf edən alimlər seçir və tətbiqi kimyanın Beynəlxalq qurultayı (IUPAC) onları təsdiq edir. Bir sıra elementlərin latınca və yunanca adları onların xassəsini əks etdirir, məsələn, xlor — yaşıl, brom — pis iyli, yod — bənövşəyi, radium — şüalanan (radioaktiv), silisium — bərk və s.
Elementlərin bir hissəsinin adı da dahi kimyaçı və fizik alimlərin şərəfinə verilmişdir: amerikalı fizik Siborq kəşf etdiyi elementləri Mendeleyevin şərəfinə mendeleyevum — Md adlandırmışdır.
Aşağıda orta ümumtəhsil məktəblərində ən çox işlənən 25 elementin latınca və azərbaycanca adlarını, onların qısa oxunuşunu və kimyəvi işarələrini veririk.
Müəllif: Nasim Abışov,Günay Quliyeva,Vəli Əliyev,Vaqif Abbasov,Mütəllim Abbasov
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Kimya fənni üzrə Dərslik