Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb. Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla - heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır.
Bir başqa alim - italyan alimi P.S.Bekkone XVII əsrdə ingilis alimi V.Çarmetona istinad edərək, kəhrəba və qırın (bitumların) mənşəyinin eyni olduğunu və neftin yerdən gələn vulkanik güclərdən və kükürddən əmələ gəldiyini qeyd edirdi. XVII əsrin axırında fransız alimi Lemerenin elmi işlərinin mühakiməsinə əsasən, neftin kəhrəbanın təbii distilləsi nəticəsində yaranması fikri formalaşdı. Daş kömür bu distillənin qalığıdır. Lemere özü isə neftin yaranmasının bitumun distilləsi nəticəsində baş verdiyini düşünürdü. XVIII əsrin əvvəllərində alman alimi Henkel qeyd edirdi ki, neft heyvan və bitkilərin qalıqlarından yaranır. 1739-cu ildə alman əsilli rus akademiki İ.Veybrext neftlə bağlı fikirləri ümumiləşdirdi. O, neftin - dəniz suyunun qoyduğu islahedilmiş yanar duzlardan ibarət olduğunu diqqətə çatdırdı. «Bitkilərin yağlı hissələrinin xassələrinin neft yağına yaxın olması» tədqiqat zamanı əsaslandırıldı. Buna istinadən belə fikir meydana çıxdı: «Ola bilər bütün bitkilərin alovlu və yağlı hissələri bitkilərin yerin təkindən çəkdikləri neftdən yaranır». Mütəxəssislər bu fikrin daha çox qəbul olunduğunu diqqətə çatdırırlar. 1750-ci ildə alman alimi Şpilman yazırdı ki, neft bitkilərdən, əsasən küknar ağacından yaranır. Fransa Elmlər Akademiyasının üzvü, kimyaçı P.J.Maker 1758-ci ildə bitumların bitki yağlarının və turşuların qarşılıqlı təsiri nəticəsində yarandığını bildirdi. Dünyanın ən zəngin neft və qaz yataqlarına malik hissələrindən biri də Azərbaycandır. Ona görə də bu ölkəyə ta qədim zamanlardan bu sahənin tədqiqatçıları diqqət göstərib, müxtəlif ölkələrdən olan böyük alimlər yollarını Azərbaycandan salıblar. Bu gün respublikamızın özündə başqa sahələrdə olduğu kimi, neft sahəsində də bacarıqlı alimlər az deyil. Onların araşdırması üçün isə Azərbaycanın böyük neft tarixi var.
Hələ XX əsrin başlanğıcından alimləri bir sual da düşündürür: neft ehtiyatları tükənərsə, onu süni yolla yaratmaq mümkündür? 1908-ci ildə rus ixtiraçısı İ.İ.Orlov neftin karbogen oksid və hidrogendən alınmasının, yəni «sulu qaz»ın alınmasının mümkün olduğunu sübut etdi. İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də «qonur kömür»dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta «süni nefti» istehsal edən zavodlar tikdilər. Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi. Müəllif: Zöhrə Fərəcova
Fərqli düşüncələr, müxtəlif rəylər zaman-zaman elmi mübahisələrə səbəb olub. Amma alimlərin əksəriyyəti bu qənaətdədir ki, neftin və təbii qazın yaranması prosesi milyon illər boyu davam edib. Mütəxəssislər neftin yaranmasını müxtəlif mərhələlərə ayırırlar. Qədimlərdən 1760-cı ilədək olan dövrü əhatə edən birinci mərhələdə neftin yaranması ilə bağlı müxtəlif fikirlər meydana çıxıb. Birinci nəzəriyyə 950-ci ildə ərəb alimi İh-van-əs-Səfa tərəfindən irəli sürülüb. O yazırdı: «Su və hava atəş təsiri altında yetişir və alovlu kükürdü və su civəsini yaradır. Bu ikincidərəcəli elementlər müxtəlif torpaq miqdarı ilə qarışır və temperaturdan asılı olaraq yerin içində yerləşən mineralları, o cümlədən neft kimi bituminoz substansiyasını yaradırlar. Buna görə onların yüksək havası var və neft sıxılır, tez alışır».
Mütəxəssislər 1761-1859-cu illəri əhatə edən ikinci mərhələdə neftin üzvi yaranması nəzəriyyəsinin əsasını M.V.Lomonosovun qoyduğunu yazırlar. XVIII yüzilliyin ortalarında rus alimi neftin daş kömürdən üzvi yolla yarandığını bildirdi: «Yerin təkində yaranan daş kömürdən yeraltı hərarətin gücünə boz və qara rəngli yağlar üzə çıxır. …müxtəlif növ yanar mayelərin və bərk quru maddələrin yaranması baş verir (mahiyyətcə bu daş yağ, maye qatran, neftdir). Onlar (tərkibinin) təmizliyi ilə fərqlənir, lakin bir mənbədən törəyirlər». XIX əsrdə neftin mənşəyi haqqında əsasən M.V.Lomonosovun fikirləri qəbul olundu.
Üçüncü mərhələdə, yəni 1860-1931-ci illərdə bir sıra maraqlı fikirlər meydana çıxdı. Alman alimi Karl Enqler Abşeronda çıxan neftin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəldi. Onun 1888-ci ildə dərc etdirdiyi neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsi sonrakı analoji nəzəriyyələrin əsası oldu. Bu nəzəriyyə bir növ D.Mendeleyev və digərləri tərəfindən irəli sürülmüş neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd idi.
1867-ci ilədək neftin üzvi yaranmasının tərəfdarı olan D.Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi. Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü.
D.Mendeleyev Bakıda olarkən alman əsilli rus alimi G.Abixdən neft yataqlarının çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşdiyini öyrənir və bunda fikirlərinin sübutunu görür.
Mütəxəssislərin fikrincə, dördüncü mərhələdə - 1932-1950-ci illərdə əsasən akademik İ.M.Qubkinin «Neft elmi haqqında» adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi.
Beşinci mərhələni - 1951-ci ildən indiki dövrədək olan mərhələni isə alimlər cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması dövrü adlandırırlar. Bu mərhələnin 1950-ci ildən, məhz sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapıldığı ildən başladığını nəzərə çatdırırlar. Amerikalı tədqiqatçılar P.V.Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kaliforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdə karbohidrogenlər aşkar etdilər. Sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir. Bu tədqiqatların olduqca əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər səbəbini belə izah edirlər: Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu. İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur.
Yer kürəsindəki 800 palçıq vulkanının da çoxu Azərbaycanda yerləşir. Onlar mənşəcə neft və təbii qaz yataqları ilə əlaqədardır. Ona görə də neftin və təbii qazın tədqiqatı ilə məşğul olan alimlərin diqqət göstərdiyi sahələrdən biri də palçıq vulkanlarıdır. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi sahələrdə - Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və digər yerlərdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilib. Onların içində Lökbatan palçıq vulkanı fəallığı və yerləşdiyi yerin neft-qazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Mütəxəssislər burada vulkanın mütəmadi olaraq öz fəaliyyətini büruzə verdiyini nəzərə çatdırırlar.
Alimlər onu da qeyd edirlər ki, məhsuldar qatın neftli layları uzun müddət aşınmaya məruz qalmalarına baxmayaraq, öz neftlilik əlamətlərini bu günə kimi saxlayırlar. Məlumdur ki, təbiətin nadir geoloji muzeyi olan Qırməki dərəsində dərinliyi 30-50 metr olan əllə qazılmış iri diametrli, ağzı açıq iki neft quyusu ölkəmizin neft sənayesinin tarixini öyrənmək baxımından maraqlıdır. Min illərdir şölələnən Qırməki dərəsinin yaxınlığında yerləşən Qırməki palçıq vulkanı və Yanardağın alovları təbiətsevənlər üçün əvəzolunmaz geoloji muzey sayılır.
Azərbaycanda, Binəqədi ərazisində olan, dördüncü dövrə aid heyvanat qəbiristanlığı da böyük marağa səbəb olub.
1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi, geoloq A.Məstanzadə ibtidai heyvanlara aid sümüklər tapdı. Burada 50 minə yaxın heyvanat aləminə məxsus sümük aşkar edildi. Mütəxəssislərin fikrincə, Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, eləcə də burada neftin mövcud olması barədə məlumat verir.
Yüksək enerji tutumuna malik, asan nəql edilən neft XX əsrin ortalarından başlayaraq dünyada ən gərəkli enerji mənbəyi hesab olunur. Hazırda hasil olunan neftin həcminin 84%-i yanacaq istehsalına sərf edilir. Qalan 16% plastmas, kimyəvi həlledicilər, gübrələr, dərman vasitələri və digər məhsullar hazırlamaq üçün xammal rolunu oynayır.
Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına əsasən, neft illik hasilat zirvə həcminə 2030-cu ildə çatacaq. Bundan sonra sabitləşəcək, daha sonra isə tədricən azalmağa başlayacaq.
Ancaq mütəxəssislər əmindirlər ki, hətta gələcəkdə neft yanacaq kimi üstünlüyünü itirsə, onun qiyməti azalmayacaq. Çünki bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcək, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə neft daha çox, neft-kimya kompleksinə yönəldiləcək.
Bu gün də sini üsulla nefti «yanacaq şistləri»ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2-3 dəfə çoxdur.
Alimlər bu fikirdədirlər ki, əgər Yerin təkində indiyədək üzvi sintez baş veribsə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Əgər o, sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, neftin istehlakı bu səviyyədə saxlanılarsa, artıq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Ancaq texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn, təbii bitumlardan əldə etmək imkanı yaranacaq ki, onun ehtiyatları da 600 milyard ton dəyərləndirilir. Bu da indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur. Bir sözlə, bəşəriyyət artıq xeyli vaxtdır ki, neftsiz öz gələcəyinin necə olacağını düşünür və yollar axtarır…