Məşhur komplo-nəzəriyyələr

Məşhur komplo-nəzəriyyələr

Cəmiyyətlər həmişə şayiələrə meyl edib. Dünyanın hansı ölkəsində yaşamasından, sosial statusundan asılı olmayaraq şayiə, fantaziya, komplo teoriyaları müzakirə mövzuları olub. “Xəbərin var, deyirlər ki...” ilə başlayan neçə-neçə cümlələr qurmusunuz ömrünüzdə? Əminəm ki, ən azı yüzü olub. Burada məhəllə, qohum-əqrəba, dost-tanış səviyyəsində olan şayiələrdən danışmırıq. Dünyanı sarsıdan, iqtidarları çaş-baş qoyan, dövlətləri bir-birinə düşmən edən bir neçə şayiədən danışacağıq sizə. 

Sunami kimin işidir?

2004-cü ildə Hind okeanında meydana gələn nəhəng dalğalar bu gün də dartışma mövzusudur. Versiyalara görə, sunami İsraillə Amerikanın ortaq istehsalı olan bir nüvə silahının fəsadıdır. Belə ki, sözügedən iki ölkə silahı sınaqdan keçirərkən Hind okeanında bunun yan təsiri görünüb və bu, sunami olaraq tarixdə yer alıb. 

Misir və Orta Şərqdəki bir çox qəzetçilər bu işi araşdıraraq olayın müsəlmanlara ziyan vermək üçün düşünülmüş plan olduğunu iddia etdilər. Düzü, iddianı dünya gündəminə daşımağa da nail oldular. Allahın qəzəbi, dörd təbii fəlakətdən biri, yoxsa İsraillə Amerikanın müsəlmanlara zərbəsi? Sunaminin bunlardan hansı olduğu hələ də mübahisə mövzusudur…

Elvis Presli ölüb, ya yox?

1977-ci ildə dünyasını dəyişən əfsanəvi pop ulduzu Elvis Preslinin bir çox pərəstişkarı onun ölümünün uydurma xəbər olduğuna inanır. Onların fikrincə, ulduz deyilən tarixdə yox, 90-cı illərin ortasında dünyasını dəyişib.

Atatürk haqda yalan

Mustafa Kamal Atatürk masonlar tərəfindən öldürülüb. Buna səbəb isə Atatürkün masonların dövlət evini qapadıb onların fəaliyyətinə son verməsi göstərilir. Plan sadə imiş — masonlar öz  adamları olan həkimi Atatürkün şəxsi müalicəsinə cəlb ediblər və sonuncu ona yavaş-yavaş zəhər verərək ölməsinə səbəb olub.

Diananı Mİ6 öldürüb?

Komplo deyərkən ağla gələnlərin sırasında şahzadə Diananın ölümü də var. 1997-ci ilin avqustunda məşum bir avtomobil qəzasında həyatını itirən şahzadə barədə bu günə qədər formalaşmış şayiələrdən biri də sözügedən qəzanın İngiltərənin məxfi xidmət orqanı olan Mİ6 tərəfindən təşkil olunmasıdır. Versiyalara görə, şahzadənin ərəb mənşəli milyarder Dodi əl-Fayedlə münasibətləri kral ailəsini narazı saldığı üçün belə bir sonluq planı hazırlayıblar.

Səddam Hitlerin oğludur?

Bu, ilk baxışda uydurma təsiri bağışlayır. Amma bu uydurmaya faktların də əlavə olunduğunu nəzərə alanda ortaya ilginc mənzərə çıxır. Şayiələrə görə, Hitlerin sevgilisi 20 aprel 1937-ci ildə Səddamı dünyaya gətirib. J.P.Dalesin müəllifi olduğu “Reyxin oğlu” adlı kitabda qeyd edilib ki, Hitlerin gənc sevgililərindən biri 1936-cı ildə hamilə qalıb. Hitlerin bundan xəbəri belə olmayıb. Amma Almaniya məxfi orqanları bu uşağın Hitlerə problem yaradacağını düşünərək onu Livanın paytaxtı Beyruta apararaq orada gizlədiblər. Daha sonra isə Səddama saxta bir ailə tapılıb, o da atasından bixəbər böyüyüb.

Saxta Pol Makkartni

Yayılmış bir şəhər əfsanəsinə görə, Pol Makkartni də 1966-cı ildə bir avtomobil qəzasında həyatını itirib. Şayiələr belə yayılıb ki, “Bitlz” (“Beatles”) qrupunun uğursuzluq zolağına düşməməsi üçün ulduzun ölümü dünyadan gizlədildi və onun yerinə başqa bir adam Pol Makkartni kimi təqdim edildi. Saxta Pol isə qrupun illərlə yaşamasına səbəbkar oldu.

İsa Peyğəmbər evlənib...miş

Dan Braunun “Da Vinci kodu” əsərindən sonra ortaya çıxan bir qənaətə görə, İsa Peyğəmbər evli olubmuş. O, Mariya Maqdalena ilə evlənib və bir övladı dünyaya gəlib. Daha sonra Fransaya köç etdiyi düşünülən İsanın oradakı Sion monastırında yaşadığı deyilir.

11 sentyabr terroru kimin əməlidir?

2001-ci ilin 11 sentyabr tarixində Amerikada baş verən terror aktının elə həmin ölkənin məsuliyyəti olduğunu düşünənlərin sayı get-gedə artır. Komplo teoristlərinin fikrincə, Amerika hökuməti daha öncədən bu terror aktı barədə məlumatlı olub. Hətta bəzi şahidlər iddia edir ki, “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çarpmasından bir neçə saniyə öncə partlama səsləri eşidilib. Deməli, sözügedən hücumdan daha öncə hansısa həmlələr də olub və hökumət də kursda imiş.

Vilson sovet casusudur?

İngiltərənin baş naziri Harold Vilsonun Sovetlər İttifaqının casusu olması da komplo nəzəriyyəçilərinin vazkeçilməzləri sırasında yer alır. Versiyalara görə, məhz hakimiyyəti dönəmində ingilis ordusunun ona qarşı çevriliş etmək istəməsi, habelə funt-sterlinqin də devalvasiyaya uğraması onun casus olduğunu sübut edir.

Özalın ölüm səbəbi sui-qəsddir?

Türkiyənin 8-ci prezidenti Turqut Özalın 1993-cü ilin 17 aprel tarixində dünyasını dəyişməsi də aləmi qatan və şayiələrə yol açan olaylardan sayılır. Bu hadisədən sonra isə onun ölümü barədə dartışmalara da start verildi. Turqut Özalın həyat yoldaşı Səmra Özalın “Turqut böyük türk birliyini yaratmaq istəyirdi. Bunun qarşısını almaq üçün öldürdülər” deməsindən sonra onun ölümünün bir qətl, sui-qəsd olması barədə söz-söhbətlər də artdı. 

Daha sonra isə həyat yoldaşı Turqut Özalın zəhərlənərək öldürüldüyünü iddia etdi. Prokurorluq sözügedən faktı araşdırdıqdan sonra onun ürək çatışmazlığından dünyasını dəyişdiyini açıqladı. Faktlara görə isə, Özala daha öncə də — 1988-ci ilin 18 iyun tarixində iştirak etdiyi bir tədbirdə də sui-qəsd cəhdi edilmişdi. Türk xalqı məhz bu səbəbdən bir müddət Özalın öz əcəli ilə ölmədiyinə inandı.

Bermud üçbucağı — şeytan yuvası

Bermud “şeytan üçbucağı” Atlantik okeanında bir çox gəmi və təyyarənin itdiyi, bəzi anormal hadisələrin yaşandığı bölgənin adıdır. Heç kimsənin barəsində açıqlama vermədiyi bu əsrarəngiz fenomen içində elm adamlarının da olduğu insanlar tərəfindən illərlə “fövqəlbəşər olay” kimi qələmə verildi. Burada uzun müddət bir çox gəmi, təyyarə arxalarında heç bir iz qoymadan itdi. Hamı mövzu barədə illərlə danışdı, amma ortaya konkret fakt qoyan olmadı. Nəhayət, bu bölgədə itmə halları da sona çatdı.

Kennedini kim öldürdü?

Amerikanın keçmiş prezidentlərindən olan Con Fitscerald Kennedi 1963-cü ildə Dallas şəhərində sui-qəsd qurbanı oldu. Dövlət və bəzi siyasətçilər bu olayın MKİ rəhbəri Hover və bəzi mafiya qrupları tərəfindən həyata keçirildiyi barədə fərziyyələr uydurdular. Belə ki, həmin vaxt İsrailin nüvə silahı vasitəsilə İrana hücum edəcəyi, Kennedinin isə bu silaha görə İsrailə xəbərdarlıq məktubu göndərdiyi olayı təsdiqləyən ilkin versiyalar sırasındadır. İsrailin baş naziri Levi Eşkola göndərdiyi məktubda Kennedi yazıb ki, nüvə silahı ilə bağlı etibarlı məlumat əldə etməyib də hərəkətə keçəcəkləri təqdirdə Amerika-İsrail münasibətləri təhlükəyə girə bilər. Bu sahə üzrə çalışan israilli mütəxəssislər də iddia edir ki, belə bir məktub var və Kennedi İsrail hökumətinə təzyiq etdiyi üçün sui-qəsd qurbanı olub.

Obama Keniyada doğulub?

Hakimiyyətə gəldiyi gündən etibarən Barak Obamanın həyatı ilə bağlı şayiələr də dayanmadan artır. ABŞ prezidentinin atası keniyalı olduğundan ölkə əhalisi arasında onun Keniyada dünyaya gəlməsi barədə şayiələr dolaşır. Amerika konstitusiyasına görə, prezident olacaq adamın mütləq bu ölkədə doğulması şərtdir. Obama Havayda doğulması barədə sənədləri Ağ Sarayın internet səhifəsində yerləşdirsə də Keniya versiyası hər zaman aktualdır. Əhali bu şayiədən vaz keçmək istəmir.

Yadplanetlilər Nevada ştatında qonaq olub?

1947-ci ildə Amerikanın Nevada ştatında baş verən bir qəza dünyadakı ən məşhur komplo fərziyyələrinin yaranmasına səbəb olub. Baş verən qəzada bir yadplanetlinin dünyaya düşməsi və daha sonra digər “həmcins”lərinin də bura ayaq açması sözügedən komplonun ana xəttini təşkil edir. Olaydan dərhal sonra alimlər bu yöndə araşdırma apararaq yerə düşən və insanların diqqətini cəlb edən əşyanın yadplanetli yox, hava müşahidə şarı olduğunu sübut etdilər. Amma kosmos fanatikləri hələ də Nevadanı yadplanetlilərin paytaxtı hesab edir.

Mənbə:musavat.com

Top