Kapitalizmin bərqərar olması ilə cəmiyyətin ictimai-siyasi həyatında da köklü dəyişikliklər yarandı. Onun sosial-sinfi strukturunda, siyasi quruluşunda yeniliklər baş verdi. Cəmiyyətdə siyasiləşmə gücləndi. Siyasiləşməni ehtiva edən ideyalar, cərəyanlar, prinsip və konsepsiyalar, hərəkatlar, partiya və təşkilatlar formalaşmağa başladı. Böyük Fransa inqilabından sonra bu proses daha da gücləndi. Müxtəlif istiqamətli siyasi partiya və təşkilatlar meydana gəlməyə başladı. ABŞ-da, İngiltərə və İtaliyada ilk burjua partiyaları yarandı. 1828-ci ildə ABŞ-da Demokratlar partiyası, 1832-ci ildə İngiltərədə Liberallar və İtaliyada Respublikaçılar partiyaları yaradıldı. XIX əsrin ortaları və ikinci yarısında Belçikada Liberallar (1846), İsveçrədə Radikal-demokratlar (1848), Kolumbiyada mühafizəkarlar (1848) və Liberallar (1849), ABŞ-da Respublikaçılar (1854), Kanadada mütərəqqi mühafizəkarlar (1854) və Liberallar (1873), İngiltərədə mühafizəkarlar (1867) və Leyboristlər (1900), Fransada Radikallar və Respublikaçılar (1868), Danimarkada Liberallar (1878), Niderlandda Əksinqilabçılar (1828), Yaponiyada Liberallar (Dzuyuto) (1881) və İslahatçılar (Kaysinto) (1882), Hindistanda «Milli Konqres» (1885), Çində «Çini yenidən qurmaq ittifaqı» (1894) və b. burjua partiyaları formalaşdı. Ümumən, XIX əsrin sonu üçün dünyanın 11 ölkəsində 20yə qədər burjua partiyası fəaliyyət göstərirdi.
XIX əsr fəhlə və sosialist hərəkatının meydana gəlməsi və inkişafı ilə də səciyyələnir. Fəhlə və sosialist hərəkatının formalaşması XIX əsrin 30-70-ci illərinə təsadüf edir. Bu dövrdə fəhlə və sosialist hərəkatında prudonizm, anarxizm, utopik sosializm, blankizm, marksizm və b. ideya cərəyanları meydana gəlmişdi.
Fəhlə, sosialist və sosial-demokratiya partiya və təşkilatlarının yaranması da XIX əsrdə baş vermişdir. İlk fəhlə təşkilatı ABŞ-da 1828-ci ildə yaranmışdır. 30-cu illərin ortalarında Parisdə «Səfillər ittifaqı» (1834-1837) və «Ədalətlilər ittifaqı» (1838-1847) fəhlə təşkilatları fəaliyyət göstərmişdi. 1840-cı ildə İngiltərədə «Çartistlər təşkilatı yaranmışdı.
XIX əsrin 40-cı illərində fəhlə hərəkatında yeni bir cərəyan marksizm cərəyanı təşəkkül tapır. 1847-ci ildə «Ədalətlilər ittifaqının» zəminində K.Marks və F.Engels tərəfindən «Kommunistlər ittifaqı» (1847-1852) yaradılır. Bu ilk kommunist təşkilatı idi. Bu təşkilat sosialist, kommunist hərəkatının sonrakı inkişafına çox ciddi təsir göstərmişdi. Onun təsiri ilə 1852-ci ildə alman mühacirləri tərəfindən ABŞ-da ilk marksist fəhlə təşkilatı yaradılmışdı. Fəhlə təşkilatının beynəlmiləl xarakter alması ilə əlaqədar 1864-cü ildə K.Marks və F.Engelsin təşəbbüsü ilə Londonda proletariatın ilk kütləvi beynəlmiləl təşkilatı «Fəhlələrin Beynəlmiləl Birliyi» (Birinci İnternasional) yaradılmışdı. O, 1876cı ilə kimi fəaliyyət göstərmişdi. 1889-cu ildə fəhlə partiya və təşkilatlarının beynəlxalq birliyi olan İkinci İnternasional təsis olunmuşdu. O, Birinci dünya müharibəsi dövründə beynəlmiləl təşkilat kimi iflas etmişdi.
XIX əsrin 60-90-cı illərində milli fəhlə, sosialist və sosial demokratik təşkilatların formalaşması geniş miqyas alır. 1863-cü ildə F.Lassal (1815-1864) başda olmaqla «Ümumalmaniya fəhlə ittifaqı», 1869-cu ildə onun sol qanadı əsasında Avropada ilk milli sosial-demokratiya təşkilatı - Almaniya sosial-demokratiya partiyası yaradılır. Onun əsas liderləri A.Bebel (1840-1913) və V.Libknext (1826-1900) olmuşdu. 1875-ci ildə Almaniya sosial-demokratiya təşkilatları (eyzenaxçılar və lassalçılar) birləşərək vahid Almaniya sosialist fəhlə partiyasını təşkil etmişdilər. O, 1900-cü ildən Almaniya sosial-demokratiya partiyası adlanmışdı. 1867-cı ildə Çexiyada ilk fəhlə maarifçilik cəmiyyəti yaradılmışdı. 1874-cü ildə vahid Avstriya, Macarıstan və Çexiya sosial-demokratiya partiyasının yaradıldığı elan olunur. Lakin o, 1878-ci ildə öz fəaliyyətini dayandırır. 1878-ci ildə müstəqil Çexiya sosial-demokratiya partiyası təşkil olunur. 1880-ci ildə isə Macarıstan ümumfəhlə partiyası yaradılır. 1887-ci ildə Çexoslovakiyada sosial-demokratiya partiyası təşəkkül tapır. 1882-1885-ci illərdə Polşada «Proletariat» adlı fəhlə partiyası fəaliyyət göstərmişdi.
Amerikada ilk sosialist təşkilatı 1865-ci ildə meydana çıxmışdı. 1876-cı ildə Amerika fəhlə partiyası yaradılmışdı. Bir ildən sonra o, sosialist fəhlə partiyası adlandırılmışdı. 1889-cu ildə ABŞ-da «Əmək cəngavərləri ordeni» fəhlə təşkilatı yaradılır, sonradan o, Amerika Əmək federasiyası adlanır. ABŞ-da 1891-ci ildə «Populistlər» (Xalq partiyası), 1896-cı ildə isə sosial-demokratiya təşkilatları fəaliyyətə başlayır.
1879-cu ildə Fransada fəhlə partiyasının əsası qoyulur. Lakin 1882-ci ildə o, parçalanır. Ondan ayrılan radikal qanadın əsasında A.Milyeran başda olmaqla müstəqil sosialist partiyası təşkil olunur. 1881-ci ildə Londonda Hayndman başda olmaqla «Demokratik federasiya» təşkilatı yaradılır. 1884-cü ildən o, «Sosial-demokratiya» federasiyası adlandırılır. Elə həmin ildə həmin partiyadan ayrılan qrup zəminində Ü.Marris başda olmaqla «Sosialist liqası» adlanan təşkilat formalaşır. 1883-cü ildə Ingiltərədə K.Hardi başda olmaqla «Müstəqil fəhlə partiyası» yaradılır.
XIX əsrin II yarısında İsveçrədə (1870), Danimarkada (1871), Niderlandda (1882), İsveçdə (1889), Bolqarıstanda (1891), Rumıniyada (1892-1893), Polşada (1893) sosial-demokratiya, İspaniyada (1879), Belçikada (1879), İtaliyada (1892), Polşada
(1893), Argentinada (1887) sosialist, Norveçdə (1887), Polşada (1882, 1888) fəhlə, Bolqarıstanda «Xalq əkinçilər» (1900), Serbiyada «Sənətkarlar ittifaqı partiyaları yaradılmışdı.
Ümumən XIX əsrin sonu üçün dünyanın 21 ölkəsində 30-a qədər fəhlə, sosialist və sosial-demokratiya partiyaları təşəkkül tapmışdı. XX əsrin əvvəllərində onların sıralarında 30 minə yaxın adam birləşmişdi.
Bu dövrdə Rusiyada da müxtəlif ictimai hərəkatlar,partiya və təşkilatlar meydana gəlmişdi. Onlardan birinci olaraq inqilabçı zadəganlar hərəkatını (1825-1861) göstərmək olar. Onlar tərəfindən 1816-cı ildə «Nicat ittifaqı», 1818-ci ildə isə «Səadət ittifaqı» yaradılmışdı. Onlar buraxıldıqdan sonra dekabristlərin Şimal və Cənub cəmiyyətləri formalaşmışdı. Onlar çara qarşı uğursuz üsyan təşkil etmişdilər. Ziyalı hərbiçi zadəganlar Rusiyada ilk burjua inqilabı ideologiyasının müjdəçiləri olmuşdular. Onlar Rusiyada azadlıq mübarizəsinin sonrakı mərhələsi üçün inqilabi ideya zəmini yaratmışdılar. Bu zəmin əsasında azadlıq hərəkatının burjua-demokratik mərhələsi (1861-1895) başlamışdı. Bu mərhələyə raznoçin inqibalçılar mərhələsi də deyilir. Onun başlıca nümayəndələri A.İ.Gertsen, V.G.Belinski, N.G.Çernışevski, N.A.Dobrolyubov, N.V.Şelqunov, N.P.Oqoryov və b. idilər.
Bu ictimai hərəkatın qollarından birini xalqçılıq təşkil edirdi. O, təşkilatca XIX əsrin 60-90-cı illərində formalaşmışdı. Xalqçılığın inqilabı və liberal istiqamətləri var idi. İnqilabçı xalqçılar təhkimçi Rusiyasını inqilabı yolla dəyişdirməyi təklif edirdilər. Onların ideologiyasında radikal burjua-demokratik islahatlar, utopik kəndli sosializm ideyaları çulğalaşmışdı. Onlar kəndli icmalarını sosializmin rüşeymi hesab edirdilər. İnqilabçı xalqçılıq üç qrupa bölünürdü: qiyamçılar (Bakunin); təbliğatçılar (Lavrov) və sui-qəsdçilər (Tkaçov).
XIX əsrin 80-90-cı illərində xalqçılıq hərəkatında liberalizm üstünlük təşkil edirdi. Liberal xalqçılar çarizm ilə sazişə getmək, dinc yolla, islahatlar yolu ilə cəmiyyətə düzəlişlər vermək taktikası yürüdürdülər.
Rusiyada xalqçıların «Zemlya i volya» (1876), «Narodnaya volya» və «Çornıy peredel» (1879) kimi təşkilatları var idi.
XIX əsrin son rübündə Rusiyada marksizm ideyaları yayılmağa başlayır. Bu sahədə keçmiş xalqçı K.P.Plexanov və onun 1883-cü ildə xaricdə (Cenevrədə) yaratdığı «Əmək azadlığı» qrupunun müstəsna rolu olmuşdu.
Bu dövrdə Rusiyada fəhlə hərəkatı da başlayır. 1875-ci ildə Odessada və 1878-ci ildə Peterburqda ilk fəhlə təşkilatları yaradılır. 1898-ci ildə Peterburqda Rusiya Sosial-Demokrat Fəhlə Partiyası — (RSDFP) yaradılır. 1902-ci ildə «sosialist inqilabçılar» (eserlər), 1904-cü ildə «Azadlıq ittifaqı» partiyaları təşəkkül tapır. 1903-cü ildə RSDFP iki yerə — bolşeviklərə və menşeviklərə parçalanır. 1912-ci ildən onlar müstəqil partiya kimi fəaliyyət göstərməyə başlayırlar.
XIX əsrin sonu — XX əsrin əvvəllərində Rusiyada milli partiyalar da meydana çıxmağa başlayır. 1887-ci ildə erməni «Qnçaq» (Zəng), 1890-cı ildə «Daşnakstyun» (Mübarizə ittifaqı), 1896-cı ildə Litva Sosial-demokratiya, 1897-ci ildə yəhudi Bund (ittifaq), 1901-ci ildə Latış sosial-demokratiya, 1904-cü ildə müsəlman Sosial-demokratiya (Hümmət), 1905-ci ilin əvvəllərində Gürcüstanda «Sosialist federalistlər», Belorusiyada «Sosialist partiyası» və b. təşkilatlar formalaşır.
1905-ci il 17 oktyabr «Manifesti» Rusiyanın siyasi həyatında da dönüş yaradır. «Manifest»dən sonra Rusiyada partiyaların sayı 50-yə çatır. Onlardan «Rus xalqının ittifaqı»nı, «Kadetlər»i (Konstitusion demokratlar), «Oktyabristlər»i (17 oktyabr ittifaqı), «Dinc yeniləşmə», «Demokratik islahatçılar», «Enesləri» (Xalq sosialistləri), «Trudoviklər»i və b. göstərmək olar.
Qeyd edək ki, Qərbdən fərqli olaraq Rusiyada burjua partiyaları fəhlə, sosialist və sosial-demokratiya partiyalarından sonra meydana gəlmişdilər.
Artıq XX əsrin əvvəlləri üçün dünyada təqribən 150-yə kimi siyasi partiya və təşkilat fəaliyyət göstərirdi. Onlar müxtəlif ideya-siyasi istiqamətli ictimai hərəkatlarda qruplaşmışdılar.
Liberalizm Liberalizm monarxiyaya qarşı mübarizə dövründə sənaye burjuaziyasının mənafeyini güdən ictimai-siyasi cərəyan idi. Onun məqsədi azad sahibkarlığa əsaslanan liberal-demokratizm-kapitalizm cəmiyyəti qurmaq idi. Artıq XIX əsrin son rübü üçün ABŞ-da və Qərbin bir sıra ölkələrində azad sahibkarlıq, kapitalizm cəmiyyəti tam təşəkkül tapmışdı.
XIX əsrin sonu — XX əsrin əvvəllərində azad sahibkarlıq kapitalizmi özünün qeyri həyatiliyini, tələblərə cavab vermədiyini biruzə verdi. Belə bir şəraitdə korporasiyaların özbaşınalığının məhdudlaşdırılması və zəhmətkeşlərin, əhalinin yoxsul təbəqələrinin" vəziyyətinin yüngülləşdirilməsi məqsədi güdən islahat proqramları ilə çıxış edən alimlər və siyasi xadimlər nəsli peyda oldu. Bu cəhətdən ingilis siyasi mütəfəkkirləri C.Qobson, T.Qrin, L.Hobhauz, Almaniyada protestant keşiş F.Nauman, iqtisadçı V.Repke, V.Oyken, İtaliyada B.Kroçe, ABŞ-da L.Uord, C.Krouli, Ç.Bird, C.Dyui böyük rol oynamışdılar. Onlar liberalizmin «yeni liberalizm» və ya «sosial liberalizm» adlandırılan bir sıra mühüm yeni prinsiplərini hazırlamışdılar.
Onlar ilk növbədə azad bazar və azad rəqabət ideyalarını araşdırmışdılar. Onlar liberalizmə xas olan fərdiyyətçilik, cəmiyyətin həyatında dövlətin müsbət rolunu qəbul etmək, liberal dəyərləri həyata keçirmək, insan haqlarını və azadlıqlarını qorumaq, dövlətin iqtisadiyyatda tənzimedici rolunu gücləndirmək ideyalarını irəli sürmüşdülər. «Mühafizəçi» dövlət konsepsiyasının əksinə olaraq «rifah dövləti» ideyasını təklif etmişdilər. Bu konsepsiyada əsas yeri əhalinin imkansız təbəqələrinə, işsizlərə, xəstələrə, əlillərə sosial yardım, dövlətin sahibkarlarla fəhlələr arasında meydana çıxan mübahisəli məsələlərin həll edilməsinə müdaxilə etmək, təhsil, səhiyyə sisteminə, mənzil tikintisinə kömək etmək proqramı mərkəzi yer tuturdu.
Bu ideyalar XX əsrin ilk onilliklərində qabaqcıl kapitalist ölkələrində həyata keçirilən islahatların əsasım təşkil etmişdi. Onlar ABŞ-da mütərəqqiçilik, İtaliyada colittizm (o zamankı baş nazir C.Colittinin soyadı ilə), Böyük Britaniyada Lloyd-Corcizm (baş nazir D.Lloyd Corcun soyadı ilə) kimi islahatçılıq hərəkatının proqramlarında öz əməli təzahürünü tapmışdı.
İslahatçılığın bütün milli variantları üçün məşhur ingilis iqtisadçısı D.M.Keynsin işləyib hazırladığı ideya və prinsiplərin çox mühüm əhəmiyyəti olmuşdu. Bu ideya və prinsiplər ümunülikdə «Keynsçilik» adını almışdı. Onun mahiyyəti liberalizm üçün ənənəvi olan fərdiyyətçiliyə, azad rəqabət və azad bazar prinsiplərinə dövlətin iqtisadı və sosial sahələri tənzim etmək prinsiplərinin əlavə olunmasının zəruriliyi haqqında tezisin əsaslandınlmasından ibarət idi. Bu tezisə görə dövlət öz vətəndaşlarının zəruri maddi rifah səviyyəsini təmin etməlidir. Dövlətin fəaliyyətində başlıca yeri maddi nemətləri zəhmətkeşlərin və əhalinin kasıb təbəqələri xeyrinə yenidən bölüşdürmək proqramları tutmalıdır. Keyns fəhlələrin əmək haqlarının və əhalinin işləməyən təbəqələrinin, təqaüdçülərin, uşaqlı anaların, əlillərin, işsizlərin və b. gəlirlərinin artırılmasını təklif edirdi. O, iqtisadiyyatın, xüsusən iri korporasiyaların, trestlərin və b. inhisarların fəaliyyətinin dövlət tərəfindən tənzim edilməsinə xüsusi əhəmiyyət verirdi. 30-cu illərdə, habelə müharibədən sonrakı dövrdə kapitalizmin təsərrüfat və sosial inkişaf təcrübəsi Keyns və onun tərəfdarlarının haqlı olduqlarını təsdiq etmişdir.
XX əsrin 30-cu illərində (1929-1933-cü illərdə) böyük iqtisadi böhran yeni ictimai-siyasi fikrin, yaxud sosial liberalizmin ən mühüm islahatçı istiqamət kimi oturuşmasında dönüş həddi olmuşdur. Kapitalizmin tarixində ən dərin və uzun çəkən bu böhranın dəhşətli nəticələrinin aradan qaldırılması gedişində məlum oldu ki, iqtisadi və sosial sahələrdə dövlətin geniş və daimi müdaxiləsi mütləq zəruridir. Bu cəhətdən 1933-cü ildə hakimiyyətə gəlmiş ABŞ prezidenti F.Ruzveltin işləyib hazırladığı və həyata keçirdiyi «Yeni xətt» siyasəti adlandırılan kompleks proqramının müstəsna əhəmiyyəti olmuşdur. ABŞ-da başlayan bu proses bu və ya digər formada və ölçüdə demək olar ki. bütün sənayecə inkişaf etmiş ölkələri də bürümüşdü.
Sosial Sosial demakratiya bir siyasi cərəyan kimi XIX demokratiya əsrin 60-70-ci illərində meydana çıxmışdır. O, fəhlə hərəkatının məqsəd və ideallarının daşıyıcısı olmaqla yanaşı əhalinin digər muzdlu işçilərinin — ziyalıların, fermerlərin, kiçik və orta qulluqçuların da maraq və diləklərini əks etdirmişdi.
Sosial demokratiya kapitalizmə alternativ olan ictimai siyasi hərəkat kimi meydana çıxmışdı. O, əvvəllər marksizmin kapitalizmi ləğv edərək proletariat diktaturası yaratmaq, istehsal vasitələrini ictimailəşdirmək, ümumi bərabərliyi bərqərar edən cəmiyyət qurmaq təliminə tərəfdar çıxmışdı. XIX əsrin sonu — XX əsrin əvvəllərində sosial-demokratiya partiyalarının əksəriyyəti sosializmi kapitalizmə alternativ cəmiyyət hesab edirdi.Onlar artıq qabaqcıl burjua partiyaları ilə rəqabətə girmək qabiliyyəti olan real siyasi qüvvəyə çevrilmişdilər. 1990-cı ildə sıralarında 20 milyondan çox üzvü olan 70-ə qədər sosial-demokratiya partiyası fəaliyyət göstərirdi. Onlardan 27-si hakimiyyətdə təmsil olunmuşdular. Demək olar ki, bütün sosialist və sosial demokratiya partiyalarını özündə birləşdirən, 1951-ci ildə təsis olunan Sosialist İnternasionalı bu sahədə az rol oynamamışdı.
XIX əsrin 90-cı illərindən etibarən ümumən sosial-demakratiya hərəkatı marksizmdən tədricən uzaqlaşmağa başlamışdı. Real vəziyyət cəmiyyətin inqilabi yolla dəyişdirilməsi təliminin tələblərinə cavab vermirdi. Sosial-demokratiyanın sol qolu (Rusiyada bolşeviklər, İtaliya, Serbiyada sosialistlər, Almaniyada Spartakçılar və b.) istisna olmaqla əksər sosial-demokratiya partiyaları mövcud quruluşa qaynayıb-qarışmaq, onun bir hissəsi olmaq, onun bir çox cəhətini, dəyərlərini, qayda və prinsiplərini qəbul etməyin zəruri olduğunu dərk etməyə başlamışdılar. Onlar demokratik sosializm ideyalarına üstünlük verirdilər.
Bu ideyaların işlənilib hazırlanması və yayılmasında R.Hilferdingin, F.Lassalın, K.Kautskinin, O.Bauerin, M.Adlerin, K.Rennerin və b. böyük xidmətləri olmuşdu, Demokratik sosializmin əsas ideyalarının işlənib hazırlanmasında Almaniya sosial-demokratik partiyasının rəhbəri və ideoloqlarından biri olan E.Bernşteynin müstəsna rolu olmuşdu. O, marksistlərin köhnə cəmiyyəti köklərinə qədər məhv etmək, proletariat diktaturası, barışmaz sinfi mübarizə, məqsədə çatmaqda sosial inqilabın əsas olması təlimlərindən imtina etmiş, «sosial demokratiyanın parlament fəaliyyəti, xalq nümayəndəliyi və xalq qanunvericiliyi əsaslarına» keçməsinin zəruriliyini əsaslandırmışdı.
Bununla yanaşı, Bernşteyn hesab etmişdi ki, alman fəhlə sinfi Almaniyanın milli mənafeyini müdafiə etməlidir. O, Almaniya sosial-demokratiya partiyasının müharibəyə münasibət taktikasını hazırlamışdı. 1914-cü il avqustun 4-də alman sosial-demokratlarının Reyxstaqda hərbi kreditlər barədə qanunun qəbul olunmasına səs vermələri onların ümumi milli vəzifələri dərk etmələrinə dəlalət edirdi. Fransa, Böyük Britaniya, Belçika sosialistləri də belə hərəkət etmişdilər.
XX əsrdə bir sıra sosial-demokratiya partiyaları, o cümlədən Böyük Britaniyanın Leyborist partiyası, Avstraliyanın, Fransanın, Almaniyanın, Skandinaviya ölkələrinin sosialist, sosial-demokratiya və xalq partiyaları demokratik sosializmin ideyalarının gerçəkləşməsinə, dünyanın müasir ictimai-siyasi mənzərəsinin formalaşdırılmasına öz əhəmiyyətli töhfələrini vermişdilər.
Birinci dünya müharibəsi bir çox sosialist və sosial-demokrat partiyalarının mövqelərinin təshih edilməsinə öz təsirini göstərmişdi. 1915 — 1916-ci illərdə bir sıra sosialist və sosial-demokratiya partiyalarının nümayəndələri, o cümlədən Belçikada E.Vandervelde, Böyük Britaniyada A.Henderson, Fransada J.Ged və M.Samba, Almaniyada Şeydeman, Rusiyada Kerenski öz müharibə edən hökumətlərinin tərkibinə daxil olmuşdular. Böyük Britaniya leyboristlərindən bir nəfəri İloyd-Corcun hərbi kabinetinin tərkibinə daxil edilmiş, iki nəfəri isə əmək və pensiya naziri vəzifələrini tutmuşdular. Alman sosial-demokratları və ingilis leyboristləri milli dövlət çərçivəsində, fəhlə sinfi ilə burjuaziyanın qarşılıqlı çəkişməsi və əməkdaşlığı prosesində öz məqsədlərinə nail olan tam birtərəf siyasi qüvvəyə çevrildiklərini nümayiş etdirmişdilər. Cəmiyyətin inqilabi yolla dəyişdirilməsinin fəlakətliliyini nümayiş etdirən Rusiyada 1917-ci il silahlı bolşevik inqilabından dərs alan digər sənayecə inkişaf etmiş ölkələrin sosial-demokratiya partiyaları da yuxarıda sözügedən yolla hərəkət etmişdilər. Beləliklə, XX əsrin ilk onillikləri fəhlə və sosial-demokratiya hərəkatında böyük parçalanma baş verməsi ilə səciyyələnmişdi. O, islahatçı sosial-demokratiyaya və inqilabi kommunist hərəkatına parçalanmışdı. Onlar döyüş cəbhəsinin müxtəlif tərəflərində yerləşmişdilər.
Mühafizəkarlıq Mühafizəkarlıq ictimai inkişafın obyektiv meyllərinin daim təhlükə vəziyyətində saxladığı imtiyazlı siniflərin, sosial təbəqə və qrupların mənafeyini əks etdirən ideya-siyasi cərəyandır. Əvvəllər bunlar dvoryanlardan, mülkədarlardan, adi məmurlardan, iri sahibkarlardan və maliyyəçilərdən ibarət olmuşdular. Zəmanəmizdə mühafizəkarlar çox vaxt gələcək qarşısında vahimələnən orta və xırda sahibkarların, kəndlilərin, xırda alverçilərin, sənətkarların müdafiəçisi rolunu oynayırlar. Mühafizəkarlıqda mühüm yeri əhalinin çox təbəqələrinin psixologiyası üçün xas olan ənənəvi dəyərlərə, qayda və qanunlara meyllilik tutur.
Ümumən mühafizəkarlıq mövcud qayda-qanunları qoruyub saxlamaq tərəfdarıdır. Lakin XX əsrdə onun əsas təlim və prinsipləri köklü dəyişikliklərə düçar olmuşdur. Mühafizəkarlığa görə ictimai-siyasi proseslər ikili təbiətə malikdir. O, bir tərəfdən təkamül, inkişaf və köhnəni inkar etmək, keçmişlə əlaqəni kəsmək və yenini yaratmaq xarakteri daşıyır, digər tərəfdən, o, keçmişdən bütün yaşamağa qabil olanları, ümumbəşəriliyi və dəyişməyənləri indi və gələcək üçün qoruyub saxlayır. Bu da, varisliyi saxlamaq şərtilə bütün sahələrdə daim yeniləşən və inkişaf edən ictimai-siyasi proseslərə uyğun gəlir. Məlumdur ki. tarix ancaq yeniliklə varisliyin qarşılıqlı əlaqəsi və sıx surətdə çulğalaşması prosesi əsasında irəliləyir
Hər bir millətin, tarixin müəyyən dövründə əldə edilmişlərin müdafiə olunmasını və gələcək nəsillərə ötürülməsini təmin edən adamlara ehtiyacı vardır. Çünki keçmiş barədə yaddaşı olmayan xalqın gələcəyi də yoxdur. Burada şərq zərb məsəllərindən birini yada salmaq yerinə düşərdi: «Kim keçmişinə tapançadan atəş açırsa, gələcəyini topla güllələyəcəkdir».
Deməli, tarixdə ictimai-siyasi proseslər belə qarşılıqlı əlaqədə inkişaf edir və etməlidir. Dünya daim inkişafda olduğundan və dəyişikliklərə məruz qaldığından mühafizəkarlıq bu dəyişiklikləri qəbul etməyə bilməz. Məhz, azad-bazar münasibətlərinin, konstitusiyaçılığın, nümayəndəlik və hakimiyyət orqanlarının seçilməsi sisteminin, parlamentarizmin, siyasi və ideoloji plüralizmin bərqərar olması sayəsində mühafizəkarlar öz ideoloji görüşlərini əsaslı sürətdə dəyişdirmişlər. Onlar da dünyada gedən dəyişiklikləri qəbul etməyə məcbur olmuşlar. Onlar dövlət tərəfindən iqtisadiyyatın tənzim edilməsi, sosial islahatlar, rifah dövləti, keynsiançılıq və b. kimi ideyaları qəbul etmişlər.